Məhkəmə qərarları › İş №3(019)-121/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-121/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-121/2025 01.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, qərarından şikayət verilən orqan Balakən Rayon X11 patrul xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Balakən Rayon X11 patrul xidməti inspektoru , polis kiçik serjantı X3 xx.xx.2025-ci il tarixli, TP7095771 nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru , polis kiçik serjantı X3 xx.xx.2025-ci il tarixli, TP7095771 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2025ci il tarixli TP7095771 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP6952965 saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru , polis kiçik serjantı X6 xx.xx.2025-ci il tarixdə onun barəsində İXM-nin 342.2.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında inzibati qərar tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında tənbeh tətbiq etmə haqqında qərarı qanunsuz hesab edir. Qərar ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, istifadəsində olan minik avtomobili ilə ünvan 1i ünvanında xx.xx.2025-ci il tarixdə hərəkətdə olarkən heç bir qayda- qanunu pozmadığı halda Balakən rayon Yol Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X6 onu saxlamışdır. Üzərində kamera olsa belə çəkiliş etməmişdir. Onun mobil telefonunu əlindən almışdır. Daha sonra avtomobilin içərisində axtarış işi aparmışdır.Sonra avtomobilin təkərlərini ona açdırmış, bundan sonra açılmış təkərlə onun özünün şəxsi telefonunda şəklini çəkmişdir. Bundan sonra Məhəmməd Əhmədov onun haqqında İXM-nin 342.2.2-ci maddəsi ilə protokol və qərar tərtib edərək ona 150 manat cərimə yazmışdır. Ondan 342.2.2-ci maddəsinin nə olduğunu ,həmin maddənin nədən ibarət olduğunu, onun hüquqlarının nədən ibarət olduğunu soruşduqda ona kobud cavab qaytararaq “mən sənə hüquqlarını izah edən deyiləm”deyə kobud cavab vermiş və çıxıb getmişdir. Bundan sonra o, qərarda yazılanları araşdırmış və ona məlum olmuşdur ki, ona cərimə yazılan İXM-nin 342.2.2-ci maddəsində qeyd olunur ki,normativ tələbləri pozmaqla, avadanlığın quraşdırıdlması və ya dəyişdirilməsinə görə cərimə nəzərdə tutulur. O, avtomobilinə normativ tələblərin pozulması ilə müşayiət olunan avadanlıq quraşdırmamış, yaxud da dəyişdirməmişdir. Hesab edir ki, tərtib olunmuş protokol və qərar qanunsuzdur. Ona görə qanunsuzdur ki, tərtib edilən qərarda İXM-nin tələbləri yerinə yetirilməmişdir. Belə ki, İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunursa inzibati xətanın nədən ibarət olması, yəni hansı avadanlığın quraşdırılması və yaxud da hansı avadanlığın dəyişdirilməsi, eyni zamanda quraşdırılan və dəyişdirilən avadanlığın nəticəsində hansı normativ tələblərin pozulması qeyd olunmamışdır. Normativ tələblərin pozulub-pozulmaması orta təhsilli YPX-nın inspektoru tərəfindən müəyyən edilə bilməz. Ona görə ki, bu suallara cavab vermək üçün həmin inspektorun xüsusi biliyə malik olması və rəy vermək səlahiyyətinin olması vacibdir. Bundan başqa eyni gündə protokol və qərar tərtib olunmuşdur. Hansı ki, o , protokol tərtib olunanda öz etirazını bildirmişdir. Qeyd olunanları aydınlaşdırmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 məhkəmə iclasında şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Balakən Rayon Polis şöbəsinin nümayəndəsi, Balakən rayon Yol patrul xidməti inspektoru , polis kiçik serjantı X6 ifadəsində göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektorudur. 06 mart 2025-ci il tarixdə xidmətdə olarkən, ünvan 1i ərazisində X5 idarə etdiyi AUDİ A8 minik markalı 01BT861 dövlət nömrə nişanlı avtomobilə əlavə avadanlıq quraşdırılması vizual şəkildə göründüyündən o, avtomobili saxlatmışdır. Avtomobilə baxış zamanı Musa Mamaqiyevin idarə etdiyi AUDİ A8 minik markalı 01BT861 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla, təkərlərin kənara çıxması üçün “spaser” adlı avadanlıq quraşdırdığı müəyyən edilmişdir. Buna görə də onun barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin tarixli qərarla o, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat cərimə olunmuşdur. Onun şikayəti əsassızdır. Həmin vaxt onun tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Tərəfindən qəbul edilmiş qərar qanunidir.Şikayətin təmin edilməməsi,qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 06 mart 2025-ci il tarixli TP-7095771 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan diskə məhkəmə iclas zalında baxış keçirilərkən Musa Mamaqiyevin idarə etdiyi AUDİ A8 minik markalı 01BT861 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə təkərlərin kənara çıxması üçün “spaser” adlı avadanlıq quraşdırdığı müəyyən olunur. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 xx.xx.2025-ci il tarixdə saat 18 radələrində AUDİ A8 minik markalı,01BT861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1i ünvanında idarə edərkən, həmin ərazidə xidmətdə olan Balakən rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis kiçik serjantı X6 həmin avtomobilə əlavə avadanlıq quraşdırıldığını vizual şəkildə görmüş və bu əsasa görə həmin avtomobili saxlatmışdır. Müəyyən olunmuşdur ki, X7 idarə etdiyi AUDİ A8 minik markalı,01BT861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla təkərlərin kənara çıxması üçün “spaser” adlı avadanlıq quraşdırmışdır. Bu əməlinə görə Balakən rayon Polis Şöbəsinin YPX-nin inspektoru X6 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP-6952965 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Balakən rayon Polis Şöbəsi tərəfindən həmin inzibati xəta haqqında protokol əsasında Musa Mamaqiyev xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 150 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 həmin qərardan Balakən Rayon Məhkəməsinə şikayət verərək, barəsində tərtib edilmiş xx.xx.20254-ci il tarixli TP7095771 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP6952965 saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin sanksiyasında yüz əlli manat məbləğində cərimə tənbehi nəzərdə tutulmuşdur. X5 xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi AUDİ A 8 minik markalı 01BT861 dövlət nömrə nişanlı avtomobilə normativ tələbləri pozmaqla “spaser” adlı avadanlığı quraşdırması məhkəmə iclasında təsdiq olunduğundan hesab edirəm ki, onun əməli İXM-in 342.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Avtomobilinin Balakən Rayon X11 patrul xidməti inspektoru X6 tərəfindən qanunsuz saxlanması barədə şikayətin dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə iclasında müəyyən olundu ki, Yol patrul xidməti inspektoru X1 Musa Möhmə oğlunun idarə etdiyi AUDİ A 8 minik markalı 01BT861 dövlət nömrə nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırılmasını vizual şəkildə müşahidə etdiyindən həmin avtomaşını saxlatmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə görə yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar etdikdə nəqliyyat vasitəsini saxlaya bilər. Normativ tələblərin pozulub-pozulmamasının orta təhsilli YPX-nın inspektoru tərəfindən müəyyən edilə bilməməsi, bunun aydınlaşdırılması üçün ekspertiza təyin olunmasının zəruri olması barədə şikayətin dəlillərinı əsassız hesab edərək qeyd edirəm ki, təkərlərin kənara çıxması üçün istifadə olunan “spaser” adlı avadanlığın avtomaşına quraşdırılması heç bir normativdə nəzərdə tutulmamışdır. Bu avtomobilə quraşdırılan əlavə avadanlıqdır. Odur ki, bu avadanlığın avtomobilə quraşdırılması normativ tələblərin pozulmasıdır. Bu səbəbdən iş üzrə ekspertizanın keçirilməsinə zərurət yoxdur. Avtomobilinə hansı avadanlığın quraşdırılmasına görə barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyini bilməməsi barədə şikayətin dəlilini də əsassız hesab edərək qeyd edirəm ki, məhkəmə iclasında müəyyən edildi ki, həmin vaxt Balakən Rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru X6 tərəfindən X5 idarə etdiyi avtomobilin təkərləri açılıb çıxarılmış, həmçinin quraşdırılmış “spaser” avadanlığı çıxarılaraq Musa Mamaqiyevə bu avadanlığı quraşdırmaqla normativ tələbləri pozduğu izah olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli İXP-6952965 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP- 7095771 nömrəli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən rayon Polis Şöbəsinin YPX-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti təmin edilməsin, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli İXP-6952965 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP- 7095771 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar