Məhkəmə qərarları › İş №3(019)-106/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-106/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-106/2025 13.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 və Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X5 iştirakı ilə, X6 tərəfindən Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X5 24 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə evdə olduğu zaman Balakən RPŞ-nin əməkdaşı X11 rayonu, Kortala kəndində yerləşən yaşadığı ünvana gələrək onu çağırıb küçə ilə həyətyanı sahənin sərhəddində yol tərəfdə olan heyvan peyinin kim tərəfindən həmin yerə atıldığını soruşmuşdur. Yaşadığı ərazidə əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olur, hər gün bir neçə dəfə mal-qaranı su içirmək üçün çaya tərəf aparır, demək olar ki, gün ərzində hamının mal-qarası küçədə olur, ona görə onların həyətinin də qarşısı heyvan peyini ilə çirkləndiyindən, mütəmadi olaraq müəyyən qədər toplandıqdan sonra atmaq məqsədilə küçənin evlərinin qarşısına düşən hissəsində olan heyvan peyinini həyətlə küçənin sərhəddində yerləşən hasarın küçə tərəfinə kənara yığmışdır. Polis əməkdaşı Qədir Xodayev ondan soruşduqda o, bunu yuxarıda qeyd etdiyi kimi izah etmişdir. Polis əməkdaşı ona buna görə cərimə olunacağını bildirdi, növbəti gün “BirBank” mobil tətbiqini yoxladıqda ona 300 manat cərimə yazıldığı məlum olmuşdur. Balakən RPŞ-yə gedərək inzibati protokol və qərarı tələb etmişdir. Ona müşayiət məktubu ilə birlikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən Balakən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İlqar Həsənov tərəfindən barəsində tərtib edilmiş EXP ******* nömrəli inzibati protokol və onun əsasında qəbul edilmiş, İXM-in 266.3-cü maddəsinə əsasən ona 300 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə EPQ ******* nömrəli qərarın surəti verildi. X2 İstimarı İdarəsində işləyir və aylıq əmək haqqı 410 manatdır. Törətdiyi inzibati xətaya görə demək olar ki, aylıq əmək haqqı məbləğində əvvəlcədən hər hansı xəbərdarlıq edilmədən cərimə olunmağı Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə zidd olmaqla aşağıdakı əsaslara görə tam qanunsuz və əsassızdır. “Tullantılar haqqında” Azərbaycan Respublikası qanununa əsasən məişət tullantıları - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, madələr, materiallardır. Yuxarıda qeyd etdiklərindən də məlum olur ki, həmin tullantıların əmələ gəlməsi onun həyat fəaliyyətilə bağlı deyildir. İnzibati tənbeh vermə barədə qərar inzibati xəta haqqında icraat aparılmadan qəbul edilmişdir. İnzibati xəta tərkibinin olub-olmaması müəyyənləşdirilməmiş, inzibati xəta hadisəsi olmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Balakən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İlqar Həsənov tərəfindən barəsində tərtib edilmiş EXP ******* nömrəli inzibati protokolda inzibati xətanın törədildiyi yer kimi Yevlax-Zaqatala-Gürcüstan yolunun 159-cu kilometrliyi ilə yaşadığı Balakən rayonu, Kortala kəndi arasında 10 km-dən çox məsafə vardır. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Aydındır ki, Balakən rayonu, Kortala kəndi şəhər və rayon inzibati ərazi vahidinin inzibati mərkəzi deyil, həmçinin kəndlərində tutumlar (urnalar) yoxdur. Ona görə də polis sahə rəisi tərəfindən olmayan inzibati xəta tərkibini yaratmaq üçün, inzibati xətanın törədildiyi yer yuxarıda qeyd etdiyi kimi 10 km-dən çox dəyişdirilmişdir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Yuxarıda qeyd etdiyi kimi o, ərazini yalnız tullantılardan təmizləmişdir. Göründüyü kimi barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X8 şikayətə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, vətəndaş X6 xx.xx.2025 ci il tarixdə Balakən rayonu Kortala kənd ərazisində yaşadığı evin küçə ilə həyətyanı sahənin sərhəddində yol tərəfdə heyvan peyini tullamışdır. Onların fotoşəkili çəkilib məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer səhvən Yevlax-Zaqatala-Gürcüstan yolunun 159-cu kilometrliyi göstərilmişdir. Qərar əsaslı olduğundan şikayətin rədd ediməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 24 fevral 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun 159-cu kilometrliyində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X5 24 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il tarixli raportdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Balakən rayonu, Kortala kəndi ərazisində məişət tullantılarını tutumlardan kənara atması aşkar edilmiş, fotoşəkillər çəkilərək raporta əlavə edilmişdir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 100.1.4-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Balakən rayonu, Kortala kəndi ərazisində məişət tullantılarını tutumlardan kənara atması iş materialları əsasında öz təsdiqini tapmış, şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında heyvan peyinini yol kənarına yığmasını özü də etiraf etmişdir. X3 şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğvi əsası kimi irəli sürdüyü - həmin tullantıların əmələ gəlməsinin onun həyat fəaliyyətilə bağlı olmaması dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, heyvan peyini insanın heyvandarlıq fəaliyyəti nəticəsində yaranan tullantıdır, həmin tullantının da tutumlara atılaraq ətraf mühitin mühafizə edilməsi insanların vəzifəsidir. Balakən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İlqar Həsənov tərəfindən tərtib edilmiş EXP ******* nömrəli inzibati protokolda inzibati xətanın törədildiyi yer kimi Yevlax-Zaqatala-Gürcüstan yolunun 159-cu kilometrliyi düzgün göstərilməmişdir. Onun tərəfindən tərtib edilmiş raporta və şikayətçinin izahatına əsasən isə inzibati xətanın törədildiyi yer Balakən rayonu, Kortala kəndi ərazisidir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yerin inzibati xəta haqqında protokolda səhv qeyd olunması hazırki halda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmir. Buna görə də şikayətçinin bu dəlili də qərarın ləğv edilməsi üçün əsas deyildir. X3 aylıq əmək haqqının 410 manat olması, törətdiyi inzibati xətaya görə aylıq əmək haqqı məbləğində əvvəlcədən hər hansı xəbərdarlıq edilmədən cərimə olunması ilə bağlı məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin sanksiyasında xəbərdarlıq inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X3 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Balakən Rayon Polis X4 bölməsinin polis sahə rəisi X8 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar