Məhkəmə qərarları › İş №3(019)-112/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-112/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-112/2025 15.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 iştirakı ilə, X4 tərəfindən Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsilə məhkəməyə müraciət edərək Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar barəsində qanunsuz tərtib edilmiş EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(019)-112/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-115/2025 nömrəli qərarı ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 3(019)- 112/2025 saylı qərarı ləğv edilmiş, Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar barəsində tərtib edilmiş EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək protokolun onun iştirakı olmadan yazılmasını, izahatının alınmasını bildirmiş və şikayətin təmin olunmasını, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat veməmişdir. Məhkəmə Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 127-4.1-ci maddəsinə görə bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-4.2-ci maddəsinə görə inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir: 127-4.2.1. protokolun tərtib edildiyi tarix və vaxt; 127-4.2.2. inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.2.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar; 127-4.2.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi və faktiki ünvanları) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatlar: 127-4.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; 127-4.2.6. bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı. 127-4.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakı məlumatlar göstərilir: 127-4.3.1.qərarın çıxarıldığı tarix və vaxt; 127-4.3.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 127-4.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi); 127-4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 127-4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar; 127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-6.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi müddəti və qaydası. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, inzibati xətanın mahiyyəti, şəxsin izahatı, müəyyən edilmiş sübutlar, inzibati tənbeh vermə haqqında qərarda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, işə baxılarkən müəyyən edilmiş hallar, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməmişdir. Göründüyü kimi Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. Balakən Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar