Məhkəmə qərarları › İş №3(019)-14/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-14/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-14/2024 22.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X8 müdafiəçisi Nümayəndə2 və Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi-Nümayəndə1 iştirakları ilə, X8 Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kənd sakinidir. Onun mülkiyyətində 0.1568 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 1988-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 124.20 kvm-dən ibarət fərdi yaşayış evi vardır. 2023-cü ilin aprel ayında ona məxsus olan həyatyanı torpaq sahəsində 8.8x12.6 m ölçüdə fərdi yaşayış evi tikməyə başlamışdır. Yarımçıq tikilinin birinci mərtəbəsini tikdikdən sonra maddi imkanının olmaması səbəbindən tikintini dayandırmışdır. 2023-cü ilin iyul ayında onu Balakən Rayon İcra Hakimiyyətinə dəvət edərək izah etdilər ki, ona məxsus olan həyətyanı torpaq sahəsində hündürlüyü 6 metrdən çox olan iki mərtəbəli fərdi yaşayış evi inşa edir. Həmin vaxt orada olarkən bildirdi ki, 8.8x12.6 m ölçüdə fərdi yaşayış evi inşa edəcəkdir. Yarımçıq tikilinin birinci mərtəbəsini tamamlamışdır. Tikilinin memarlıq planlaşdırma layihəsi üçün aidiyyəti müraciət etmişdir. Tikiləcək evin hündürlüyü isə 6 mdən artıq olmayacaq. Eyni zamanda bildirdi ki, bütün sənədləri hazır olduqdan sonra tikintini davam etdirəcəkdir. Orada olan əməkdaşlarla tikilinin qeyri-qanuni olmaması ilə bağlı bir az mübahisə etdikdən sonra geri qayıtdı. xx.xx.2023- cü il tarixdə 0.1568 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Daşınmaz əmlakın Texniki pasportunda 8.8x12.6 m ölçüdə fərdi yaşayış evinin yarımçıq tikilisinin olduğu qeyd edilmişdir. xx.xx.2023- cü il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsindən icraata başlamaq haqqında qərarın surətini aldıqdan sonra ona məlum olmuşdur ki, Balakən Rayon İcra Hakimiyyətinin 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli icra sənədinə əsasən 800 manat məbləğində inzibati cərimə olunduğu qeyd edilmişdir. 2023-cü ilin dekabr ayının 14-də barəsində olan sənədlərlə tanış olduqda ona məlum oldu ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’nin 3,11 və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə aparılan monitorinq zamanı tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən tikinti işlərinin aparıldığı müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati xəta haqqında müvafiq işə baxılması nəzərdə tutulmuşdur. Qeyd edilən vaxtda işə baxılması ilə əlaqədar Balakən RİH-nin inzibati binasında olmağı xahiş edilmişdir. Eyni zamanda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, guya o, özünə məxsus torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq özbaşına tikinti işi aparmışdır. Protokol onun iştirakı olmadan tərtib edilmişdir. Bununla bağlı qeyd yoxdur. Bundan əlavə barəsində olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, o, Balakən rayonu Tülü kəndində özünə məxsus torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq özbaşına tikinti işi aparmışdır. Həmin qərarın surəti ilə 2023-cü ilin dekabrın 14-də tanış olmuşdur. Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsassız və qanunsuzdur. Belə ki, inşa edilmiş tikili 2023-cü ilin aprel ayında inşa edilməyə başlanmış, 2023- cü ilin may ayında inşası yarımçıq saxlanılmışdır. Barəsində tərtib edilmiş protokoldan görünür ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərininin tikintisi üçün məlumatlandırma icraatı tətbiq olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Belə olan halda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 -ci maddəsinin tərkib əlamətləri yoxdur. 2023-cü ilin aprel ayında tikintisinə başladığı yarımçıq tikili inşa edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi mövcud olmamışdır. Hər bir halda onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinin təsir dairəsinə düşə bilərdi ki, həmin inzibati xətalara baxmaq səlahiyyəti isə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinə deyil, rayon şəhər məhkəmələrinə məxsusdur. Qeyd edilənləri nəzərə alaraq Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 müdafiəçisi Nümayəndə2 şikayəti müdafiə edərək, ona uyğun izahat vermis, şikayətin təmin edilməsini və X11 barəsində 14 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi- Nümayəndə1 X8 müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyekti inşa etdiyini, Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 800 (səkkiz yüz) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli aktda göstərilir ki, aşağıda imza edənlər

1. X12 şəhərsalma nəzarətinin həyata keçirilməsi, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə RİH-də yaradılan nəzarət bölgüsünə əsasən Tülü İƏD üzrə rayon icra hakimiyyətinin məsul işçisi; 2.Balakən RİH başçısının Tülü İƏD üzrə nümayəndəsi N.Qarayev, 3. X11- qanunsuz tikinti aparan şəxs tərtib edirlər həmin aktı ona görə ki, «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq yuxarıda göstərilən tarixdə Tülü kəndində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirdikdə aşağıdakılar müəyyən edildi:Tülü kənd sakini X1 Qabaqçöl yolu obasında özünə məxsus sahədə qanunsuz tikinti işləri aparmışdır; tikilinin planda pölçüləri:12,0 mx8,0 m olan qeyri-yaşayış obyekti aşkar edildi. Sahibkarlıq divar hündürlüyü 32 m səviyyədə dayandırılıb. X3 tikilinin zəruri sənədlərini hazırlayanadək tikinti işlərinin dayandırılması tövsiyə edilmiş, müvafiq əsas olmadan tikinti işlərinə başlaması barəsində məlumatların tikinti işlərinin dayandırıdlması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə göndəriləcyi ona bildirilmiş, qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri barədə xəbərdarlıq edilmişdir. Aktı D.A.Omarov, N.Qarayev və N.Şahverdiyev imza etmişlər. Akta 2 fotoşəkil əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əlavə olunmuş fotoşəkildə X11 tərəfindən inşa edilən sözügedən tikinti obyektinin başa çatdırılmadığı, tikintinin dam örtüyünün bağlanmadığı və orada tikinti işlərinin davam etdiyi görünür. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Nümayəndə1 tərtib etdiyi 22 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 rayonu Tülü kəndinin Qabaqçöl yolunun solunda dövlət mülkiyyətinə aid torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq özbaşına tikinti işi aparmışdır. Bununla da X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh törədilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından görünür ki, 22 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolla X5 rayonu Tülü kəndində özünə məxsus torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq sahibkarlıq obyektini tikdiyi müəyyən olunmaqla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubova ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-36/2-01-4133/2023 nömrəli məktubda göstərilir ki,Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən rayonu ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatları və Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış məktubun surətini qanunvericiliyə uyğun tədbir görülməsi üçün təqdim edilir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanmış xx.xx.2023-cü il tarixli 5- 36/2-01-1113/2023 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarr’na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı Balakən rayonu ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatlarları qanunvericiliyə uyğun tədbir görülməsi üçün təüdim edilir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-36/2-01- 1134/2023 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11. və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə monitorinq keçirilmişdir.Monitorinq zamanı Balakən rayonu ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin, tikintiyə icazə verilməsinin ümumi qaydalarına riayət edilmədən qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarının tələblərinə əməl edilmədən tikinti işlərinin aparıldığı aşkar edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi və tikinti işini aparmış şəxs barəsində məlumatlarları və Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış məktubun surəti təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyi Tikintidə X17 Agentliyinin 11 iyul 2023-cü il tarixli Tikinti işlərinin dayandırılması barədə 0511 nömrəli qərarında göstərilir ki, fiziki şəxs X11 tərəfindən Balakən rayonu Tülü kəndində lisenziya olmadan sahibkarlıq obyektində 2.40 m səviyyəsində hörgü işləri aparılır. İş materiallarında olan Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestrinin İnternet Səhifəsindəm çıxarışda göstərilir ki, X11 xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kəndində 2 mərtəbəli fərdi yaşayış evinin tikinti üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndi 0.1568 ha yaşayış məntəqələrinin torpaqları 39 №li reyestr kitabının 31 №li vərəqində xx.xx.2023-cü il tarixdə X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********83-10301 olan, 17302 qeydiyyat nömrəli 08 sentyabr 2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Tülü kəndi 0.1568 ha yaşayış məntəqələrinin torpaqları X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Balakən rayon İcra Hakimiyyəti MN ******* nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X11 barəsində 22 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozması, Balakən rayonu Tülü kəndində yolun sağında araməsafələrini pozmaqla ölçüləri 12,0 x 8,8 aşırımı 6 metrdən çox olan 2 mərtəbəli tikilini inşa etməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, həmin protokolun surəti X10 göndərilmiş, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxılması üçün rəsmi bildirişlə Balakən RİH-nə dəvət edilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 rayonu Tülü kəndində AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq tikinti tikməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə-800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İşdəki sübutlardan müəyyən olunur ki, həmin tikilinin tikildiyi vaxt onun yerləşdiyi torpaq sahəsi hələ X8 mülkiyyətində olmamışdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, X2 0.1568 ha torpaq sahəsinə mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydə alınmış və məhz həmin xx.xx.2023-cü il tarixdə onun torpaq sahəsinə mülkiyyət hüquqları yaranmışdır. X7 həmin tikilini torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alındığı xx.xx.2023-cü il tarixdən əvvəl müvafiq zəruri sənədlər almadan qanunsuz olaraq tikməyə başlamış və özünün imzaladığı 03 iyul 2023-cü il tarixli tarixli aktla ona tikilinin zəruri sənədlərini hazırlayanadək tikinli işlərinin dayandırılması yazılı qaydada tövsiyə edilmişdir. Bundan başqa işdəki sübutlardan həmçinin görünür ki, X8 tikdiyi 2 mərtəbəli tikilinin ölçüləri 12,0 x 8,8 olmaqla aşırımı 6 metrdən çox olmuşdur ki, bu fakt onun barəsində tərtib edilmiş 22 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda da öz əksini təpmışdır. Bu hal isə X11 tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin pozulmasını və onun əməlində İXM-nin 395.1-ci maddəsinin tərkib əlamətlərinin olduğunu göstərir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X20 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X20 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Yenə də həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. Həmin Məcəllənin 75.6-cı maddəsinə əsasən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yenə də həmin Məcəllənin 75.7-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.9-cü maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Yenə də həmin Məcəllənin 75.10-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 75.12-ci maddəsinə əsasən tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. Yenə də həmin Məcəllənin 75.13-cü maddəsinə əsasən tikintiyə icazənin və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Həmin Məcəllənin 75.15-ci maddəsinə əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Yenə də həmin Məcəllənin 75.16-cı maddəsinə əsasən tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. X8 şikayətdə qeyd etdiyi və onun müdafiəçisi tərəfindən məhkəmədə iclasında müdafiə olunduğu- onun tərəfindən inzibati xətanın törədilməməsi və onun haqqında əsassız olaraq inzibati tənbehin tətbiq edilməsi barədə əsaslar iş materialları ilə tam təkzib olunur və barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs və onun müdafiəçisi tərəfindən bu halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İş materiallarından həmçinin müəyyən olunur ki, Nəriman Şahverdiyev 03 iyul 2023cü il tarixdə qanunsuz tikintinin dayandırılması barədə ona edilən xəbərdarlıqlara məhəl qoymamış, tikintini davam etdirmiş və işdə olan 22 iyul 2023-cü il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə onun haqqında inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, o, İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmış, X4 Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cərimə edilmişdir. İş materiallarına əsasən X11 barəsində Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də X8 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında… İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X8 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı m:

X8 şikayəti təmin edilməsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini X21 14 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar