Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-105/2025 18.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, X1 katibliyi, Protokol tərtib etmiş Balakən Rayon Dövlət X5 YPX baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Balakən rayonu Qaysa kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında Balakən Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Dövlət X5 Yol Patrul Xidməti baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 18:30 radələrində “Toyota Rav-4” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Balakən Rayon Dövlət X5 YPX baş inspektoru X3 izahatında göstərmişdir ki, 24 fevral 2025-ci il tarixdə Şəxs Toyota RAV-4 markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən evinin qarşısında saxlanılmış və müayinə zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Balakən RPŞ-nin Yol Patrul Xidməti əməkdaşları onu yaşadığı evin qarşısında saxlamışlar. Onu maşın idarə edən vaxt saxlamamışlar. İçkili saxlanan zaman 2 nəfər hal şahidi olmalıdır. Alkotesterdən yoxlamadan imtina etmiş, daha sonra onu həkim müayinəsinə aparmışlar. Alkotesterlə müayinə zamanı onun sərxoş olduğunu müəyyən etmişlər. O, bununla razılaşmayaraq qan analizi götürülməklə müayinənin aparılmasını tələb etmişdir. İçkili avtomobil idarə etdiyinə dair sübutlar varsa, cəriməni ödəməyə hazırdır. Ailəsini avtomobil idarə etməklə dolandırır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanunsuzdur, həmin protokolla razı deyildir, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:45-də müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 0,417 promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, Şəxs 24 fevral 2025-ci il tarixdə Toyota RAV-4 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Z.Əliyeva küçəsində evinin qarşısına çatanda YPX inspektorunun ona yaxınlaşmasını, həkim müayinəsinə aparıldığını, alkotesterden keçirildiyini, evdə çörək olmadığı üçün məcburən içkili maşın sürdüyünü, əməlindən peşman olmasını bildirmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs 24 fevral 2025-ci il tarixdə Toyota RAV-4 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək avtomobili evinin qarşısında saxlayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına, inzibati xəta haqqında protokola və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.3-ci bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” 19 aprel 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.4-cü maddəsinə əsasən 69-cu maddə ləğv edilmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında izahat verərkən özünü təqsirli bilməməsini özünümüdafiə xarakteri daşıyan və inzibati məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Onun izahatında qeyd etdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təkzib edilmişdir. Belə ki, o, izahatında polis əməkdaşları tərəfindən avtomobilin hərəkətdə olmadığı vaxtda saxlanmasını bildirmiş, həmin vaxt qeydə alınan videogürüntü ilə onun avtomobil idarə etməsi öz təsdiqini tapmışdır. Bundan başqa içkili saxlanan zaman 2 nəfər hal şahidinin iştirak etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа” 19 aprel 2024-cü il tarixli Qanununa əsasən İXM-nin 69.2-ci maddəsi (Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir) ləğv edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.2 və 3.3-cü bəndlərinə əsasən alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə müəyyənləşdirilir. Şəxs müayinə zamanı qanda alkoqolun konsentrasiyası 0.417 promilli müəyyən edilmiş, bununla da onun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapmışdır. Həmçinin Şəxs polis şöbəsində verdiyi izahatında da məcbur qaldığı üçün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini etiraf etmiş, əməlindən peşman olmasını qeyd etmişdir. Məhkəmə iclasında verdiyi izahatında isə əgər içkili avtomobil idarə etməsi sübuta yetirilərsə, cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-105/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-105/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver