Məhkəmə qərarları › İş №3(019)-129/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-129/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-129/2021 17.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Statistika İdarəsinin rəisi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı Balakən rayonu Mahamalar kəndi olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 389-cu maddəsilə Balakən Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Balakən Rayon Statistika İdarəsi tərəfindən tərtib olunmuş 08 may 2021-ci il tarixli, MN0256519 nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC-nin 2020-ci il üzrə işçi sayı olduğu halda bu haqda hesabatları Rayon Statistika İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMCnin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında protokol tərtib etmiş Balakən Rayon Statistika İdarəsinin rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Balakən rayonu Mahamalar kəndində qeydiyyatdadır. 13 saylı ərazi vergilər idarəsinin 08 may 2021-ci il tarixli məktubundan aydın olmuşdur ki, Şəxs MMC 2020-ci ildə fəaliyyət göstərmiş, lakin 2020-ci il üzrə işçi sayı barədə hesabatları Balakən Rayon Statistika İdarəsinə təqdim etməmişdir. Buna görə də hüquqi şəxs olan Şəxs MMC barəsində protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. O, həmçinin göstərdi ki, “Statistika haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə və “Statistik işlər haqqında proqram”a əsasən Şəxs MMC 2020-ci il üzrə işçi sayı barədə hesabatları 2021-ci ilin yanvar ayının sonuna kimi Balakən Rayon Statistika İdarəsinə təqdim etməli idi, lakin etməmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsi dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC Balakən rayonu Mahamalar kəndində qeydiyyatdadır. Şəxs MMC 30 yanvar 2019-cu il tarixdə Balakən Rayon Statistika İdarəsinə 28 dekabr 2018-ci ildən 28 dekabr 2023-cü il tarixə kimi fəaliyyətini dayandırması barədə arayış təqdim etmişdir. Balakən Rayon Statistika İdarəsi 06.05.2021-ci il tarixli, **********660600 nömrəli məktubla 13 saylı ərazi vergilər idarəsinə müraciət edərək Şəxs MMC-nin 2020-ci ildə fəaliyyət göstərib-göstərməməsi barədə məlumat verilməsini xahiş etmişdir. 13 saylı ərazi vergilər idarəsi 08.05.2021-ci il tarixli cavab məktubu ilə Şəxs MMC-nin 2020-ci ildə fəaliyyət göstərdiyi barədə məlumat vermişdir. Balakən Rayon Statistika İdarəsinin rəisi Nümayəndə həmin tarixdə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə 08 may 2021ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; -inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin izahatı alınmamış, onun 2020-ci il üzrə işçi sayı barədə məlumatları Balakən Rayon Statistika İdarəsinə təqdim etməməsinin səbəbləri aydınlaşdırılmamış, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə verilməmiş və ya ünvanına göndərilməmişdir. İnzibati xəta haqqında protokolda protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilməsi qeyd edilsə də, bunu təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir.Eyni zamanda protokola Şəxs MMC barəsində heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İnzibati xəta haqqında materiallardan görünür ki, qanunvericiliyin bu tələblərinə də əməl edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə görə sahibkarlar öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək vəzifəsi daşıyırlar. Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. 08 may 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda Şəxs MMC barəsində işçi sayı haqqında hesabatları rayon statistika idarəsinə təqdim etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində işçi sayı haqqında hesabatın təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilməmişdir. Belə ki, İXM-nin 389-cu maddəsində statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanun normasında hesabatın təqdim edilməməsi sözügedən xətanın dispozitiv şərti kimi nəzərdə tutulmamış, yalnız hesabatların təhrif edilməsi inzibati məsuliyyətə səbəb olan əməl kimi təsbit edilmişdir. Şəxs MMC barəsində isə hesabatların təhrif edilməsinə görə İXM-nin 389-cu madddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. Həmçinin sözügedən 08 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi göstərilməməklə, həmin hüquqi şəxs barəsində məhz həmin əmələ görə inzibati xəta haqqında icraat başlanmamışdır. Qeyd edilməlidir ki, İXM-nin 389-cu maddəsinin dispozisiyasında göstərilən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi, həmin məlumatların vaxtında təqdim edilməməsi ilə hesabatların təhrif edilməsi başqa-başqa dispozitiv hərəkətlərdir. Göründüyü kimi, qanunvericilik məlumatları və hesabatları birbirindən fərqləndirir. Belə ki, hesabatlar qanunvericilik qaydasında xüsusi forması təsdiq edilən, müəyyən rekvizitlərə malik olan və müəyyən informasiya daşıyan rəsmi bir sənəddir. Məlumatlar isə müəyyən informasiyanı özündə əks etdirən informasiya daşıyıcısıdır. İXM-nin 389-cu maddəsində hesabatların təqdim edilməməsinə görə deyil, hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. 08 may 2021-ci il tarixli protokolda isə Şəxs MMC-yə qanunda nəzərdə tutulmayan işçi sayı barədə hesabatın təqdim edilməməsi barədə inzibati xətanın törədilməsi (İXM-nin 389-cu maddəsi) istinad olunmuşdur. Bu da qanunun tələblərinə ziddir və yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsasdır. 08 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işdəki digər sübutlarla Şəxs MMC tərəfindən İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin nədə ifadə olunması; statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi, yaxud vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi və tərtib olunmuş 08 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs MMCnin İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilmir. İş materialları ilə Şəxs MMC-nin əməlinin statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) sübuta yetirilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, «Şəxs » MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. «Şəxs » MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Statistika İdarəsinin vəzifəli şəxsi tərəfindən də Şəxs MMC-nin İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki qanuna görə bu vəzifə onun üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, « Şəxs » MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, hətta 08 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən Şəxs MMC-nin 2020-ci il üzrə işçi sayı olduğu halda bu haqda hesabatları Rayon Statistika İdarəsinə təqdim etməməsi İXM-nin 389-cu maddəsinin dispozisiyasında qeyd edilən Şəxs MMC tərəfindən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi kimi qəbul olunsa belə (hərçənd ki, bu belə deyildir), Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün də xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikakası Qanununun 3-cü maddəsinə, “Statistik işlər haqqında proqram”a əsasən Şəxs MMC 2020-ci il üzrə işçi sayı barədə məlumatların Balakən Rayon Statistika İdarəsinə 2021-ci ilin yanvar ayı ərzində təqdim edilməsi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, hazırki iş üzrə Şəxs MMC barəsində inzibati xəta haqqında protokol 08 may 2021-ci il tarixdə tərtib edilməklə İXMnin 389-cu maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qanun normasının (İXM-nin 38.1-cü maddəsi) tələbinə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol 31 yanvar 2021-ci il tarixdən ən geci 3 ay müddətində (30 aprel 2021-ci il tarixinədək) tərtib edilə, o, İXM-nin 389-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə və onun barəsində inzibati tənbeh tətbiq edilə bilərdi. Lakin iş materialları ilə müəyyən olunur ki, ehtimal olunan inzibati xətanın törədildiyi gündən 3 ay keçdikdən sonra-3 ay 8 gün sonra Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsilə 08 may 2021-ci il tarixli, MN0256519 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda da həmin müddətdən 4 ay 17 gün keçir. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qanunsuz və əsassız olaraq onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki qanuna görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz. Bu da Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 38, 53, 105.1, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin və Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar