Məhkəmə qərarları › İş №3(019)-127/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-127/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-127/2023 13.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X13 Bölməsinin (bundan sonra Balakən RPŞ Qabaqçöl PB) sahə rəisi X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Balakən rayonu Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Şərif kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cüi il tarixdə saat 10 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin qarşısını almağa dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXMnin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Qabaqçöl qəsəbəsində gəlir əldə etmək məqsədilə küçəyə ağac qoyaraq satırdı. Bununla bağlı olaraq polis əməkdaşları ona bir neçə dəfə irad bildirmiş, lakin o, yenə də satmağa davam etmişdir. Hətta küçə ticarəti qaydalarını pozduğuna görə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsilə 80 manat cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə ona yenə irad bildirilən zaman o, özündən asılı olmadan əsəbiləşmiş və ictimai yerdə səs-küy salmağa başlamışdır. O, bu hərəkətləri əsəbi halda və ailəsinə çörək pulu qazana bilməməsi üçün olduğundan etmişdir. Polis əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə saat 10.30da faktiki tutulub Polis Bölməsinə aparılmış və sonra məhkəməyə gətirilmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, polis əməkdaşları tərəfindən Şəxs 13 mart 2023-cü il tarixdə saat 10.30-da faktiki tutularaq Polis Bölməsinə aparıldığını və hazırki vaxtadək həbsdə olduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri, polis serjantı Fərid Xodayev ilə birlikdə xidmətdə olan zaman Balakən rayonu Şərif kənd sakini Şəxs qanunsuz küçə ticarəti ilə məşğul oiduğu üçün irad bildirilən zaman Şəxs heç bir əsas olmadan ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmağa başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Bu səbəbdən onlar Şəxs 13 mart 2023-cü il tarixdə saat 10.30-da tutub Balakən RPŞ-nin Qabaqçöl PB-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da X1 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin həmin maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarından görünür ki, Şəxs 13 mart 2023-cü tarixdə saat 10:30-da faktiki tutulmaqla həmin tarixdən hazırki işin məhkəmə baxışı başlanana kimi polis əməkdaşlarının nəzarətində olmuşdur. Məhkəmə qeyd edir ki, tutulma ilə həbs edilmə eyni mahiyyət daşıyır və şəxsin azadlığının məhdudlaşdırılmasını özündə ehtiva edir. Avropa Konvensiyası tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışlarına eyni məna verirsə, milli qanunvericilikdə xarakteri və prosessual əsasları müxtəlif olmaqla, bu anlayışlar eyni məna daşımır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89-cu maddəsində inzibati qaydada tutma müddətləri, Azərbaycan Respublikası CPM-nin 147 və 158-ci maddələrində isə tutma və həbs müddətləri nəzərdə tutulmuşdur və bunlar mahiyyətinə, müddətlərinə və tətbiqi əsaslarına görə bir-birindən fərqlənir. Ancaq hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası İXM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə bildirmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X3rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. İş materiallarından müəyyən olunur ki, görünür ki, Şəxs faktiki 13 mart 2023-cü tarixdə saat 10:30-da tutulsa da, onun tutulması protokollaşdırılmamış və qeydə alınmamış, o, məhkəmə prosesinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Halbuki qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı əsaslarla həyata keçirilməsinin qeyd edilməsi mütləq vacibdir. Bu, şəxsin onun tutulmasını aparan orqanın özbaşınalığından qorunma vasitəsi olmaqla, həm də tutulmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi üçün bir başlanğıc məqamdır. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququna təminat verilməklə, a)-f) yarımbəndlərində hər kəsin qanunla müəyyən olunmuş hallarda və qaydada azadlıqdan məhrum edilməsi (tutulması və ya həbsə alınması) üçün nəzərdə tutulan halların tam siyahısı göstərilmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndində şəxsin azadlıqdan məhrum edilməsi (o cümlədən həbs edilməsi) üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması əsası qeyd edilmişdir. Avropa Konvensiyasının 2,3,4 və 5-ci bəndlərində isə tutulmuş şəxsin hüquqları göstərilir ki, həmin hüquqlara da tam təminat verilməklə, bu təminatın məhkəmə nəzarəti təsbit edilir. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 9-cu maddəsində də birbaşa qeyd olunur ki, heç kim qanunsuz həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslara və prosedurlara uyğun olmayan qaydada azadlıqdan məhrum edilə bilməz. Bu hallardan kənara çıxmalar təbii ki, Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusunu təşkil edir. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbsi (onun əsasları, vaxtı və yeri göstərilməklə) sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal Şimovolos Rusiya Federasiyasına qarşı və Navalnıy Rusiya Federasiyasına qarşı işlər üzrə qərarlarda da qeyd edilmişldir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Engel və başqaları Niderlanda qarşı iş üzrə müəyyən etdiyi 2-ci və 3-cü Engel meyarlarını (müvafiq olaraq inzibati xətanın xarakteri və mümkün cəzanın ağırlığı) tətbiq edib, hazırki İXM-nin 510 və 535.1-ci maddəsində göstərilən xətaları cinayət ittihamına aid edib, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinin tələbinə əsasən Avropa Konvensiyasının milli qanunlardan daha üstün olmasını nəzərə alıb, bu xüsusda Avropa Konvensiyasının 5-ci maddəsini əsas tutaraq Şəxs faktiki olaraq 13 mart 2023-cü tarixdə saat 10:30-da tutulması və məhkəmə zalına gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olması nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməli, inzibati həbs müddətinin əvvəli Şəxs faktiki tutulduğu 13 mart 2023-cü il tarixdən saat 10.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X12, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin; inzibati həbs müddətinin əvvəli Şəxs faktiki tutulduğu 13 mart 2023-cü il tarixdən saat 10.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar