Məhkəmə qərarları › İş №3(018)-827/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-827/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-827/2024 27.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Astara rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1960-ci ildə Lənkəran rayonu, Siyavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olmaqla, Astara rayonu, Qamışoba kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əmənov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-231/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 272.1.-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş cəriməni həmin cərimə növündə qərar qanuni qüvvəyə mindiyi gündən bugünədək qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-231/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin maddi imkanı aşağı olduğundan həmin cəriməni ödəyə bilməmişdir. Bundan sonra da ödəyə bilməyəcəkdir. Həmin cərimə ictimai işlər tənbehi ilə əvəz olunacağı təqdirdə həmin tənbehi icra edəcəkdir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Əmənov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-231/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsi ilə təqsirli bilinib 15000 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Qərar icra olunması üçün icraatına daxil olduqdan sonra Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıq göndərilmişdir. Şəxs maddi imkanı olmadığını qeyd edərək həmin cəriməni ödəməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-231/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından məlum olur ki, Şəxs faktiki olaraq Astara rayonu, Qamışoba kəndində yaşayır. Azərbaycan Respublikası İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində olan ictimai işlər növündə inzibati tənbehin müddəti həmin təhbeh tədbirinin faktiki icrasına başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar