Məhkəmə qərarları › İş №3(018)-808/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-808/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-808/2024 18.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, şahid X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 2000-ci ildə Goranboy rayonu Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Goranboy rayonu, Safıkürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 18 sentyabr 2024-cü il tarixində Astara rayon polis şöbəsinin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş protokoldan görünür ki, Şəxs 17 sentyabr 2024-cü il tarixində, saat 22:53 radələrində Astara RPŞ-nin inzibati binasının qarşısında səs-küy salıb, nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 17 sentyabr 2024-cü il tarixində, saat 22 radələrində Astara RPŞ-nin inzibati binasından çıxmış və bundan sonra yolu qarşı tərəfə keçmək isətmişdir. Bu zaman qarşıda polis əməkdaşları olmuş, lakin onlara qarşı heç bir kobudluq etməmişdir. Səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş və nəticədə ictimai qaydanı pozmamışdır. Polis əməkdaşları ilə aralarında yanlış anlaşılmazlıq olmuşdur. Odur ki, məhkəmədən barəsində inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid X2 vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:53 radələrində Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Cavid Əlizadə və CAB-nin əməliyyat mükkili, polis baş leytenantı Həsən Ağayev ilə birlikdə Astara rayon polis şöbəsinin qarşısında olduqları zaman adı sonradan onlara məlum olan Goranboy rayon Səfikürd kənd sakini Şəxs Afiəddin oğlunun şöbənin inzibati binasının qarşısında küçədə uca səslə ünvanlı-ünvansız küçə söyüşləri söyməsini görmüşlər, həmin zaman vətəndaşa yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, etdiyi hərəkətlərin inzibati xəta olmasını izah edərək sakitləşdirib nizam-intizama dəvət etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:53də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun 17 sentyabr 2024-cü il tarixində, saat 22:53 radələrində Astara RPŞ-nin inzibati binasının önündə səs-küy salıb, nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, 17 sentyabr 2024-cü il tarixində, saat 22 radələrində Əliyev X3 RPŞ-nin inzibati binasının qarşısından keçərkən polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olduğuna görə onu inzibati qaydada saxlamışlar. Lakin Şəxs səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş və nəticədə ictimai qaydanı pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri məhz inzibati xəta hadisəsidir (inzibati xəta törədilmişdirmi). Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda izibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutulduğundan məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar