Məhkəmə qərarları › İş №3(019)-101/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-101/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-101/2021 23.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 11.11.1969-cu ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmamış, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Mamedov X2 Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Lakin 09.04.2021-ci il tarixdə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmış, bununla da Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədi icra edilmişdir. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icrasından heç vaxt boyun qaçırmamışdır. Sadəcə onun həmin torpaq sahəsinə bitişik ərazidə torpaq sahəsi vardır və həmin torpaq sahəsi ilə bağlı tələbkarla arasında mübahisə vardır. O, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmışdır. Əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X4, X6 və X9 məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid tərəfindən tələbkar, borclu və digər şəxsin iştirakı ilə tərtib olunmuş 09.04.2021-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs və ailəsinə məxsus 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mamedov X2 Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamışdır. İşdə bunun əksini təsdiq edən hər hansı sübut yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid tərəfindən tərtib olunmuş 09.04.2021-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs və ailəsinə məxsus 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmış və həmin icra sənədi icra olunmuşdur. İş materialları ilə o da müəyyən olunur ki, Mamedov X2 Rayon Məhkəməsinin 2(019)- 20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icra olunmasına heç bir maneə yaratmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 20/2020 saylı, 05.02.2020-ci il tarixli icra vərəqəsində icra edilməli hərəkət olaraq Şəxs Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması göstərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda da könüllü icra ilə bağlı verilən müddətdən sonra məcburi icra tədbirlərinin həyata keçirilməsinin əsasları və şərtləri (həmin Qanunun 43-73-cü maddələri) müəyyən olunmuşdur. Belə olan halda məcburi icra tədbiri olaraq icra məmuru tərəfindən Balakən Rayon Məhkəməsinin 2(019)- 20/2020 saylı, 05.02.2020-ci il tarixli icra vərəqəsinin icrasıyla bağlı Şəxs Zərərçəkmiş şəxs, X1, X3in və X7 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması mümkün və zəruri idi. Qanun bununla bağlı icra məmuruna tam səlahiyyət verir. İcra sənədinin icrasıyla bağlı məcburi icra tədbirlərinin həyata keçirilməsi əvəzinə bu məqsədlə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması faktoloji və hüquqi baxımdan əsaslı deyildir. Həm də iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra vərəqəsi tam icra olunmuş, bu xüsusda İXM-nin 528.1-ci maddəsilə qorunan idarəçilik qaydaları əleyhinə yönəlmiş ictimai münasibətlərin mühafizə predmeti aradan qalxmışdır, başqa sözlə həmin inzibati xətanın obyekti artıq mövcud deyildir. Həmçinin Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin obyektiv tərəfi və sübyektiv tərəfi yoxdur-icra sənədinin icrasıyla bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi onun qəsdi ilə əhatə olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-20/2020 saylı, 05.02.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar