Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-813/2024 18.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, şahid X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Astara rayonu, Siyakü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Astara rayonu, Siyakü kənd sakini Şəxs Astara RPŞ-nin inzibati binasının daxilində səs-küy salaraq, qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə material baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 19 radələrində Astara rayonu, Vaqo kəndində baş vermiş oğurluq hadisəsində şübhəli olduğundan Astara RPŞ-nə dəvət edilmişdir. Astara RPŞ-nin inzibati binasının daxilində olarkən qeyd edilən hadisəyə görə polis şöbəsinə çağırılmasına etiraz edərək, uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ona etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah edən polis əməkdaşları onu polisin qanuni tələbinə tabe olmağa dəvət etmişlər, lakin əsəbi olduğundan onların qanuni tələbinə tabesizlik göstərmişdir. Etdiyi əməldən peşimandır, bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclası zamanı şahid X5 vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Nəhmət Məmmədov ilə birlikdə Astara rayon, Vaqo kənd sakini X1 evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Astara rayon, Siyakü kənd sakini Şəxs Astara RPŞ-nə dəvət etmişlər. Həmin şəxs polis şöbəsində olan zaman ucadan səs-küy salaraq onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət edib müvafiq izahlar versələr də sonuncu onların qanuni tələblərinə tabe olmayaraq səs-küy salmağa davam etmiş, ünvansız nalayiq ifadələr işlədərək hərəkətlərinə davam etmişdir. İş materialında olan 17 sentyabr 2024-cü il tarixli 172 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs inzibati qaydada tutulmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-813/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-813/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver