Məhkəmə qərarları › İş №3(018)-809/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-809/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-809/2024 30.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1961-ci ildə Astara şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Astara Rayon Polis Şöbəsindən daxil olmuş 15 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 15 sentyabr 2024-cü il tarixdə Astara şəhər sakini Şəxs qanunsuz olaraq əldə edib saxladığı “Tolka” markalı, 16 çaplı, 26683 nömrəli ov silahı aşkarlanaraq götürülmüşdür. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, "Tolka" markalı, qoşa lüləli, 16 kalibrli, 26683 nömrəli ov tüfəngi ona vəfat etmiş babasından yadigar kimi qalmışdır. Həmin silahın heç bir sənədi yoxdur.15 sentyabr 2024-cü il tarixdə həmin silahı polis əməkdaşlarına təhvil vermişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Astara rayon polis şöbəsinin, İTB-nin polis sahə rəisi polis baş leytenantı Cavid Əlizadə, İTB-nin XÜ baş inspektor, polis baş leytenantı Anar Camalov tərəfindən ünvan 3 ünvanda yaşayan xx.xx.1961-ci il təvəllüdlü Şəxs qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd "Tolka" markalı, qoşa lüləli, 16 kalibrli, 26683 nömrəli ov tüfəngi aşkar olunaraq götürülmüş, saxlanılması üçün Astara rayon polis şöbəsini növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Astara RPŞ-nə məlumat verilməsinə baxmayaraq, Astara RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən işə Astara RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və işdə olan sənədlərini tam, hərtərəfli, obyektiv tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sürsatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları aşkar etmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs 1 (bir) ədəd "Tolka" markalı, qoşa lüləli, 16 kalibrli, 26683 nömrəli ov tüfəngi müvafiq sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, cərimə olunması barədə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 114-115, 117 və 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1 (bir) ədəd "Tolka" markalı, qoşa lüləli, 16 kalibrli, 26683 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar