Məhkəmə qərarları › İş №3(018)-822/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-822/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-822/2025 19.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X6, Qərarından şikayət verilən X4 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilərək 4000 manat cərimə olunmağı barədə X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1818421 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilir ki, tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi şəxs işə cəlb edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi məqsədi ilə tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə şikayət verilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli MN1818421 nömrəli qərarının ləğv olunması üçün əsaslar müəyyən olunmadığı bildirilmişdir. Qərardan verdiyi şikayətə cavab ona poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli MN1818421 nömrə qərarı aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. Belə ki, o bir fərdi sahibkar kimi Lənkəran-Astara zonasında çəltik bitkisinin əkilməsi, biçilməsi, qurudulması, qabıqdan təmizlənərək satışa hazırlanması ilə məşğul olur. "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda ölkədə çəltikçiliyin inkişafına, çəltiyin xarici ölkələrdən idxalı asılılığını aradan qaldırılmasına dövlətimiz tərəfindən böyük önəm verilir. İstehsal etdiyi çəltiyin qurudulması üçün avadanlıqların alınması, quraşdırılması məqsədi ilə İran İslam Respublikasının "X7 Co" şirkəti ilə arasında, 3 dəst "Salico Super 120" model dənli bitkilərin quruducu və təmizləyici avadanlıqlarının satın alınması, ünvanına çatdıraraq quraşdırıb onlara təhvil verməsi barədə xx.xx.2025-ci tarixli, KH-101 nömrəli muqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı avadanlığı quraşdırın işçilərin viza, aviabiletlərin alınmasını, alıcı isə quraşdırma, işə salma ve təlim xərclərini hər nəfər üçün gündə 80 ABŞ dolları satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfin əməkdaşı olan İran vətəndaşı DR. Alizadeh Mohammedreza avadanlığı quraşdırma üzrə həmin satıcı firmanın texniki nəzarətçisi qismində təyin olummuşdur. Müqavilənin icrası ilə bağlı Alizadeh Mohammedreza xx.xx.2025-ci il tarixda Astara rayonunun Balaca Şahağacı kəndinə, satıcı tərəfindən təchiz olunmuş qurutma avadanlığının quraşdırılmasına texniki nəzarəti həyata keçirmək üçün gəlmişdir. xx.xx.2025 ci il tarixdə isə Alizadeh Mohammedreza heç bir əsas olmadan X4 İdarəsinə aparılmışdır. Bildirir ki, barəsində qəbul olunan qərarla bir sahibkar kimi dövlətimiz tərəfindən ona verilən hüquq və imtiyazlarını pozmuşdur. Belə ki, yuxarıda göstərilən müqavilə üzrə satıcı ilə aralarında bağlanılmış şərtlərə əsasən satıcı qurutma avadanlıqlarını İranda hazırlayaraq, onlara çatdırıldıqdan sonra yerində quraşdırılmalı idi. Buna görə də satıcı tərəfindən onların əməkdaşları Astaraya ezamiyyəyə göndərilmişdir. Bununla bağlı satıcı tərəfindən xx.xx.2025-ci il tarixli telegram göndərilmiş və ezam olunan adamların siyahısı təqdim olunmuşdur. (Həmin teleqram təqdim edir). O isə həmin İran vətəndaşları ilə heç bir əmək münasibətlərinə girməmiş, onlara əmək haqqı ödəməmişdir. Onlar ancaq bağlanmış müqavilə şərtlərinin icrası ilə bağlı onların ərazində olmuşlar. Ona görə də bu müqavilənin icrası ilə bağlı İran vətəndaşları üçün iş icazəsının alınmasına ehtiyac yoxdur. İnzibati xətalar məcəlləsinin 575.1-ci maddəsinin tələbi onunla "X7 Co" şirkəti arasında bağlanmış müqavilə üzrə İrandan ezam olunmuş adamların quruma avadanlığının texniki quraşdırılması məqsədi ilə gəlmələri faktına şamil oluna bilməz və barəsində qanunun bu tələbinin tətbiqi əsassızdır. Hazırkı müqavilənin icrası ilə bağlı isə satıcı tərəfindən xx.xx.2025-ci il tarixli telegramında ezam olunan şəxslərin siyahısı təqdim olunmuşdur. Teleqramda sadalanan şəxslərin Azərbaycan Respublikasının pul vahidi olmadığından, (onlarda İran pul vahidi olub) satıcının tapşırığına əsasən qurutma avadanlığının quraşdırıldığı müddət ərzində hər günü üçün adambaşına ödənilcək 80 ABŞ dolları məbləğindən çıxılması sərtilə İran vətəndaşlarının müvəqqəti dolanması, ərzaq almaları üçün onlar təfindən 400 manat pul verilmişdir. Həmin pulun quraşdırma xərclərindən çıxılması aralarında razlaşdırılmışdır. Satıcının teleqramının özündə də göstərilmişdi ki, göstərilən şəxslər bağlanmış müqavilə üzrə qurutma avadanlıqların texniki quraşdırılması, işə salınması, təlim və təqdimatının aparılması işlərini görməli idilər. Eyni zamanda onu da bildirir ki, təchiz edilmiş həmin qurutma avadanlıqları İran İslam Respublikasında istehsal olunub və müqavilə şərtlərinə əsasən firmanın əməkdaşları tərəfindən yerində quraşdırılaraq işə salındıqdan sonra tehvil verilməli idi. Həmin avadanlıq çəltiyin biçminin başlamasına qədər quraşdırılmalı idi ki, biçilmiş çəltiyin həmin avadanlıqlarda qurudulması mümkün olsun. Digər tərəfdən də son zamanlar havaların sərt keçməsi, yağışların durmadan yağması nəticəsində çəltiyin biçinində problemlər yaranmış və biçilmiş çəltiyin nəmliyi normadan artıq olmuşdur. Eyni zamanda Miqrasiya İdarəsi tərəfindən şağırıldıqdan sonra İran vəndaşlarının öz ölkələrinə çıxıb getməsi nəticəsində qurutma avadanlığının quraşdırılmadan qalması yığılmış çəltiyin nəm halda qalaraq xarab olmasına səbəb olur ki, bu da onun üçün küllü miqdarda ziyanla nəticələnəcəkdir. Araşdırma aparan inzibati orqan isə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış əsassız qərar qəbul etmişdir. İnzibati orqanın gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlmir. Odur ki, qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmiş bu qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X10 şikayətin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilərək 4000 manat cərimə olunmağı barədə X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən X4 İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, X6 vermiş olduğu şikayət əsassız və qanunsuzdur. Belə ki, Alizadeh Mohammedreza iş icazəsi olmadan işlədiyi üçün tərəflərindən cərimə edilmiş, izahatı alınmış, özü də, fərdi sahibkara məxsus iş yerində işlədiyini etiraf etmişdir. Həmçinin 2024-cü il tarixdə sözügedən şəxs iş icazəsi almaq üçün müraciət etmiş, lakin ona icazə verilməmişdir. Ona görə də, X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi və qərarından şikayət verilən şəxsin nümayəndəsini dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 26 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 4000 manat məbləğində cərimə edilmişdir. Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 05 iyun 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, İran İslam Respublikasının vətəndaşı Alizadeh Mohammadrezaya müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 20 may 2024-cü il tarixli 155571/m nömrəli müraciətin təmin edilməməsi qərara alınmışdır. “X8 Co” ilə fərdi sahibkar X10 arasında bağlanmış 14 may 2025-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, müqavilənin predmeti 3 dəst “Salico Super 120” model dənli bitkilərin quruducu və təmizləyici avadanlıqlarının satışıdır. Müqavilədə göstərilən bütün malların və xidmətlərin hazırlanması və təchizatı satıcının məsuliyyətindədir. Müqavilədə qeyd olunmayan hər hansı mal və ya xidmət isə alıcının məsuliyyətindədir və əlavə hesab-fakturalar vasitəsilə həyata keçirilə bilər. Müqavilənin 5.7ci bəndində isə Cənab Dr. X11-nın (passport N1********) müqaviləyə əsasən layihənin rəsmi texniki nəzarətçisi qismində təyin edildiyi və bu vəzifəyə rəsmi olaraq təqdim edildiyi qeyd edilmişdir. X12 Şirkəti tərəfindən cənab Tələt Məmmədova ünvanlanmış həmkarların ezamiyyətə göndərilməsinə dair xx.xx.2025-ci il tarixli məktubun təsdiqlənmiş tərcüməsindən görünür ki, aralarında bağlanan xx.xx.2025-ci il tarixli KH-101 nömrəli müqavilə əsasında 3 dəst “Salico Super 120” model dənli bitkilərin quruducu və təmizləyici avadanlıqların, qurutma aparatının satışı və quraşdırılması ilə bağlı X11, Yahyapour Daryoush, X3, X13 mütəxəssis qismində Azərbaycan Respublikasına ezam olunmuşdur. Gömrük bəyənnaməsindən görünür ki, X12 Şirkəti ilə bağlanmış xx.xx.2025-ci il tarixli KH-101 nömrəli müqavilə əsasında “Salico Super 120” model toxumun qurudulması üçün avadanlıq gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 6-cı maddəsinin d bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; 1.1.2-1. yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır: 1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; 1.1.3-ci maddəsinə əsasən yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslərdir. 1.1.4-cü maddəsinə əsasən yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsidir. 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X10 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə işəgötürən kimi vəzifəli şəxs olaraq inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Lakin, iş materillarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 işçi olduğu iddia edilən X11 ilə arasında əmək münasibəti olmamışdır. Belə ki, “X8 Co” ilə fərdi sahibkar X10 arasında 14 may 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə X10 3 dəst “Salico Super 120” model dənli bitkilərin quruducu və təmizləyici avadanlıqları almış, müqavilədə göstərilən bütün malların və xidmətlərin hazırlanması və təchizatını satıcı öz üzərinə götürmüş, X11 isə (passport N1********) müqaviləyə əsasən layihənin rəsmi texniki nəzarətçisi qismində təyin edilmiş və Azərbaycan Respublikasına ezam edilmişdir. İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, alınmış avadanlıqlar bəyan edilərkən də, məhz sözügedən müqavilə gömrük orqanına təqdim edilmiş, ezam vərəqəsinin tarixindən isə görünür ki, həmin vərəqə avqust ayında göndərilmiş, X10 barəsində protokol isə 26 sentyabr 2025-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, X10 ilə X12 Şirkəti arasında alqı satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsi üzrə tərəflər öz üzərlərinə öhdəliklər götürmüşdür ki, həmin öhdəliklərin yerinə yetirilməsindən yaranan münasibət əmək münasibəti olmamış, mülki hüquq münasibəti olmuşdur ki, mülki hüquq münasibətinə Əmək Məcəlləsinin şamil edilməsinə yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki işdə əlavə həlledici hüquqi əsas yoxlamanın reyestrdə qeydiyyata alınmamasıdır. Məhkəmə qeyd edir ki, hətta əmək münasibəti faktı sübuta yetirilmiş olsaydı belə, yoxlamanın prosessual legitimliyi təmin olunmadan inzibati məsuliyyət tətbiq edilə bilməzdi. Belə ki, iş materiallarını araşdırdıqda məlum olur ki, X10 barəsində aparılan monitorinq və yoxlama prosesi normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə tam əməl edilmədən həyata keçirilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin yoxlanılması yalnız Vahid Yoxlamalar Reyestrində qeydiyyata alınmaqla hüquqi nəticə doğurur, əks halda belə yoxlamalar hüquqi nəticə doğurmur və bu əsas üzərində tərtib olunmuş istənilən hüquqi akt, o cümlədən inzibati protokol etibarsız sayılır. Reyestr qeydi sahibkarın hüquqi maraqlarının müdafiəsi, şəffaflıq, sui-istifadə hallarının qarşısının alınması və ölçülülük prinsipinin təmininə xidmət edən mühüm hüquqi mexanizmdir. Qeydiyyatsız aparılmış yoxlama hüquqi qüvvəsi olmayan sübut bazası formalaşdırmış və nəticə etibarilə inzibati xəta protokolu da prosessual baxımdan legitim əsasdan məhrum olmuşdur. Avropa Məhkəməsinin presedent hüququnda dəfələrlə qeyd olunmuşdur ki, dövlət orqanı tərəfindən tətbiq edilən cəza yalnız qanunla müəyyən edilən qaydada toplanmış sübutlar əsasında və şəffaf prosedurla həyata keçirilməlidir. Qeydiyyatsız aparılmış yoxlama nəticəsində tərtib edilmiş sənəd sübut kimi qəbul edilə bilməz, çünki belə sübutların hüquqi etibarlılığı mövcud deyil və təqsirsizlik prezumpsiyası pozulmuş olur. Konvensiyanın 7-ci maddəsinin “qanunsuz cəzalandırma olmaz” müddəası isə tələb edir ki, məsuliyyətin tətbiqi hüquqi əsas və qanunun formal tələblərinə uyğun sübutlarla təsdiqlənmiş olmalıdır. Bu elementlər olmadığı halda dövlət müdaxiləsi ölçüsüz və əsassız hesab edilir. Həmçinin hüquqi müəyyənlik və legitim gözlənti prinsipləri nəzərə alınmalıdır. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti yalnız normativ hüquqi çərçivədə həyata keçirilə bilər, sahibkar istənilən vaxt hansı nəzarət formasına məruz qala biləcəyini əvvəlcədən bilməlidir. Reyestr qeydiyyatının aparılmaması sahibkarın hüquqlarını pozaraq nəzarətin qanuniliyi və proqnozlaşdırıla bilməsi prinsiplərini sıradan çıxarır. Hüquqi müəyyənlik pozulduqda inzibati məsuliyyət tətbiq etmək qanunilik prinsipinə ziddir. Qanunvericiliyə əsasən yoxlayıcı orqanın apardığı hər bir yoxlamanı reyestrə daxil etmək öhdəliyi dəqiq təsbit olunmuşdur. İş üzrə materiallar göstərir ki, yoxlamanın reyestrdə qeydiyyatını təsdiq edən sənəd təqdim edilməmiş, səlahiyyətli orqan bu prosedurun təmin olunmadığını özü də təsdiqləmişdir. Bu halda isə yoxlamanın aparılması hüquqi qüvvədən məhrum olur, həmin yoxlama əsasında tərtib edilmiş protokol sübut kimi istifadə oluna bilməz, nəticədə inzibati məsuliyyətin tətbiqi qanunsuz sayılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, X6 əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Azərbaycan Respublikası X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X10 tərəfindən verilmiş şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulllmuş inzibati xəta törətməsinə dair X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar