Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-135/2025 02.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2020 nömrəli icra sənədi üzrə yaranmış 5944 manat aliment borcunu tələbkar X4 ödəməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. 2 dəfə şöbəyə dəvət edilmiş, lakin gəlməkdən imtina etmişdir. Bu günədək ödənilməmiş aliment borcu 5944 manat təşkil edir və xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir və ödəmək istəmir. İcra şöbəsinə gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, işsizliklə bağlı borcunu ödəyə bilmir, hazırda borcu ödəmək üçün imkanı yoxdur. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X3 hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2024-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında məlumatdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3281/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 24-cü maddələrinə əsasən Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş yeri olmadığı üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 16:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-135/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-135/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver