Məhkəmə qərarları › İş №3(019)-133/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-133/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-133/2021 17.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis baş leytenantı X7, Zərərçəkmiş şəxs, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və orada yaşayan- Hüseyinova Pərvanə Əsildar qızı haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 17.04.2021-ci il tarixdə, saat 13:00 radələrində Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evininin həyətində keçmiş gəlini Zərərçəkmiş şəxs döyməklə və sair zorakı hərəkətlərlə ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 may 2021-ci il tarixli, MN seriyalı,1199090 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, o, 16.04.2021-ci il tarixdə, saat təxminən 18 radələrində bacısı Məftunə ilə Bakı şəhərindən Balakən rayonu Talalar kəndində yaşayan atası evinə gəlmişdir. 17.04.2021-ci il tarixdə, günorta vaxtı bacısı Məftunə ilə Balakən şəhərində yerləşən bazardan evə bazarlıq edərək nişanlısı Elmar ilə atası evinə gəlmiş, Elmanın həyətə girməsi ilə qardaşı Tərlanın keçmiş arvadı Mədinə Elmara çölə çıxmasını, yoxsa polis çağıracağını bildirmişdir. Elmar onun atası ilə görüşdüyü zaman həyətə polis əməkdaşaları gəlmişlər. Bu zaman Mədinənin bacısı Məftunəni itələməsini görərək, Mədinənin saçından tutaraq yolmuş, Mədinə də onun saçından tutaraq saçını yolmuşdur. Həmin vaxt polis əməkdaşları ornları aralamışlar. O, Mədinənin saçını yolduğu zaman dırnaqları Mədinənin sifətinə dəymiş və Mədinə xəsarət almışdır. Mədinə ondan şikayət etdiyi halda, o, Mədinədən şikayət etməmişdir. Himayəsində 12 yaşında bir azyaşlı oğlan uşağı vardır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2012-ci ildə Balakən rayonu Talalar kəndində yaşayan X8 ilə ailə qurmuş, həmin evlilikdən onların bir azyaşlı oğlu olmuşdur. Münasibətləri alınmadığına görə 2020ci ilin iyun ayında boşanmışlar, boşanmalarına baxmayaraq, Tərlanın evində azyaşlı oğlu ilə birlikdə yaşayır. 17.04.2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhərində yaşayan keçmiş əri Tərlanın bacıları-onun baldızları Pərvanə və Məftunə həyətə gəlmişlər. Onlar özləri ilə tanımadığı bir nəfər oğlan da gətirmişlər. Həmin oğlanı gördükdə ona “ həyətdən çıx, yoxsa polis çağıracam” demişdir. Həmin oğlan ona çağır deməsinə görə, yaşadığı ünvana polis əməkdaşları çağırmışdır. Polis əməkdaşları onun yaşadığı həyətə daxil olduqda Pərvanə ona hücum çəkərək, qollarına, boynuna və sinəsinə xəsarət yetirmişdir. Bunu görən polis əməkdaşları Pərvanəni ondan kənarlaşdırmışdır. Həmin vaxt orada Pərvanənin bacısı Məftunə, onların əmisi qızı Xəyalə və polis əməkdaşaları olmuşlar. Polis əməkdaşları getdikdən sonra Məftunə və Pərvanə gəldikləri maşınla oradan getmişlər. Pərvanə ilə aralarında olan mübahisə və dava yaşadığı evin həyətində baş vermiş, mübahisə 4-5 dəqiqə davam etmişdir. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, bacısı Pərvanə ilə 16.04.2021-ci il tarixdə, saat təxminən 18 radələrində Bakı şəhərindən Balakən rayonuna atası evinə gəlmişlər. 17.04.2021 -ci il tarixdə Balakən şəhərində yerləşən Balakən bazarında bazarlıq etdikdən sonra günorta vaxtı bacısının nişanlısı Elmanın maşını ilə atası evinə glmiş, aldıqları ərzaq-tərəvəzi boşaltdıqları zaman qardaşı Tərlanın keçmiş arvadı Mədinə Elmana çölə çıxmasını, yoxsa polis çağıracağını demişdir. Bundan sonra Mədinə bacısı Pərvanəyə nalayiq sözlər deyərək, üzərinə getmiş və saçından tutmuşdur. Həmin vaxt bacısı Pərvanə də Mədinənin saçından tutmuş və dartmışdır. Bundan sonra polis əməkdaşları ortalığa girərək, bacısı Pərvanəni və Mədinəni yaşadığı evə aparmışlar. Polis əməkdaşaları oradan getdikdən sonra bacısı Pərvanə və Elman oradan çıxıb getmişlər. Bacısı Şəxs himayəsində 12 yaşında bir azyaşlı oğlan uşağı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da X1 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan X5 Balakən RPŞ-də iş üzrə aparılan təhqiqat zamanı verdiyi izahatında göstərilmişdir ki, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs əmisi oğlu Tərlandan boşanmışdır və boşandıqdan sonra azyaşlı oğlu ilə birlikdə həyətdə yerləşən birmərtəbəli evdə yaşayır. 16.04.2021-ci ildə əmisi qızları Məftunə və Pərvanə onunla qonşuluqda yaşayan atası evinə gəlmişlər.17.04.2021-ci il tarixdə, saat 12 radələrində Məftunə və Pərvanə yanlarında tanımadığı, adının Elman olduğunu bildiyi şəxs ilə əmisinin həyətinə gəlmişlər. Mədinə Elmana qapıdan çıxmasını bildirərək polisə zəng etmiş, polis əməkdaşları həyətə daxil olanda Mədinə ilə Pərvanə arasında mübahisə yaranmışdır. Məftunənin Mədinənin üzərinə gəldiyini görən Mədinə onu əli ilə kənara itələmişdir. Bunu görən Pərvanə Mədinəyə hücum çəkərək onun qollarına, boğazına və sinəsinə xəsarət yetirmişdlir. Həmin vaxt həyətə gəlmiş polis əməkdaşları ortalığa girərək, onları aralamışlar. Bundan sonra Pərvanə, Məftunə və Elman gəldikləri maşına minərək, oradan getmişlər. İş materiallarında olan X9 Balakən RPŞ-də iş üzrə aparılan təhqiqat zamanı verdiyi izahatında 17.04.2021-ci il tarixdə, saat radələrində Balakən RPŞ-nin Əməliyyat-istintaq qrupunun üzvü olduğu zaman çağırışla Balakən rayonu Talalar kəndinə şikayət edilən ünvana RPŞ-nin növbətçi avtomobili ilə getməsi, həyətə daxil olanda Mədinə və Pərvanə adlı xanımlar arasnıda mübahisə yaranması, mübahisə zamanı Pərvanənin Mədinənin sinəsindən itələməsi və sonra saçlarından tutmasını görərək ortalığa girməsi və onları aralaması, həmin zaman orada Mədinə, Məftunə, Pərvanə, Elman, Xəyalə adlı şəxslərin olması qeyd edilmişdir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Mikayıl Mahmudovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla araşdırma nəticəsində Balakən rayonu Talalar kəndində Zərərçəkmiş şəxs Ramazan qızının keçmiş əri T.Hüseynovun həyətinə 17.04.2021-ci il tarixdə, saat 13 radələrində keçmiş baldızları Pərvanə və Məftunə Hüseyinova bacılarının qonaq gəlməsi və aralarında yaranmış mübahisə nəticəsində Şəxs Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağlamlığına zərər vurmayan xəsarət yetirməsinin təsdiqini tapması və toplanmış materialda cinayət hadisəsinin olmaması nəticəsinə gəlinərək, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs Ramazan qızının DİN-nin 102 xidmətinə etdiyi şikayət əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Zərərçəkmiş şəxs, qərarın surəti X3 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 20.04.2021-ci-ci il tarixli, 107 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Ramazan qızının məhkəmə-tibbi müayinəsi zamanıburnunda üst səthdə qançır, sağ saidin yuxarı 1/3-də iç səthdə qançır,sağ saidin 1,3-də üst səthdə sıyrıq, sol bazunun orta 1,3-də bayır səthdə və iç səthdə səthi sıyrıqlar, sol ön qəfəsində orta körpücük xətti 4-5-ci qabırğalar səviyyəsində qançır—bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hisəsində göstərilən müddətdə, yəni 17.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Himayəsində azyaşlı uşağı olan qadın olması və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində azyaşlı uşağı olan qadın olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Əsildar qızının barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı, qanuni və ədalətli hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar