Məhkəmə qərarları › İş №3(019)-130/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-130/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-130/2021 10.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon Statistika İdarəsinin rəisi X1 iştirakı ilə , Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Balakən Rayon Statistika İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Balakən Rayon Statistika İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə 08 may 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, 2020-ci il üzrə dövriyyəsi və işçi sayı haqqında hesabatları rayon Statistika İdarəsinə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Balakən Rayon Statistika İdarəsinin rəisi X2 məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Balakən rayonu Hənifə kəndində qeydiyyatdadır. Şəxs 30 yanvar 2019-cu ildə Balakən Rayon Statistika İdarəsinə arayış təqdim etmişdir ki, 28 dekabr 2018-ci ildən 28 dekabr 2023-cü il tarixə kimi fəaliyyətini dayandırmışdır.2020-ci ilin may ayında isə 13 saylı ərazi vergilər idarəsinin məlumatından aydın olmuşdur ki, Şəxs 2020-ci ildə fəaliyyət göstərmiş, lakin 2020-ci il üzrə dövriyyəsi və işçi sayı barədə hesabatları Balakən Rayon Statistika İdarəsinə təqdim etməmişdir. Buna görə də hüquqi şəxs olan “Şəxs» MMC barəsində protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. O,həmçinin göstərdi ki, “Statistika haqqında” Qanunun 3-cü maddəsinə və “Statistik işlər haqqında proqram”a əsasən “Şəxs» MMC 2020-ci il üzrə dövriyyəsi və işçi sayı barədə hesabatları 2021-ci ilin yanvar ayının sonuna kimi Balakən Rayon Statistika İdarəsinə təqdim etməli idi, lakin etməmişdir. Hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs Balakən rayonu Hənifə kəndində qeydiyyatdadır. Şəxs 30 yanvar 2019-cu ildə Balakən Rayon Statistika İdarəsinə 28 dekabr 2018-ci ildən 28 dekabr 2023-cü il tarixə kimi fəaliyyətini dayandırması barədə arayış təqdim etmişdir. Balakən Rayon Statistika İdarəsi 06.05.2021-ci il tarixli,**********660600 nömrəli məktubla 13 saylı ərazi vergilər idarəsinə müraciət edərək Şəxs-in 2020-ci ildə fəaliyyət göstərib-göstərməməsi barədə məlumat verilməsini xahiş etmişdir. 13 saylı ərazi vergilər idarəsi 08.05.2021-ci il tarixli cavab məktubu ilə Şəxs-in 2020-ci ildə fəaliyyət göstərdiyi barədə məlumat vermişdir. Balakən Rayon Statistika İdarəsinin rəisi X2 həmin tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə 08 may 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin izahatı alınmamış, onun 2020-ci il üzrə dövriyyəsi və işçi sayı barədə hesabatları Balakən Rayon Statistika İdarəsinə təqdim etməməsinin səbəbləri aydınlaşdırılmamış, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə verilməmiş və ya ünvanına göndərilməmişdir. İnzibati xəta haqqında protokolda protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilməsi qeyd edilsə də bunu təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir.Eyni zamanda protokola Şəxs barəsində heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İnzibati xəta haqqında materiallardan görünür ki, qanunvericiliyin bu tələblərinə də əməl edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları təmin edilməmişdir. “Rəsmi statistika haqqında” Qanunun 3-cü maddəsinə, “Statistik işlər haqqında proqram”a əsasən Şəxs 2020-ci il üzrə dövriyyəsi və işçi sayı barədə hesabatları Balakən Rayon Statistika İdarəsinə 2021-ci ilin yanvar ayı ərzində təqdim etməli idi, lakin etməmişdir. Onun barəsində inzibati xəta haqqında protokol 08 may 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi hüquqi şəxs Şəxs barəsində qanunda nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar