Məhkəmə qərarları › İş №3(019)-10/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-10/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-10/2023 12.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Şəxs MMC) nümayəndəsi X1 iştirakı ilə hüquqi ünvanı Zaqatala şəhəri, Azərbaycan prospekti, ev 100 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 28 dekabr 2022-ci il tarixli, 11000-0497/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********8166 saylı və xx.xx.2022-ci il tarixli **********2991 saylı gömrük bəyannamələri əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda rəsmiləşdirilərək ixrac olunmuş «fındıq ləpəsi» yükünün müqabilində qaytarılmalı olan 260400 ABŞ dolları (442680 manat, kurs:1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitdən 1327,11 ABŞ dolları (2256,087 manat, kurs:1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, təmsil etdiyi müəssisənin əsas fəaliyyət istiqaməti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, 2-ci Novokuznetskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış RF/AZS/2019 saylı müqavilənin xx.xx.2022-ci il tarixli, 4 saylı əlavəsinə əsasən 63000 kq çəkidə və 390600 ABŞ dolları dəyərində «fındıq ləpəsi» yükü ixrac etmişlər. Həmin yüklər 3 (üç) gömrük bəyannaməsi əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçərək konsiqnasiya yolu ilə ixrac olunmuşdur. Sözügedən yüklərin müqabilində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi, yəni 389272,89 ABŞ dolları (661763,91 AZN) məbləğində vəsait Şəxs MMC-nin "xxxx" ASCnin Zaqatala filialındakı müvvəkil bank hesabına köçürülmüşdür. Lakin **********8166 və **********2991 saylı gömrük bəyənnamələri əsasında rəsmiləşdirilməklə ixrac etdikləri yüklərin müqabilində qaytarılmalı olan vəsaitdən 1327,11 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bunun səbəbi isə göndərdikləri məhsulun standartlara uyğun nəmlikdə olması və təyinat yerinin də uzaq olmasıdır. Belə ki, yüklər təyinat yerinə çatna qədər 7-10 gün vaxt keçir. Bu müddət ərzində də məhsulda quruma gedir. Quruma getməsi də çəkinin azalmasına gətirib çıxarır. Məhsulu onlardan alan şirkət də malın faktiki çəkisinə görə onlara pul ödəyir. Bu səbəbdən də invoysda göstərilən məbləğ tam şəkildə onlara ödənilmir və nəticədə kəsrlər yaranır. Bununla bağlı idxalatçı tərəfindən onlara pretenziya məktubları verilmişdir. Həmin sənədlər də təqdim edilərək iş materiallarına əlavə olunmuşdur. Bu xətanın törədilməsində Şəxs MMC-nin heç bir təqsiri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materiallarında olan sənədlərlə-12 dekabr 2018-ci il tarixli RF/AZS/2019 nömrəli kontrakt, 12 dekabr 2018-ci il tarixli kontrakta olan 23 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə, 12 dekabr 2018-ci il tarixli kontrakta olan 20 yanvar 2022-ci il tarixli 4 nömrəli əlavə, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli **********8166 saylı və xx.xx.2022-ci il tarixli **********2991 saylı gömrük bəyannamələri, hesab-fakturalar, X6 rəisi X7 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Məhəmməd Qasımova ünvanladığı xx.xx.2022-ci il tarixli raport, Şəxs MMC-nin nümayəndəsi X2-sual edilməsi barədə 28 dekabr 2022-ci il tarixli protokol, Azerstar» MMC-nin Qərab Ərazi Baş Gömrük İdarəsinin rəis müavininə ünvanladığı 04 avqust 2022-ci il tarixli 33A nömrəli məktub, xx.xx.2022-ci il tarixli 0xx-xx-00125 nömrəli ekspertiza aktı və həmin akta 1 saylı əlavə, xx.xx.2022-ci il tarixli 0xx-xx-00362 nömrəli ekspertiza aktı, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin Şəxs MMC-nin direktoruna ünvanladığı xx.xx.2022-ci il tarixli 976 nömrəli məktub və 28 dekabr 2022-ci il tarixli, 11000-0497/22 nömrəli inzibati xəta haqqında protokolla təsdiq olunur ki, 12 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, 2-ci Novokuznetskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan "xxxx" şirkəti ilə "xxxx" MMC arasında bağlanmış RF/AZS/2019 saylı müqavilənin xx.xx.2022-ci il tarixli 4 saylı əlavəsinə əsasən 63000 kq çəkidə və 390600 ABŞ dolları dəyərində «fındıq ləpəsi» yükü Şəxs MMC tərəfindən Rusiya Federasiyasına "xxxx" şirkətinə ixrac edilmişdir. Həmin yüklər müvafiq gömrük bəyannamələri əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçərək konsiqnasiya yolu ilə ixrac olunmuşdur. Sözügedən yüklərin müqabilində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi, yəni 389272,89 ABŞ dolları (661763,91 AZN) məbləğində vəsait Şəxs MMC-nin "xxxx" ASC-nin Zaqatala filialındakı müvvəkil bank hesabına köçürülmüşdür. Lakin **********8166 və **********2991 saylı gömrük bəyənnamələri əsasında rəsmiləşdirilməklə ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan vəsaitdən 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsait Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bunun səbəbi isə Şəxs MMC tərəfindən göndərilmiş məhsulun standartlara uyğun nəmlikdə olması və təyinat yerinin də uzaq olması, yüklər təyinat yerinə çatna qədər 7-10 gün vaxt keçməsi, bu müddət ərzində də məhsulda quruma getməsi, quruma getməsinin də «fındıq ləpəsi» malının çəkisinin azalmasına gətirib çıxarması, məhsulu alan şirkətin də malın faktiki çəkisinə görə Şəxs MMC-yə pul ödəməsi, bu səbəbdən də invoysda göstərilən məbləğin tam şəkildə Şəxs MMC-yə ödənilməməməsi, quruma ilə bağlı fındıq ləpəsinin çəkisinin azalması nəticəsində 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaitin Şəxs MMC-yə ödənilməməsi ilə həmin məbləğdə kəsrin yaranması olmuşdur. Bununla bağlı idxalatçı tərəfindən Şəxs MMC-yə pretenziya məktubları verilmişdir. İş materiallarından birmənalı şəkildə görünür ki, Şəxs MMC faktiki olaraq sözügedən 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaiti əldə etməmişdir. Yəni 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını, Şəxs MMC-nin həmin 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaiti əldə etməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqan və həmin orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın və onun vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan qalan 1327,11 ABŞ dolları (2256,087 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar