Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-141/2025 02.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN-xxxxxxx, Ali təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri .S.Gözəlov küçəsi ev 2, mənzil 15-də yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 02 aprel 2025-ci il tarixdə saat 11:30 radələrində Balakən şəhəri H.Əliyev prospektində küçədə-ictimai yerdə ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 Elmar oğlunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid1 raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və Balakən şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, 02 aprel 2025-ci il tarixdə saat 11:30 radələrində özünə məxsus “KİA- Optima” markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olduğu zaman yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildirmişlər. O, alkotestrdən keçdikdən sonra əsəbiləşmiş, ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmiş və rayon Polis Şöbəsinə gətirmişlər. O, etdiyi əməldən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki,xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində o və rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Naimq Rəhmanov “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidlməti avtomobildə Balakən şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman KİA-Optima markalı **-VH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, sürücüyə kəmər taxmadığı üçün saxladıqlarını izah etmişlər. Bu zaman sürücü avtomobldən düşərək əsassız saxlanıldığını deyərək onlarla mübahisə etməyə başlamışdır. Onun bu hərəkətlərindən onun spirtli içkinin təsiri altında olduğunu düşündükləri üçün onu həkim müayinəsindən keçirtmək məqsədi ilə Balakən MRX-na dəvət etmişlər. Həmin vaxt sürücü daha da əsəbələşərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da , o, onların qanuni tələblərinə qəsdən tabe olmamış,öz hərəkətlərini təxminən 5 dəqiqə davam etdirmişdir. Onlar həmin şəxsi sakitləşdirmiş və özləri ilə rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan Şəxs olduğunu bilmişlər. Bundan sonra Şəxs barəsində tədbir görülməsinə göstəriş verməsi üçün Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Elmar oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 aprel 2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, 02 aprel 2025-ci il tarixdə saat 16:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1964-cü il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs səmimi peşimançılığı məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları-əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-141/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-141/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver