Məhkəmə qərarları › İş №3(018)-780/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-780/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-780/2023 06.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 2004-cü ildə Astara rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, tələbə, subay, işləməyən, Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 06 sentyabr 2023-cü il tarixində Astara RPŞ-nin polis sahə rəisi İbrahim Abdullayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 06 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 06 sentyabr 2023-cü il tarixində, saat 11:30 radələrində Astara rayon Polis şöbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş xırda xuliqanlıq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X2 onun bacısı X4 oğludur. 06 sentyabr 2023-cü il tarixində, saat 11:30 radələrində o, özünə məxsus olan avtomobil ilə Astara şəhəri ərazisində dayanarkən Astara rayon Polis şöbəsinin X10 Bölməsinin əməkdaşları ona yaxınlaşıb, yol hərəkət qaydalarını kobud surətdə pozmasını bildirib, onu Astara rayon Polis şöbəsinə dəvət etmişlər. O, avtomobil ilə Astara rayon Polis şöbəsinə gəlmiş, orada özünəməxsus olan mobil telefon ilə “102” xidmətinə zəng etmək istədikdə polis işçiləri mobil telefonu onun əlindən almışdırlar. O, heç bir inzibati qaydanı pozmamış və polis işçilərinə heç bir müqavimət göstərməmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən polis əməkdaşı X1 vermiş olduğu izahatında göstərdi ki, 06 sentyabr 2023-cü il tarixində, saat 11:30 radələrində Şəxs özünə məxsus olan avtomobil ilə Astara şəhəri ərazisində hərəkətdə olarkən avtomobili yüksək sürətlə idarə etməklə ötmə qaydalarını da pozmuşdur. Ona görə də Astara rayon Polis şöbəsinin X10 Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və o, Astara rayon Polis şöbəsinin X10 Bölməsinin əməkdaşları ilə mübahisə etmişdir. O, onlara yaxınlaşıb, Şəxs Astara rayon Polis şöbəsinə dəvət etmiş, polis şöbəsinin inzibati binasının qarşısında o, avtomobili duracağa yerləşdirməkdən imtina edərək, “102” xidmətinə zəng etmişdir. Məhkəmə iclası zamanı dindirilən Astara rayon polis şöbəsinin əməkdaşı şahid X3 da əsasən şahid X1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama halı yoxdur. Belə ki, məhkəmə iclasında aydın oldu ki, Şəxs yol hərəkəti qaydalarını pozmuş, ancaq ictimai qaydanı pozmamışdır. Belə olan halda ictimai qaydanın pozulması da mümkün deyildir. Beləliklə, məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, 06 sentyabr 2023-cü il tarixində, saat 11:30 radələrində Şəxs ilə Astara rayon Polis şöbəsinin X10 Bölməsinin əməkdaşları arasında mübahisə baş vermiş olsa da ictimai qayda pozulmamışdır. Polis işçilərinin ona qarşı ictimai qayda pozulmasına görə qanuni tələbləri də olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) yoxdur (inzibati xətanın zahiri əlamətləri). Barəsində inzibati xəta haqqında icraat aparılan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar