Məhkəmə qərarları › İş №3(018)-807/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-807/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-807/2024 18.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Astara rayonun, Ərçivan qəsəbəsində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 18 sentyabr 2024-cü il tarixində Astara rayon polis şöbəsinin polis sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İş materialından görünür ki, Şəxs 29 iyun 2024-cü il tarixində, saat 16 radələrində yaşadıqları Astara rayonu, Ərçivan qəsəbəsində olan fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibəti zəminində mübahisə yaranmış və həmin vaxt Şəxs anası Zərərçəkmiş şəxs söymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun anaıdır. Mütəmadi olaraq spirtli içki qəbul etdiyindən anası Zərərçəkmiş şəxs ilə aralarında tez-tez ailə münasibətləri zəmnində mübahisələr baş verir. 29 iyun 2024-cü il tarixində, saat 17 radələrində sprirtli içki qəbul etdikdən sonra stara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş, onu bu halda görən anası ona iradlarını bildirmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Həmin vaxt sərxoş olduğundan anasına qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən peşimandır, əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Ərçivan qəsəbəsində oğlu Şəxs ilə birlikdə yaşayır. Şəxs onun oğludur. Şəxs spirtli içki aludəliyi olduğundan bu barədə aralarında mübahisələr olur. 29 iyun 2024cü il tarixində yenə oğlu Şəxs sərxoş vəziyyətdə yaşadıqları evə gəlmiş, aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı onu döyməsə də ona qarşı nalayiq ifadələr işlətmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan hadisədə inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edlsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və sair bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardandır. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, 29 iyun 2024-cü il tarixində, saat 16 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində Şəxs ilə anası Zərərçəkmiş şəxs arasında mübahisə olmuş və həmin mübahisə zamanı orada kənar şəxslər olmamışdır. Həmçinin mübahisə onların yaşadıqları fərdi yaşayış evində baş vermiş, kənar şəxslərin hər-hansı bir hüquqları pozulmamışdır. Göründüyü kimi, Şəxs ilə Zərərçəkmiş şəxs arasında olmuş mübahisə zamanı ictimai qayda pozulmadığı üçün Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində ictimai qaydanın pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) yoxdur (inzibati xətanın zahiri əlamətləri). Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar