Məhkəmə qərarları › İş №3(018)-911/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-911/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-911/2023 07.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nin İXP ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokol və qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nin İXP ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokol və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 şikayəti müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etdi. X3 şikayətində göstərmişdi ki, barəsində tərtib olunmuş 24 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Halbuki onun heç bir təqsiri olmamışdır. Belə ki, 24 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında idarə etdiyi “Vaz 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Kijəbə qəsəbəsindən işə, yəni Lənkəran rayonuna gedən zaman Ələt-Astara yolunun 271-cı kilometrində Ərçivan qəsəbəsində ötmə əməliyyatı etdiyi üçün Astara rayonu Yol Patrul xidməti əməkdaşı onu saxlamış və ötmə əməliyyatı düzgün etməmədiyini bildirmiş, o, isə öz növbəsində ona hərəkət zolağının, habelə yol nişanının olmamasını bildirmişdir. Lakin heç bir səbəb olmadan Yol Patrul xidməti əməkdaşı barəsində protokol tərtib etmişdir. Nə protokolun, nə də qərarın surəti ona təqdim edilməmişdir. Bir neçə dəqiqədən sonra ona sms vasitəsilə 80 manat cərimə olunmağı bildirilmişdir. Həmçinin həmin bildirişdə inzibati xətanın qeydə alındığı yeri ünvan 1 kimi göstərilmişdir. Halbuki o, göstərilən yerdə olmamışdır. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Astara RPŞ-nə məlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikası DİN Astara RPŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Azərbaycan Respublikası DİN Astara RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə X2 dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nin, 24 oktyabr 2023-cü il tarixli, İPX ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İPX ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat cərimə cəzası tətbiq edilmişdir. X3 şikayətində hadisənin Ələt-Astara yolunun 271-cı kilometrində Astara rayonu Ərçivan qəsəbəsində baş verdiyini bildirmiş, lakin İXP ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati pozuntunun qeydə alınma yerinin ünvan 1 ünvanı kimi göstərilmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nin İXP ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nin İXP ******* nömrəli, 24 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Astara RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar