Məhkəmə qərarları › İş №3(019)-10/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-10/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-10/2021 12.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə X2 Balakən Rayon Polis Şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN-0587050 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Polis Şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN-0587050 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətini müdafiə edib, onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qohumu Rəsul Emçiyevin mülkiyyətində olan Balakən şəhərində 0,58 həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə gələrək, ora daxil olmuş və onu epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu adı altında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi bildirilmişdir. Bundan sonra polis işçiləri onu sənədləşmə ilə bağlı Balakən Rayon Polis Şöbəsinə dəvət etmiş və orda müəyyən sənədlərə qol çəkdirmişlər. Bundan sonra o, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini hansı hərəkəti ilə pozduğunu soruşsa da, onlar bunun səbəbi barədə ona heç bir məlumat verməmişlər. Şikayətə əlavə edilmiş "İnizbati tənbeh vermə haqqında" xx xxxxxx 2020-ci il tarixli, MN-0587049 nömrəli qərarın surətində də göründüyü kimi, karantin rejiminin hansı qaydasını pozduğu və bunun hansı hərəkətində ifadə edilməsi həmin qərarda öz əksini tapmamışdır. Hüquqşünaslardan maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun əməlində Azərbaycan Respublikasının İXM-nin 211.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının əlamətləri mövcud deyildir. xx xxxxxx 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına müraciət edərək, barəsində tərtib olunmuş "İnzibati tənbeh vermə haqqında" xx xxxxxx 2020-ci il tarixli, MN- 0587049 nömrəli qərarın surətini onlardan tələb etmiş və həmin gün də qərarın surəti ona verilmişdir. Hazırki şikayətlə məhkəməyə müraciət etməyinin səbəbi "İnzibati tənbeh vermə haqqında" xx xxxxxx 2020-ci il tarixli, MN-0587049 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisi X3 X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X6 oğlunun tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X2 xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Qazbinə kəndində karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Şikayətə əlavə olunmuş Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Qazbinə kəndində karantin rejimi qaydalarını pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsirndə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuş, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün dörd min manatdan beş min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər üçün beş min manatdan on bir min manatadək məbləğdə cərimə tənbehi müəyyən tedilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuş, həmin maddənin sanksiyasnıda fiziki şəxslər üçün yüz manat məbləğində, vəzifəli şəxslər üçün üç yüz manat məbləğində, hüquqi şəxslər üçün altı yüz manat məbləğində cərimə tənbehi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X5 barəsində xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onun xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Qazbinə kəndində karantin rejimi qaydalarını pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsasına görə tərtib edilmiş, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Qazbinə kəndində karantin rejimi qaydalarını pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat inzibati qaydada cərimə edilmişdir. Ancaq xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X2 xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Balakən rayonu Qazbinə kəndində karantin rejiminin hansı qaydalarını pozması və onun hərəkətlərində karantin rejimi qaydalarının pozulmasının nədə ifadə olunması göstərilməmişdir. Digər tərəfdən karantin rejimi qaydalarının pozulması İXM-nin 211.2-ci maddəsi ilə deyil, İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. İXM-nin 211.2-ci maddəsində isə qeyd edildiyi kimi, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və iş üzrə hər hansı digər sübutda X5 tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Balakən rayonu Qazbinə kəndində epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halı müəyyən edilməmiş və İlkin Emçiyev məhz karantin rejimi dövründə qoruyucu maskadan istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Belə olan halda heç bir şübhə yeri qalmır ki, X5 əsassız və qanunsuz olaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, inzibati qaydada tənbeh edilmişdir. Onu da qeyd etmək lazımdır ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X4 İXM-nin 211.2-ci maddəsi ilə istinad olunan inzibati xətanın mahiyyəti və inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi belə düzgün göstərilməyərək, həmçinin X2 izahatı protokolda qeyd olunmayaraq və ona inzibati xəta haqqında protokolun surəti verilməyərək, bununla da müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 100.1.4, 100.1.5, 100.1.7 və 100.3-cü maddələrinin tələbləri pozulmuş, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda da bu hallara heç bir hüquqi qiymət verilməmiş, həmin qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi X2 iştirakı təmin edilməmiş, bununla da onun İXM-nin 112-113-cü maddələrində nəzərdə tutulan hüquqları pozulmuşdur. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən X2 xx xxxxxx 2020-ci il tarixdə, saat 12.25 radələrində Balakən rayonu Qazbinə kəndində karantin rejimi qaydalarını pozması və bununla da onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (halbuki İXM-nin 211.1-ci maddəsi göstərilməli idi) nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və onun həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəmyə təqdim edilməmiş, X2 ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Onu da nəzərə çatdırmaq lazımdır ki, işdəki sübutlara əsasən X2 əməlində xx xxxxxx 2020-ci il tarixdə, saat 12.35 radələrində Balakən rayonu Qazbinə kəndində karantin rejimi qaydalarını pozması və ya qoruyucu maskadan istifadə etməməsi halları müəyyən olunmadığından, həmçinin İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətadan daha ağır olduğundan qanunun analogiyası üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 318.1-ci maddəsi tətbiq edilməklə X2 əməlinin İXM-nin 211.2-ci maddəsindən həmin Məcəllənin 211.1-ci maddəsinə tövsif etmək və ona İXM-nin 211.1-ci maddəsi ilə tənbeh vermək isə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsi məhkəməyə şəxsin əməlinin ağır cinayətdən daha yüngül cinayətə tövsif etmək hüququnu verir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində isə məhkəmələr üçün müstəqil olaraq şəxsin əməlinin daha yüngül cinayətdən daha ağır cinayətə tövsif etmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Qanunun bu tələbi məhkəmənin təşəbbüsü ilə şəxsin əməlinin İXM-də nəzərdə tutulan yüngül xətadan daha ağır xətaya tövsif edilə bilməməsi halına da aiddir. Qeyd edildiyi kimi, İXM-nin 211.1-ci maddəsi ilə müəyyən olunan xəta İXM-nin 211.2-ci maddəsi ilə müəyyən olunan xətadan daha ağırdır. Əks hal şəxsin hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Ona görə də sözügedən xx xxxxxx 2020-ci il tarixli qərar ləğv olunmalı və X5 barəsində İXM-nin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, şikayət təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X3 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməli, X5 həmin inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X3 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; X5 həmin inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar