Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-972/2024 18.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Astara rayonun, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli,üç uşaq atası işləməyən, Astara rayonun, Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara RPŞ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində X2 sahə rəisi Anar Mahmudov tərəfindən 18 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Astara Rayon Polis Şöbəsinin icraatında olan materialın icrası ilə əlaqədar şöbəyə dəvət olunan Astara rayonun, Ərçiivan qəsəbə sakini Şəxs 17 noyabr 2024-cü il tarixdə saat 22:00-da Astara RPŞ-nin inzibati binasının önündə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Astara rayonun, Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 3 uşağı var. xx.xx.2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə bir qadını vurmuş və nəticədə qadın ölmüşdür .Hadisə yerində qalıb polisin gəlməsini gözləmişdir.Bir müddət sonra polislər gəlib onu Astara Rayon Polis Şöbəsinə aparmışlar. Şöbəyə gəldikdən sonra heç yerdə səs-küy salmamışdır. Heç kimi söyüb təhqir etməmişdir. Barəsində qeyd olunanların heç biri həqiqəti əks etdirmir. Odur ki, qeyd olunanları nəzərə alınıb barəsində inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2024cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailəli olmaqla, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun ictimai qaydanı pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edlsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və sair bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, 17 noyabr 2024-cü il tarixində saat 22 radələrində barəsində olan araşdırma materialın icrası ilə əlaqədar şöbəyə dəvət olunan Astara rayonun Ərçivan qəsəbə sakini Şəxs Astara RPŞ-yə gəlmiş və orada heç bir ictimai qaydanı pozmamışdır. Göründüyü kimi, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində ictimai qaydanın pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) yoxdur (inzibati xətanın zahiri əlamətləri). Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-972/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-972/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver