Məhkəmə qərarları › İş №3(019)-102/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-102/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-102/2021 23.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2004-cü ildə RF-nin Tver şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs 06.03.2021-ci il tarixdə axşam saatlarında Balakən şəhəri, H.Əliyev adına parkın ərazisində yerləşən H.Əliyev mərkəzinin qarşısında 8 metr hündürlüyündə olan dekarativ palma ağacını yandırması əsası ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanda anası Fazilət Dibirova ilə yaşayı. 06.03.2021-ci il tarixdə dostu X5 ad günü olduğundan H.Əliyev adına istirahət parkının qarşısına yığışmış və parka düşmüşlər. Parkın ortasında yerləşən, H.Əliyev adına mərkəzin qarşısında olan iki hündür palma ağacından birinin yanında dayanmışdır. O, özündə olan alışqanla palma ağacının gövdəsinə od vurmuş, ani vaxtda alov bütün ağacı bürmüşdür. O və tanışları Əhməd və Faiq H.Əliyev prospekti istiqamətinə, Bayram və Əsəd isə parkın yuxarı hissəsinə qaçmışlar. Palma ağacının gövdəsinin elə sürətlə yanacağı onun ağlına gəlməmişdir. O, palma ağacını heç bir səbəb olmadan yandırmışdır. Ağacı yandıran zaman tanışları Əhməd, Faiq və Əsəd də onunla olmuşlar. Ağacı yandırdığına görə çox peşmanlır. Barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2021-ci il tarixli qərarından görünür ki, 06.03.2021-ci il tarixdə axşam saatlarında Balakən şəhəri, H.Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən H.Əliyev adına mərkəzində dekorativ ağac sayılan bir ədəd palma ağacının Şəxs tərəfindən yandırılması ilə bağlı aparılmış araşdırılma nəticəsində toplanılmış material üzrə cinayət işinin başlanması rəddi edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞnin X2 göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarında olan X13 izahatında 06.03.2021-ci il tarixdə saat 18 radələrində H.Əliyev adına istirahət parkının qarşısında Şəxs, Əhməd Məmliyev, Bayram və Əsəd adlı şəxslər ilə parkın girişində görüşdüklərini, parkın mərkəzinə gəlmələrini, həmin zaman Fəridin arxadan siqaret çəkərək gəlməsini, arxaya çevrildikdə parkın mərkəzində yerləşən iki ədəd dekorativ palma ağacından birinin yanmasını görərək, ağacı söndürmək istəsələr də söndürə bilmədiklərinə görə oradan qaçdıqlarını bildirmişdir. İnzibati xəta haqqında iş materiallarında olan X9 izahatında 06.03.2021 -ci i taruixdə saat 18 radələrində ad gününü qeyd etdikdən sonra dostu Şəxs ilə parka gəlmələrini, parkın qarşısında Əsəd, Faiq və adının Bayram olduğunu bildiyi şəxslər ilə görüşməsini və oradan parkın mərkəzinə gəlmələrini, parkın mərkəzində yerləşən palma ağacının yanında dayanmalarını, bu zaman Şəxs yanında olan palma ağacının od tutub alışmasmı, alovu söndürmək istəsələr də söndürə bilməyərək oradan qaçmalarını qeyd etmişdir. İş materiallarından görünür ki, Balakən şəhəri, H.Əliyev parkının ərazisində H.Əliyev mərkəzinin qarşısında yerləşən 12 illik, hündürlüyü 8 metr olan bir ədəd palma ağacının Şəxs tərəfindən yandırılması nəticəsində dəymiş maddi ziyanın 300 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Dibirov X10 şəhəri, H.Əliyev adına parkın ərazisində yerləşən H.Əliyev mərkəzinin qarşısında 12 illik, 8 metr hündürlüyündə olan dekarativ palma ağacını yandırmış, bununla da İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edlilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.2-ci maddəsində inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətməsindən səmimi peşmançılığını və yetkinlik yaşına çatmayan şəxs olaraq inzibati xətanı törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılığı və yetkinlik yaşına çatmayan şəxs olaraq inzibati xətanı törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X11 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş 300 manat məbləğində ziyanın bir misli məbləğdə (300 manat) cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar