Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-143/2025 02.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Balakən rayonu Hənifə kəndi ərazisində, küçədə arvadı Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında bildirmişdir ki, raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahidlər müəyyən edilmiş, onların izahatı alınmış, inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunmuşdur. Barəsində qanunamüvafiq qaydada tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2024-ci ilin avqust ayında Esmira ondan boşanmaq qərarına gəlmiş və bunun üçün məhkəməyə müraciət etmişdir və hazırda da bu işə baxılır. Boşanma ərəfəsində olsalar da onlar bir evdə yaşayırlar. Ancaq tez-tez evdə münaqişələr olur deyə Esmira uşaqlarını da götürərək anası evinə gedir və orada qalır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə Esmira ilə aralarında sözlü mübahisə yaranmışdır. Ancaq o, Esmiranı evdən qovmamışdır. Əksinə onu evə qaytarmaq istəmişdir. xx.xx.2025-ci il tarixdə o, küçədə Esmiranın ünvanına nalayiq ifadələr işlətməmişdir, mübahisə ancaq evdə olmuşdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ailəsində baş vermiş söz-söhbətlər nəticəsində boşanmaq qərarına gəlmişdir və hazırda məhkəmədə bu işə baxılır. Ancaq məhkəmənin yekun qərarını gözləmədən Zöhrab tez-tez onu evdən qovub çıxarır, küçədə gecələməyə məcbur edir. Eyni zamanda uşaqlara da gedin ananızla birlikdə qalın deyə təzyiq göstərir. Bu hal artıq dəfələrlə baş vermişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yenə Zöhrab onunla əsaassız mübahisə yaratmış və onu evdən qovmağa cəhd etmişdir. Ancaq gecə saatları olduğu üçün evdən küçəyə çıxamağa qorxmuş və bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Zöhrab yenə onu evdən çıxarmaq istəmiş, bu dəfə anasına zəng vurmuşdur ki, onlara gəlsin. Saat 12 radələrində anası onlara gəlmiş, həmin vaxt Zöhrab qolundan tutaraq onu küçəyə çıxarmışdır və uca səslə ünvanına nalayiq söyüşlər söymüşdür. Anası Zöhrabı sakitləşdirməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Zöhrab yenə də onun ünvanına söyüşlər söyməkdə davam etmişdir. Nəhayət anası onu oradan uzaqlaşdırmış və öz evlərinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. xx.xx.2025-ci il tarixdə yenə Zöhrab qızı Esmira ilə əsassız mübahisə yaratmış və onu evdən qovmağa cəhd etmişdir. Ancaq Esmira gecə saatları olduğu üçün evdən küçəyə çıxamağa qorxmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Esmira ona zəng vurdu və yenə də Zöhrabın onu evdən qovub çıxarmaq istədiyini bildirmişdir. Bundan sonra o, onların yaşadığı ünvana getdikdə görmüşdür ki, Zöhrab Esmiranın qolundan tutaraq onu küçəyə çıxarır və küçədə qızının ünvanına uca səslə nalayiq söyüşlər söyür. Həmin vaxt saat 12 radələri idi. Zöhrabı sakitləşdirməyə çalışsa da heç bir nəticəsi olmamış, o yenə də qızı Esmiranın ünvanına söyüşlər söyməkdə davam etmişdir. Bundan sonra Zöhrabın etdiyi davranışlara son qoymayacağını görmüş və Esmira ilə birlikdə öz evlərinə getmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi anası Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə atası ilə anası mübahisə etmiş, sonra nənəsi gəlmiş, ata-anası çölə çıxmış, daha sonra anası nənəsi ilə birlikdə çıxıb getmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini və şahidlərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində inzibati həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 18:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 18:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-143/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-143/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver