Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-846/2025 16.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, X2 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Astara rayonunun Artupa kəndində yaşayır. MAN markalı yük, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Həmin yük avtomobili ilə Respublika ərazisində yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə limonad daşıyan zaman Salyan rayonunun Xıdırlı kəndində heç bir nöqsan aşkar olunmadan barəsində tətib olunmuş 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsinə əsasən 600 AZN məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. (qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır). hər hansı bir inzibati xətanı törətməmişdir, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi və şikayət verən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə tərəfindən inzibati qərarın tərtib edilməsinə əsas olan inzibati xəta hadisəsini özündə əks etdiriən foto və videogörüntülərin təqdim edilməsi barədə sorğu verilsə də, sorğuya cavab verilməmiş, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yaşayış yeri barədə Astara rayon İHB-nın Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 dekabr 2025-ci il tarixli 1267 saylı arayışdan görünür ki, X1 rayonu, Artupa kəndində yaşayır. 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 600 AZN məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Fotoşəkillərdən görünür ki, X3 **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı, MAN markalı yük avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 13:48:13-də Salyan rayonu, Xıdırlı kəndi Astara istiqamətində çəki limiti 40000 olduğu halda 42180 kq çəki ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə şikayətin araşdırılması zamanı müəyyən edilmişdir ki, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı, MAN markalı yük yük avtomobili ilə X2 02 dekabr 2025-ci il tarixdə Salyan rayonu ərazisində çəki parametrlərini aşmaqla yük daşımasının aşkar edilib-edilməməsi barədə Astara Rayon Məhkəməsinə məlumat verilməsi tələb edilsə də, səlahiyyətli orqan sorğuya cavab verməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı, MAN markalı yük avtomobilinin hərəkət trayektoriyası Bakı-Ələt magistral yolu olmuş və sözügedən yolda foto və ya video qeydiyyat funksiyalarına malik digər xüsusi texniki vasitələr də quraşdırılmışdır, sözügedən xəta həmin xüsusi texniki vasitələr ilə də (məsələn Qaradağ postu ərazisində) müəyyən edilməli idi. Lakin, məhkəmə araşdırması zamanı səlahiyyətli qurum tərəfindən hər hansı əlavə sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, EQ 32381627 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-846/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-846/2025
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver