Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-129/2025 24.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxs Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Balakən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 mart 2025ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə Balakən rayonu Qazbinə yaşayış məntəqəsi ərazisində dövlət vəsaiti hesabına abadlıq işləri proqramı lahiyəsinə uyğun olaraq düzəldilmiş hasarın 16 m hissəsini və 7.5 m2 piyada hissəsini sökərək dövlətə qəsdən 3147.65 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, onun atası X2 adına Balakən rayon Mahamalar kənd ərazisində torpaq sahəsi vardır. Həmin torpaq sahəsində əvvəlcə yaşayış sahəsi kimi ev tikmişlər. Daha sonra isə qeyri-yaşayış sahəsinə çevirmək üçün icra hakimiyyətinə müraciət etmişdir. Lakin icazə verilməmişdir. Daş hasar onun öz vəsaiti hesabına tikilmişdir. Həmin hasarın onun obyektinin üstünə yıxılmaq təhlükəsi var idi, buna görə də hasarı sökdürmüşdür. Hasarın qalıqlarını isə obyektinin həyətinə yığdırmışdır. İcra Hakimiyyəti sözügedən hasarın üzərinə aqlay və tökmə dekorativ daşlarla üz çəkmişdir. Hasarın qarşısındakı piyadaların hərəkəti üçün nəzərdə tutulan ictimai səki yolda internet xətti çəkənlər tərəfindən dağıdılmışdır. Dəymiş ziyanı ödəmək fikri yoxdur. Barəsində tərtib olunmuş inzibati xəta haqqına protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Qarayev Raufun adına olan yaşayış sahəsində yolun kənarında çay daşlarından hazırlanan köhnə hasar var idi, lakin həmin hasar alçaqdan yığılmışdı. Balakən rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən abadlıq işləri proqramı lahiyəsinə uyğun olaraq dövlət hesabına həmin hasara daş əlavə olunaraq digər hasarlarla bərabər hündürlüyə çatdırılmış və üzlük çəkilmişdir. Tikinti prosesində vətəndaş tikinti layihəsinə uyğun olaraq obyekt inşa etməmişdir. Layihənin hasar hissəsində dəyişiklik etmişdir. Qanuna əsasən əgər vətəndaş tikinti layihəsində hər hansı dəyişiklik etmək istəyirsə, ərizə və çıxarışla həmin dövlət orqanına müraciət etməlidir. Bununla bağlı razılıq alındıqdan sonra yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevirməklə bundan istifadə edə bilər. Lakin vətəndaş bu qaydalara riayət etməyərək, qəsdən və məqsədli şəkildə həmin hasarı sökmüşdür. Hasar üzərində dekorativ abadlıq işləri aparılarkən səkidə də bərpa işləri görülmüşdür. Obyekti tikmək üçün adı çəkilən şəxs obyektə birbaşa giriş mümkün olsun deyə həmin səkini də sökmüşdür və dövlətin əmlakına qəsdən 3147.65 manat ziyan vurmaqla inzibati xəta törətmişdir. Ziyan hesablanarkən ancaq abadlıq işlərinə sərf edilmiş xərclər nəzərə alınmış, minimum həddə təxmini hesablanmışdır, 3147.65 manatdan daha çox ola bilər. Şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Balakən RPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 mart 2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığındn material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, hasarın 16 m hissəsinin və 7.5 m2 piyada hissəsinin sökülməsi nəticəsində yekun zərərin məbləği 3147.65 manatdır. Məhkəmə proses iştirakçılarının izahatına, inzibati xəta haqqında protokola və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Məhkəmə Şəxs izahatını özünümüdafiə xarakteri daşıyan və inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.36-cı maddəsinə əsasən ortaq divar – iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divardır. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 71.2-ci maddəsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 avqust 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Balakən rayonunda da uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində Mərkəzi Rayon Xəstəxanası, X8, Gənclər evi və digər sosial yönümlü obyektlər tikilmiş, emal və istehsal müəssisələri yaradılmış, abadlıq-quruculuq işləri görülmüşdür. Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Balakən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs atası X4 məxsus torpaq sahəsi ilə avtomobil yolunun sərhəddində hasar tikilmişdir. Həmin hasar avtomobil yolunun sərhədində inşa edildiyi üçün ortaq divar hesab edilir. “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 avqust 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Balakən Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Balakən rayonunda abadlıq-quruculuq işləri aparılmış, Balakən rayonu Qazbinə yaşayış məntəqəsi ərazisində yerləşən ortaq divar olan həmin hasarda, həmçinin səkidə bərpa işləri aparılmışdır. xx.xx.2024-ci il tarixdə Şəxs 16 m hasarı sökdürmüş, hasarı sökdürərkən 7.5 m2 piyada hissəsi də sökülmüşdür, ortaq divar sökülərkən razılıq alınmamış, belə razılıq olmadığı təqdirdə isə məhkəmə qərarı qəbul edilməmişdir. Bununla da o, dövlətə 3147.65 manat maddi ziyan vurmuş və İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta xx.xx.2024-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 11 mart 2025-ci il tarixdə qəbul edilmiş, qərar qəbul edildiyi gündən üç ay müddət keçməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən də bir il müddət keçməmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş (3147.65 manat) ziyanın bir misli məbləğində - 3147.65 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-129/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-129/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver