Məhkəmə qərarları › İş №3(019)-103/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-103/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-103/2021 13.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16 aprel 2014-cü il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 290 (iki yüz doxsan) manat borcu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16 aprel 2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs «İndezit» markalı soyuducu və ya onun dəyəri 390 manat məbləğində pulun alınıb, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs borcundan 2019-cu ildə 100 manat ödəniş etmiş, 290 manat borcu qalmışdı. Şəxs tələb yönəldilə biləcək əmlakının və aylıq qazancının olub-olmaması barədə müxtəlif dövlət orqanlarına sorğular göndərilmişdir. Lakin həmin sorğulara cavablarla Şəxs adına daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak, banklarda əmanətlər, sosial ödənişlər, onun işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və aylıq hər hansı qazanca, gəlirə malik olması müəyyən olunmamışdır. Bu günə kimi Şəxs adına tələb yönəldilə biləcək əmlak və hər hansı gəlir yoxdur. 12 aprel 2021-ci il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxs «İndezit» markalı soyuducu verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16 aprel 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Odur ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16 aprel 2014-cü il tarixli icra sənədinə əsasən ondan «İndezit» markalı soyuducu və ya onun dəyəri 390 manat məbləğində pulun alınıb, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, icra sənədi üzrə borcundan 2019-cu ildə 100 manat ödəniş etmiş, 290 manat borcu qalmışdı. Lakin hazırda o, tələbkara «İndezit» markalı soyuducu vermiş və tələbkara olan borcunu tam ödəmişdir. Göstərdiyi halları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16.04.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs «İndezit» markalı soyuducu və ya onun dəyəri 390 manat məbləğində pul alınıb, Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 234/2014 saylı, 16 aprel 2014-cü il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, ünvan 3 il tarixli qətnaməsinə əsasən borclu Şəxs 390 manat alınıb, onun xeyrinə ödənilməlidir. Hal-hazırda Şəxs ona olan 390 manat pulun əvəzinə «İndezit» markalı soyuducu vermişdir. İcra sənədinin icrasına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Omarov X1 Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16.04,2014-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara əvvəl 100 manat ödəmiş, sonra isə icra sənədində göstərilən pulun əvəzinə «İndezit» markalı soyuducu vermişdir. Zərərçəkmiş şəxs da Balakən rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, ünvan 3 il tarixli icra sənədi icra oluqnduğu üçün həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə də ünvan 3 il tarixli icra sənədi tam icra olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-234/2014 saylı, 16.04.2014-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmçinin iş materiallarından görünür ki, Şəxs barəsində ünvan 3 il tarixli icra vərəqəsi 16 iyun 2014-cü il tarixdə verilmiş, Şəxs həmin icra sənədi üzrə 100 manat məbləğində ödənişi yalnız 2019-cu il tarixdə etmişdir. Şəxs bu icra sənədini icra etməməsi ilə bağlı əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Buradan da görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu da başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar