Məhkəmə qərarları › İş №3(019)-122/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-122/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-122/2025 19.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Umbatov Elshadın və Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X1 iştirakı ilə, Umbatov Elshad tərəfindən Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Umbatov Elshad şikayətlə məhkəməyə müraciət edərək Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Umbatov Elshad şikayəti onunla əsaslandırmışdır ki, o, Gürcüstan Respublikası vətəndaşıdır. xx.xx.2025-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində Balakən rayon Mərkəzi Xəstəxanası yaxınlığında avtomobilini yol kənarında saxlayaraq aptekdən dərman vasitələri almaq üçün kənarlaşmışdır. Avtomobilə qayıtdıqda Balakən rayonu Yol Patrul Xidməti əməkdaşlarının avtomobilinin yanında dayandığını görmüşdür. Onlara yaxınlaşdıqda Balakən rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 avtomobilinə baxış keçirdiklərini və nəqliyyat vasitəsinin normativ tələblərinin pozulduğunu, avtomobili qanunsuz olaraq təkər disklərinin arxa üzünə spacer qoyulduğu ona bildirdilər. Polis əməkdaşlarına heç bir qanun pozuntusu olmadığını, qadağan olunduğunu söylədikləri təkər disklərinin arxa üzünə qoyulmuş spacerin qanun normalarına tam cavab verdiyini, hətta bunu BMW rəsmi servisində yerləşdirilərək rəsmi icazə sənədlərinin hazırlandığını bildirmişdir. Polis serjantı bu söylədiklərinə məhəl qoymayaraq avtomobilin duracağa yerləşdirilməsi zərurəti olduğunu söyləmişdir. Polis serjantı Mahir Qarayevə hal-hazırda üzərində pul olmadığını, avtomobilin duracağa qoyulacağı təqdirdə yaşadığı ünvana gedə bilməyəcəyini bildirmişdir. Ona yaşadığı ünvana saldıqdan sonra avtomobilini duracağa yerləşdirməsini təklif etmişdir. X4 avtomobilin duracağa yerləşdirildikdən sonra, onu yaşadığı ünvana özünün şəxsən yola salacağını bildirmişdir. Balakən rayonu Yol Patrul Xidməti əməkdaşlarının bu humanistliyinə inanaraq avtomobilini duracağa yerləşdirməsinə heç bir etirazı olmamışdır. Yol Polisi əməkdaşları avtomobilini Balakən rayonu Polis Şöbəsinə aparmaq üçün ondan boş kağıza qol çəkməyini istədilər. Həmin boş kağızın avtomobilin duracağa aparılmasına icazə verməyi üçün olduğunu bildirdilər və həmin kağıza qol çəkmişdir. Polis serjantı X2 onu yaşadığı ünvana yola salmasını xahiş etmişdir. Mahir Qarayev ona bunun onun işi olmadığını və necə getməyi barəsində özünün fikirləşməsi lazım gəldiyini bildirdi. Ona yenidən üzərində pulunun olmadığını və qanunsuz şəkildə avtomobilinə cərimə tərtib etdiyi halda ondan vətəndaş kimi köməklik göstərməsini xahiş etmişdir. X5 və həyat yoldaşını orada qoyaraq avtomobilini sürüb uzaqlaşdı. Onu və həyat yoldaşını köməksiz vəziyyətdə qoyaraq bir Azərbaycan Polisinə yaraşmayan hərəkət etdi. Daha sonra ona əsassız olaraq yazılmış protokola görə tərtib olunmuş qərarı istəmək üçün Balakən rayonu X10 Polisi İdarəsinə yaxınlaşmışdır. İdarədə ona xx.xx.2025-ci il tarixdə tərtib olunmuş protokolu xx.xx.2025-ci il tarixdə yazdılar. Protokol əsasında yazılmış qərar isə əsassız yerə yubadaraq, süründürməçilik edərək xx.xx.2025ci il tarixdə verdilər. Əlavə olaraq TP ******* nömrəli qərarda göstərilir ki, BM006VX nömrəli BMW markalı avtomobili idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” görə İXM 327.2-ci maddəsinə əsasən də cərimə tərtib edilmişdir. Həmin vaxt o, İXM 327.2-ci maddəsini ümumiyyətlə pozmamışdır. xx.xx.2025-ci il tarixdə H.Əliyev prospektində hərəkət edərkən Balakən rayonu Mərkəzi Xəstəxanası ilə üzbəüz yerləşən svetoforda yol kənarında (svetoforun yaxınlığında) marşurut şoferləri avtomobillərini svetofora yaxın saxladığı üçün işıqlarını görmək mümkünsüz olur. Yalnız svetoforun 2-3 metr qalmış işıqları görmək mümkündür. Bundan əlavə həmin vaxt svetofora yaxınlaşdığı zaman qırmızı işığı görmüş və avtomobilinin hərəkətini dayandıraraq piyadaların keçidinə şərait yaratmışdır. Daha sonra svetoforun yaşıl işığında hərəkətə davam etmişdir. Bununla belə ona İXM-nin 327.2-ci maddəsində əsassız olaraq qanun pozuntusu kimi qərarda qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimə oluna bilər. Lakin o, həmin vaxt svetoforun qırmızı işığını bildirdiyi səbəblərə görə gec görmüş, amma gec görməsinə baxmayaraq avtomobilin hərəkətini dayandırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülərə inzibati cərimə tətbiq edilir. Lakin onun idarə etdiyi BMW markalı avtomobilin disk arxasına yerləşdirilmiş spacerlər qanuni tələblərə riayət edilməklə yerləşdirilmişdir. Bunu rəsmi servisdə etdirməklə servis tərəfindən avtomobilin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb ola biləcək hər hansı xəta törətməyəcəyi barədə servis tərəfindən icazə kağızı verilmişdir. Həmin sənədi şikayətinə əlavə etmişdir. Məhkəmə iclasında Umbatov Elshad şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X3 izahatında bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, vətəndaş Umbatov Elshad xx.xx.2025-ci il tarixdə Balakən şəhəri Balakən rayon Mərkəzi Xəstəxanası yaxınlığında svetoforun qadağanedici işığnda hərəkətini davam etdirmiş, avtomobilini yol kənarında saxlamış, avtomobilə baxış keçirərkən nəqliyyat vasitəsinin normativ tələblərinin pozulduğu, avtomobilə qanunsuz olaraq təkər disklərinin arxa üzünə spacer qoyulduğu aşkarlanmışdır. Qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Umbatov Elshadın xx.xx.2025-ci il tarixdə Balakən rayonu ərazisində “BMW” markalı BM006VX dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmişdir. Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Umbatov Elshad Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMM tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “BMW 528İ” markalı 90ZZ084 dövlət qeydiyyat nişanlı avtomobildə speyserlər quraşdırılmış halda təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçüləri norma daxilində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıdan görünür ki, xx.xx.2025-ci il tarixdə “BMW” markalı BM006VX dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetoforun qırmızı işığında hərəkətini davam etdirərək, stop-xəttini keçmiş, avtomobili piyada keçidinin üzərində saxlamış və yenidən qırmızı işıqda hərəkətini davam etdirmişdir. Fotoşəkildən və videogörüntüdən görünür ki, “BMW X6” markalı BM006VX dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərinin disk arxasına “spacer” quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ. hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 60-cı maddəsinin İ. hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə yüz manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Umbatov Elshadın xx.xx.2025-ci il tarixdə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı əsasında öz təsdiqini tapmış, şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında marşrut sürücülərinin avtomobillərini svetofora yaxın saxlamasını bildirməsi onun sfetoforun qırmızı işığında hərəkətinə davam etdirməsinə əsas vermir. Həmçinin svetofora yaxınlaşdığı zaman qırmızı işığı görməsi və avtomobilinin hərəkətini dayandıraraq piyadaların keçidinə şərait yaratması, daha sonra svetoforun yaşıl işığında hərəkətə davam etməsi dəlilləri də həqiqətə uyğun deyildir. Belə ki, videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıdan açıq-aşkar görünür ki, “BMW” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında hərəkətini davam etdirərək, stop-xəttini keçmiş, avtomobili piyada keçidinin üzərində saxlamış və yenidən qırmızı işıqda hərəkətini davam etdirmişdir. Bundan başqa Umbatov Elshadın avtomobilin təkərlərinə əlavə avadanlıq “spacer” quraşdırması onun izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkil və videogörüntü ilə öz təsdiqini tapmışdır. Bunu rəsmi servisdə etdirməklə servis tərəfindən avtomobilin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb ola biləcək hər hansı xəta törətməyəcəyi barədə servis tərəfindən icazə kağızını məhkəməyə təqdim etsə də, həmin sənəd onun idarə etdiyi “BMW X6” markalı BM006VX dövlət qeydiyyat nişanlı avtomobilə deyil, başqa avtomobilə məxsus sənəddir. Göründüyü kimi avtomobilə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmışdır. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat vasitələrinin sürücüləri normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Umbatov Elshad qanuni və əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və daha ciddi xətaya görə həmin Məcəllənin 342.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində inzibati cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından Umbatov Elshadın şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Umbatov Elshadın şikayəti təmin edilməsin. Balakən Rayon Yol X7 Patrul Xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar