Məhkəmə qərarları › İş №3(018)-80/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-80/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-80/2024 20.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Astara rayonu Pəlikeş kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Astara rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Astara rayon prokurorluğundan daxil olmuş 02 fevral 2024-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan məlum olur ki, Şəxs 01 ədəd “ИжК” markalı, 16 kalibrli tək lülə, K06571 nömrəli odlu ov silahını müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan saxlamışdır. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs ov tüfənginin saxlanması qaydasını pozması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (İnzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aktdan məlum olur ki, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şəxs 01 ədəd “Tolka” markalı, 16 kalibrli tək lülə, 582И nömrəli odlu ov silahı götürülərək Astara rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətaları törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində qeyd edilir ki, mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun qaçırmasına görə silah və döyüş sursatı müsadirə edilməklə yüz manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığ çəkməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş, 01 ədəd “ИжК” markalı, 16 kalibrli tək lülə, K06571 nömrəli odlu ov silahı müsadirə edilməklə 80 (səksən) manat cərimə inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 ədəd “ИжК” markalı, 16 kalibrli tək lülə, K06571 nömrəli odlu ov silahı müsadirə edilməklə, 80 (səksən) manat cərimə edilsin. Astara RPŞ-də saxlanılan 01 ədəd “ИжК” markalı, 16 kalibrli tək lülə, K06571 nömrəli odlu ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat baş idarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Astara RPŞ-yə və Astara rayon İcra Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar