Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-768/2024 09.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024cü il tarixdə saat 00:10 radələrində Astara rayonu Təngərüd kəndində Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Astara rayonu Təngərüd kəndində qayınatası Sirac Nurullayevin evinə aparan dostları Osmanzadə Elvin, Osmanov Tural və Mirzəcanov Mühəndis ilə birgə yol kənarında olan həmkəndlilərini görmüş, avtomobili saxlatdırıb onlarla görüşmüşdür. İçkili olduqları üçün avtomobildə uca səslə danışanda oradakı uşaqlar buna iradlarını bildirmişlər. Onlardan biri polis əməkdaşı imiş və aralarında yaranan mübahisə səbəbilə hadisə yerinə PPX-ni çağırmışlar. Onu şöbəyə aparmaq istəyəndə həm içkili olduğu, həm də bu qərardan narazı olduğu üçün onlarara tabesizlik göstərmişdir. Daha sonra fiziki qüvvə vasitəsilə onu avtopatrol avtomobilinə mindirib Astara RPŞ-nə göndərmişlər. Etdiyi əməldən çox peşmandır, bir daha heç vaxt bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədə şahid X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:10-da Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Nicat Ağayev ilə birlikdə Astara rayon Pensər kənd ərazisində avtopatrul xidmətində olduqları zaman Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şəhriyar Rüstəmov onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq "VAZ-2107" markalı **-BD-*** d.q.n-lı avtomobili idarə edən şəxs və digərlərinin ucadan səs-küy salaraq ictimai asayişi pozduqları barədə məlumat vermişdir. Qeyd olunan ünvana getdikləri zaman adı sonradan onlara məlum olan Astara rayon Təngərüd kənd sakini X1 və adları ona məlum olmayan digər şəxslərin mübahisə etdiklərini, ucadan səs-küy salaraq ictimai asayişi pozduqlarını görmüşlər. İctimai asayişi pozduqlarını üçün dəfələrlə X3 və digər şəxsləri nizam intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamış və müqavimət göstərmişlər. xx.xx.2024-cü il tarixli 161 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci madəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alır və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30-cu, 48-51-ci, 114-cü və 128-130cu və 535.1-ci, maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdə saat 00:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-768/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-768/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver