Məhkəmə qərarları › İş №3(019)-10/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-10/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-10/2024 03.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X9 Polisi Bölməsinin (bundan sonra Balakən RPŞ-nin DYPB-si) yol patrul xidməti inspektoru (hazırda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci Tağımının inspektoru) X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin hüquq departamentinin aparıcı hüquqşünası vəzifəsində işləyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məhkəməsinin 333.1-ci maddəsi ilə Balakən RPŞ-dən Balakən Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30-da VAZ 21063 markalı 08BK335 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi əsası ilə Şəxs barəsində Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə xx.xx.2024-cü il tarixli İXP5903094 nömrəli inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında və məhkəməyə təqdim etdiyi yazılı müraciətində göstərmişdir ki, o, xx.xx.2023-cü il saat 23 radələrində Balakən rayon X8 yaxınlığında magistral yolda etibarnamə əsasında idarə etdiyi VAZ 21063 minik avtomobili ilə hərəkətdə olduğu zaman Balakən RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşı olan inspektor Nümayəndə tərəfindən qanunsuz və əsassız olaraq saxlanılmışdır. O, istifadəsində olan minik avtobomobilini saxladıqdan sonra ona qarşı kobudluq edərək, polisin etik davranış kodeksini pozaraq, polis əməkdaşının adına yaraşmayan hərəkətlərə yol vermişdir. Ondan onun saxlanma səbəbini soruşduqda ondan sərxoşluq müayinəsi keçirilməsi ilə bağlı saxladığını bildirmişdir. X10 haqqında qanunvericiliyin tələblərinə əsasən saxlanılan minik avtomobilində ən azından virtual qayda pozuntusu olmalıdır. Yəni yol inspektorunun istədiyi şəxsi öz istəyinə görə saxlaması qanunsuzdur. Hətta onu saxladığı vaxt özünü təqdim etməyərək, Polis haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İİİ bəndinin tələbini pozmuşdur. Belə ki, polis əməkdaşı hər hansı şəxsə müraciət edərkən adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Lakin yuxarıda qeyd etdiyi kimi, yol inspektoru Nümayəndə və protokolu tərtib edən Emil adlı inspektor qanunun göstərilən tələblərini kobudcasına pozmuşlar. Bundan sonra həmin vəzifəli şəxslər ərazi aidiyyatı qaydalarını pozaraq səlahiyyətlərini aşaraq onlara aid olmayan ərazidə onu əsassız və qanunsuz olaraq saxlamışlar. Halbuki onu saxladıqları ərazi magistral yola aiddir. İnspektor Nümayəndə onu qanunsuz olaraq saxladıqdan sonra heç bir əsas olmadan onun sərxoş olub-olmadığını soruşaraq onun üzərində səlahiyyəti olmayan həkim tərəfindən sərxoşluq müayinəsi aparmış, onun ona etiraz etməyinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirərək üzərində qanunsuz olaraq müayinəni etməyə davam etmişdir. Amma həmin onu müayinə edən həkim (Əsgər həkim) ixtisasca cərrahdır. Halbuki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalarda göstərilən tələblərin pozulduğunu da müəyyən etmək olar. Bundan başqa həmin Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Halbuki həmin akt 1 nüsxədən ibarət tərtib edilmiş və 1 nüsxəsi ona təqdim edilməmişdir. Beləliklə onun tərtib olunan aktdan şikayət etmək hüququ məhdudlaşdırılmışdır. Həmçinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Buna baxmayaraq yuxarıda qeyd etdiyi qaydaların müvafiq tələbləri pozulmuşdur. Belə ki, sözügedən protokol da ona təqdim edilməmişdir. Nəhayət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinin tələblərinin pozmağı barədə protokol yazılmış və ona sadəcə protokol verilmişdir. Protokolla bağlı aşağdakı pozuntuları məhkəmənin diqqətinə çatdırır. Protokolda İXM-nin 333.1-ci maddəsinin tələblərinin pozulduğu qeyd olunsa da, heç bir əsaslandırma yoxdur. Protokol formal xarakter daşıyır və sadəcə pozuntu aşkar olunması qeyd olunub. Protokolun digər bölmələri doldurulmamış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələri, protokoldan şikayət vermə müddəti və qaydası izah edilməmişdir. Mübahisə predmeti olan protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquqları təmin edilməmişdir. Lakin ona hüquqları izah edilməmiş, barəsində icraat aparılarkən onun etirazı, vəsatəti, hər hansı sübutlarının olub-olmaması araşdırılmadan protokol tərtib edilmişdir. Bildirir ki, Balakən RPŞ-nin DYPB-si onun barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib etdiklərinə baxmayaraq həmin protokolu baxılması üçün xx.xx.2023-cü il tarixdə göndərmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə 48 saat ərzində göndəriləcək protokolu 5 gün sonra göndərmişdir. Qeyd etdiyi nüans kobud prosessual pozuntudur. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən həmin pozuntunu edən vəzifəli şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə – vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Balakən RPŞ-nin DYPB-sinin vəzifəli şəxsləri prosessual pozuntuya yol vermişdir və barəsində aparılan inzibati icraatın xitam olunmasının əsaslarından biri də budur. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarına görə yol patrul xidməti əməkdaşı X7 inzibati xəta haqqında protokolu zəruri proseduralara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Eyni zamanda həmin protokol əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarın qanuniliyi əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində Balakən rayon X12 Patrul Xidmətinin inspektoru tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şəxs daha sonra məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, yekun məhkəmə aktı olmamasına baxmayaraq Daxili İşlər Nazirliyinin sistemində İXP ******* saylı protokola əsasən cərimə balının görünür ki, cərimə məbləği hər gün artır, əlavə olaraq dəbbə pulu hesablanır. Odur ki barəsində inzibati icraat aparılan şəxs Şəxs İXP ******* saylı protokol əsasında hesablanmış cərimə məbləğinin və dəbbə pulunun Daxili İşlər Nazirliyinin sistemindən silinməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru (hazırda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci Tağımının inspektoru) X7 izahatında göstərdi ki, o, Şəxs barəsində olan həmin inzibati icraatdan əvvəldən axıra kimi iştirak etmişdir. Belə ki, 14 dekabr 2024-cü il tarixdə, saat 23-00 radələrində Şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən X11 yaxınlığında hərəkətdə olduğu zaman uzaq işıqlardan istifadə etdiyi üçün saxlanılmışdır. Daha sonra eyni avtomobildə xidmət göstərdikləri yol patrul xidməti əməkdaşı Nümayəndə göstərişinə əsasən Şəxs xəstəxanaya aparılmasını təmin etmişdir. Balakən RMX-də Şəxs alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 15 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, o, Balakən Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin cərrahı işləyir. Şəxs yol patrul xidməti əməkdaşlarına məxsus alkotester vasitəsilə müayinə olunmasına etirazını bildirdi. O, X2 bildirmişdir ki, xəstəxanada alkotester və qan analizi üçün şərait yoxdur. Bunun üçün Bakı və ya Gəncə şəhərinə getmək lazımdır. Əgər istəsə özü gedib müayinədən keçə bilər. Şəxs başqa alternativin olmadığı üçün yol patrul xidmətinin əməkdaşlarının gətirmiş olduğu alkotesterə nəfəs vermiş və nəticədə 0.754 promil göstərici qeyd edilmişdir. O, sadəcə akt tərtib edib və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin aktla tanış etmişdir. Şəxs də aktda öz etirazını bildirərək aktın sonunda öz qeydini aparıb. Qeyd edir ki, o, ixtisasca narkoloq deyil. Eyni zamanda bununla bağlı hər hansı ixtisas artırma kurslarına cəlb olunmayıb. Özü narkoloq işini necə icra etməli olduğunu öyrənib. Buna görə də yol patrul xidməti əməkdaşlarının xəstəxanaya gətirmiş olduğu Şəxs barəsində akt tərtib etmiş və həmin aktla Şəxs şifahi tanış etmişdir. Ümumiyyətlə xəstəxanada alkotester və digər narkoloji müayinə vasitələri yoxdur. Şəxs həmin gecə polis əməkdaşı onun yanında DYPB-yə məxsus alkotesterlə tibbi müayinə etmişdir. Şəxs bir neçə dəfə alkotesterə nəfəs verdi və alkotester heç bir nəticə vermədi. Daha sonra yol patrul xidmətinin əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə alkotesterə 6 saniyə nəfəs verməyini tələb edib. Bunun nə üçün 6 saniyə olduğunun səbəbini dəqiq olaraq bilmir və belə hesablama ilə əlaqədar hər hansı bir təlimat və ya qanun onda yoxdur və məhkəməyə belə bir sənəd təqdim edə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə izahatında göstərdi ki, o, Şəxs X8ndan Balakən şəhəri istiqamətində hərəkət edən zaman dönmə siqnalından istifadə etmədiyi üçün saxlamışdır. Saxladıqdan sonra sərxoş olduğunu güman etmiş və birlikdə xidmətdə olduğu yol patrul xidməti əməkdaşı X7 ilə birlikdə Şəxs Balakən Mərkəzi Rayon Xəstəxanasına gətirmişlər. Həmin vaxt onun yanında dostu da vardı. Şəxs onların xidməti avtomobillərində olan alkotester vasitəsilə müayinə olunmağına etirazını bildirmişdir. Bu zaman onlarda başqa belə bir cihazın olmadığını bildirib və yalnız təqdim olunan alkotesterə nəfəs verə biləcəyini bildirib. Şəxs başqa alternativin olmadığı üçün onların gətirmiş olduğu alkotesterə nəfəs verildiyini və nəticədə 0.754 promil göstərici olduğunu qeyd etmişdir. Hadisə yerinin görüntülərini və müayinə sənədini xatırlamır və buna görə də məhkəməyə təqdim edə bilmir. Digər görüntünün qeydə alındığı cihazın (mobil telefonun) isə X5 məxsusdur və həmin texniki vasitə DYPB-yə məxsus deyildir. Bununla bağlı həmin mobil telefonun DYPB-nin inventarı olması, onun dövri yoxlamadan keçməsi və şəhadətnaməsinin olmağına dair sənəd yoxdur və məhkəməyə belə bir sənəd təqdim edə bilmir. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Aktdan görünür ki, Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru X7 tərəfindən Şəxs məxsus VAZ 21063 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın 14 dekabr 2023-cü il tarixdə Balakən RPŞ-nin DYPB-nin duracağına yerləşdirilmiş və 15 dekabr 2023-cü il tarixdə həmin avtomaşın onun sahibi Şəxs qaytarılmışdır. İş materiallarında olan Şahid tərəfindən imzalanmış 15 dekabr 2023-cü il tarixli 644 №-li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin aktda Şəxs müayinəsinin xx.xx.2023-cü il tarixdə saat 00.07-də keçirilməsi, Ramberq vəziyyətində dayanıqlı olması, göz qapaqlarının titrəməməsi, ağızdan alkoqol iyinin gəlməsi və onda 0,754 promili alkoqol sərxoşluğunun olması göstərilmiş, həmçinin həmin aktda Şəxs tərəfindən aktla tanış olduğu, həyəcanlı və gərgin olmadığı, nitqin ifadəliyinin normal olduğu, bunun videogörüntüdə də öz əksini tapdığı, aktla razı olmadığı barədə qeyd edilmişdir. İş materiallarında olan Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)- 35/2024 nömrəli qərarından görünür ki, Şəxs şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli 3(019)-10/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q2-001-12 nömrəli, 19 yanvar 2012ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»-ın 5.16-cı maddəsinə əsasən YPX inspektoru alkotesteri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədilə nəfəs verilməklə yoxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda şahidlərin iştirakı ilə protokol tərtib olunaraq təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir Həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Yenə də həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.5-ci maddəsinin qeyd etdi hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 23.30-da avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması nə onun özünün məhkəmə iclası zamanı izahatı ilə, nə də qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya o, tibbi müayinəyə göndərilir. Nəqliyyat vasitəsi sürücüsünün sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda (alkotesterin göstəricisi ilə razılaşmadıqda), lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, şahidlərin iştirakı ilə protokol tərtib olunaraq tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun müəyyən edilməsi həmin şəxsin qanında alkoqolun konsentrasiyasının ölçülməsi yolu ilə aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqol sərxoşluğunun tibbi müayinəsi, yəni Balakən Mərkəzi Rayon Xəstəxanasının həkim cərrahı Şahid tərəfindən həyata keçirilmişdir. İş materialları, o cümlədən məhkəmə iclası zamanı dindirilmiş şəxslərin izahatları ilə müəyyən edildi ki, Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1 İlkin Aydın oğlunun barəsində 15 dekabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsinə əsas kimi Balakən Mərkəzi Rayon Xəstəxanasının cərrahı Şahid 15 dekabr 2023-cü il tarixdə tərtib etdiyi 644 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad etmişdir. Balakən Mərkəzi Rayon Xəstəxanasının həkim-cərrahı Şahid 15 dekabr 2023-cü il tarixdə tərtib etdiyi 644 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs tibbi müayinə üçün Balakən RPŞ-nin DYPB-si tərəfindən Balakən Mərkəzi Rayon Xəstəxanasına gətirildiyi, Balakən Mərkəzi Rayon Xəstəxanasında narkoloji şöbə və həkim narkoloq olmadığından cərrah Şahid tərəfindən xəstəxanaya məxsus heç bir texniki vasitə olmadan, Balakən RPŞ-nin DYPB-nə məxsus aktda adı qeyd olunmayan cihaz vasitəsilə müayinə olunduğu, Şəxs həmin alkotesterə etiraz etməsinə baxmayaraq eyni alkotestr vasitəsilə müayinə olunduğu görünür. Halbuki, Şəxs tibbi müayinəsi zamanı istifadə edilmiş alkotestr müayinəsinə etiraz olunduğundan onun qanda olan konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını müəyyən etmək üçün narkoloji dispanserə aparılması zəruri olduğu bilindiyi halda müayinəyə aparılmaması məhkəmə tərəfindən həmin alkotestrin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməidir. X14 Haqqında Təlimatın 5.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyən olunması üçün nəzarət ölçü cihazları, YHQ pozuntularını qeydə alan digər texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi saxlanılması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Şəxs tibbi müayinəsi zamanı istifadə edilmiş alkotestrin və video görüntünün qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən edildi. Ümumiyyətlə qeyd olunan alkotestrin texniki pasportunda 6 saniyə ərzində nəfəs veriləcəyi ilə bağlı heç bir sübut təqdim edilmədi və həmin texniki vasitənin pasportu məhkəməyə təqdim edilmədi. Yol patrul xidməti əməkdaşının mülahizəsinə əsasən 6 saniyə nəfəs veriləcəyi sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa həkim Şahid məhkəmə iclasında verdiyi izahatında özünün narkoloq olmadığı və bununla bağlı hər hansı bir ixtisas artırma kurslarına cəlb olunmadığı bildirilmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması üçün həkimin narkoloq olmaması, eyni zamanda xəstəxanaya məxsus hər hansı bir texniki vasitənin olmaması, DYPB-yə məxsus video qeydiyyat cihazının olmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə həll edilməlidir. Bundan başqa qeyd olunan alkotesterə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən etiraz olunmasına baxmayaraq eyni cihazla müayinə edilməsi məhkəmə tərəfindən şübhə doğurur. Bu əsasla məhkəmə həmin alkotestrin nəticəsini etibarlı hesab etmir. Şəxs alkotester müayinəsi zamanı həmin texniki vasitəyə etiraz etməsi və həkim tərəfindən Bakı və ya Gəncə şəhərində gedib müayinə edlməsinin tövsiyə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na ziddir. Şəxs xəstəxanada alkotestr müayinəsindən keçirmiş yol patrul xidmətinin inspektoru Nümayəndə məhkəmə iclası zamanı bununla bağlı verilən suallara cavab olaraq, kağız daşıyıcıda göstərilmiş 0,754 mq/l-ı 6 saniyə nəfəs verilməsi yolu ilə Şəxs qanında alkoqolun konsentrasiyasının 0,754 promil olması qənaətinə gəldiyini, lakin hansı səbəbdən kağız daşıyıcıda göstərilmiş rəqəmi başqa bir müddətə deyil, məhz 6 saniyə nəfəs verilməsini izah edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2011-ci il tarixli, 23 nömrəli qərarının bəzi nisbi və loqarifmik kəmiyyətlər və onların vahidləri cədvəlinə əsasən promil vahidin mində birinə, ppm (parts per million) promilin mində birinə, eyni zamanda qəbul edilmiş qaydalara əsasən 1 mq/l isə 1 ppm-ə bərabərdir. Şəxs alkotester müayinəsi zamanı istifadə edilmiş alkotester qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müqayisəli dövlət yoxlamasından keçmiş olsa idi belə, Şəxs sərxoş olmadığı nəticəsinə gəlməyə əsas verəcəkdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqol sərxoşluğu vəziyyətində olması onun qanında olan alkoqolun konsentrasiyasının qanunla müəyyən edilmiş həddi olan 0,3 promilli və daha artıq olması halında öz təsdiqini tapardı. Qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması halında şəxsin alkoqol sərxoşluğu vəziyyətində olduğu hesab edilir və bu zaman nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmaması barədə özünün izahatı onun alkoqol sərxoşluğu vəziyyətində olduğunun müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Qanunvericiliyin mənasından da göründüyü kimi şəxsin avtomobili içkili vəziyyətdə deyil, sərxoş vəziyyətdə idarə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldakı izahatında spirtli içki içməsinə görə sərxoş olduğunu göstərməsi qanunvericilikdə nəzərdə tutulmuş digər sübutlarla təsdiq edilmədiyi halda onun həmin vaxt avtomobili sərxoş vəziyyətdə idarə etməsi kimi qəbul edilə bilməz. Əslində inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Şəxs barəsində tərtib edilmiş akt yalnız yol patrul xidməti əməkdaşının özlərinə məxsus texniki vasitə ilə yoxlamasından sonra ixtisasca narkoloq olmayan həkim tərəfindən tərtib edilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumiyyətlə həkim-nakoloq müayinəsindən keçirilmədiyi və yalnız Balakən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən müayinədən keçirilməsini deməyə əsas verir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sürücünün protokolu imzalamaqdan imtina etmək, bu barədə protokolda müvafiq qeyd aparmaq, izahat vermək, protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, onun bu izahatı və mülahizələri protokola əlavə olunmasını, protokolun surətinin ona təqdim edilməsini tələb etmək və ona məxsus avtonəqliyyatı başqa şəxsin idarə olunması üçün vermək hüququ olmasına baxmayaraq, Şəxs idarə etdiyi avtonəqliyyat vasitəsinin müvəqqəti saxlanca qəbulu tələb olunmuş və ona bu barədə öz qeydlərini aparmaq imkanı verilməmişdir. Eyni zamanda Şəxs öz hüquqlarından istifadə edərək yenə də qanuni və hüquq əsaslarla tibbi müayinədən keçməyə etiraz etsə də, Balakən Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin cərrahı Şahid Şəxs alkotester müayinəsindən keçməsindən imtina etdiyini və onun həmin müayinənin nəticəsindən narazı olduğunu qeyd edərək, qan analizindən keçirilməsi əvəzinə Şəxs faktiki olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün inzibati məsuliyyəti nəzərdə tutan inzibati xətanı törətməsi qənaətinə gəlməyə əsas ola biləcək 15 dekabr 2023-cü il tarixli, 644 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib etmişdir. Bununla da Şəxs qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(107)- 35/2024 saylı qərarında qeyd olunan göstərişlərə əsasən aradan qaldırılmalı olan nöqsanlar Balakən RPŞ-nin DYPB-si tərəfindən aradan qaldırılmamışdır. Belə ki, hadisə yerinin görüntüləri və müayinə sənədi məhkəməyə təqdim edilməmişdir. Digər təqdim olunan natamam video görüntü isə DYPB-nin inventarında olmadığı, dövri yoxlamadan keçirilmədiyi və bununla bağlı hər hansı şəhadətnamənin verilmədiyi üçün sübut kimi nəzərə alına bilməz. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru (hazırda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci Tağımının inspektoru) X7 tərəfindən tərtib edilmiş 15 dekabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübut edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığı, inzibati xətanın tərkibi olmadığı üçün Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X7 tərəfindən tərtib edilmiş 15 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105.1, 109.2, 114-115 və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Balakən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X7 tərəfindən tərtib edilmiş 15 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar