Məhkəmə qərarları › İş №3(018)-81/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-81/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-81/2025 03.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 15 yanvar 2025-ci il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin idarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:15-də Astara RPŞ-nin əməkdaşları Astara rayonu, Şahağacı kəndi ərazisində xidmətdə olduqları zaman Astara rayonu, Şahağacı kənd sakini Şəxs 4 ədəd müxtəlif növ çöl quşunu ovladığını, həmçinin ov edərkən istifadə etdiyi “Tulka” markalı qoşa lülə ov silahının müvafiq şəhadətnaməsinin olmadığı aşkarlanmışdır. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Astara rayonu Şahağacı kəndində yaşayır. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı var. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:15-də Astara rayonu, Şahağacı kəndində ov edərkən Astara RPŞ-nin əməkdaşları qanunsuz ov ilə məşqul olduğuna gğrə barəsində protokol tərtib etmişlər. Əməlindən peşman olduğunu maddi vəziyyətinin yaxşı olmadığını himayəsində üç azyaşlı uşaq olduğunu qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Əməlindən peşman olmasını nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 22 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Astara rayonu, Şahağacı kənd ərazisində qanunsuz ov etdiyinə, ov qaydalarını kobud şəkildə pozduğuna görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan fotodan görünür ki, Şəxs tərəfindən 4 ədəd çöl quşları ovlanmışdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən həmin məcəllənin 272.3-cü maddəsi üzrə işlərin aidiyyatı rayon və şəhər məhkəmələrinə aiddir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları və onun səmimi ifadələri əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov hüququnun müəyyən müddətə məhdudlaşdırma növündə tənbeh tədbiri tətbiq edildiyi halda cəzanın məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar