Məhkəmə qərarları › İş №3(019)-14/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-14/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-14/2023 06.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB) sahə rəisi X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarında qanunsuz istehlak etmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, himayəsində 10 yaşında bir oğlan uşağı vardır. Bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində narkotik vasitə olan heroindən şəxsi istehlak miqdarında istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə olan heroini yerdən tapmışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əmələ yol verməyəcəkdir. Himayəsində 10 yaşında bir azyaşlı uşağı vardır. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarında qanunsuz istehlak etməsi müəyyən olunmuşdur. Bu barədə işdə kifayət qədər sübutlar olduğundan Şəxs barəsində Azçərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında Balakən RPŞ-nin əməkdaşı olduğunu, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarında qanunsuz istehlak etdiyini, bu barədə özünün bildirdiyini və ona görə də Şəxs polis şöbəsinə gətirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 13\2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan və test məlumatlarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Gəncə RND-nin həkim narkoloqu tərəfindən aparılmış müayinə zamanı Şəxs sidiyində narkotik vasitə (opi) aşkar edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2023-cü il tarixli 06 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22.08-də tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 20.00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən 06 yanvar 2023-cü il tarixdə verilmiş **********4 nömrəli arayışdan görünür ki, Şəxs filial tərəfindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində narkotik vasitə olan heroini şəxsi istehlak miqdarında istehlak etməsini səmimi olaraq etiraf etmiş və bu hal işdəki digər sübutlarla-xx.xx.2023-cü il tarixli 13/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu, şahid izahatı və sair sübutlarla təsdiqini tapmışdır. Ona görə də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz çəkisi 0,15 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağın olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini istehlak etməklə narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluq halı Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün qanun normasının tələbinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, himayəsində bir azyaşlı uşağın olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXMnin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs xx.xx.2023-cü il saat 22.08-dən xx.xx.2023-cü il saat 20.00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi nəticəsinə gəlindiyi və Azərbaycan Respublikası İXM-də və digər qanunvericilik aktlarında inzibati cərimə tənbehi tətbiq olunmuş şəxslərə münasibətdə narkomaniyadan məcburi müalicənin təyin olunması əsası, qaydası və şərtləri nəzərədə tutulmadığından, yəni Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə yalnız inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicənin təyin edilməsi təsbit edildiyindən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Eyni zamanda belə nəticəyə gəlirəm ki, Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X7, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun xx.xx.2023-cü il saat 22.08-dən xx.xx.2023-cü il saat 20.00-dək bir gün inzibati qaydada tutulması nəzərə alınmaqla Şəxs üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar