Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-145/2022 18.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Püştətala kəndində yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 aprel 2022-ci tarixdə saat 12 radələrində Balakən şəhəri H.Əliyev prospektində polis əməkdaşları ilə uca səslə mübahisə edərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Anar Mirəliyev və Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Anar Mirəliyevin raportu əsasında, inzibati xəta haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin ifadələri alınmış və Balakən rayonu Püştətala kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonunun Püştətala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, X1 meyvə qurutma sexində idarəçi işləyir. 16 aprel 2022-ci il tarixdə saat 10 radələrində sexdə işləyən Mahir ona zəng edərək Zaqatala şəhərindən meyvə gətirmək lazım olduğunu bildirmişdir. O, da idarə etdiyi Mitsubişi Sentra **-KL-*** markalı yük maşını ilə rayona gəlmişdir. Avtomaşına yanacaq doldurmaq üçün azpetrola sürmək istəyərkən polis əməkdaşları ona saxla əmri vermişdir. O, avtomaşını saxlamış və yerə düşmüşdür. Etibarnaməsi olmadığına görə ona avtomaşını cərimə meydançasına sürməyi deyilmişdir. Həmin vaxt əsəbi olduğuna görə polis əməkdaşlarının tələbini yerinə yetirməmiş,səs-küy salmış, avtomaşını cərimə meydançasına sürmək istəməmiş,maşının açarını polis əməkdaşlarına verməkdən imtina etmişdir. Buna görə də onu rayon polis şöbəsinə gətirmişlər.Əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-də YPX-də xidmət edir. 16 aprel 2022-ci il tarixdə RPŞ-nin YPX-nin inspektoru ,polis baş serjantı Anar Mirəliyevlə H.Əliyev prospektində xidmət aparan zaman 10 VL-923 dövlət nömrə nişanlı yük maşının sürücüsü dönmə işığından istifadə etmədiyi üçün saxlanılmışdır.O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və törətdiyi yol hərəkəti qayda pozuntusunu ona izah etmişdir. Yoxlama zamanı sürücünün avtomaşının etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. O, sürücüyə avtomaşının duracağa yerləşdirilməsini izah etsədə, o, buna razı olmamış, nə avtomobilin açarlarını verməmiş, nə də avtomobili özü sürüb duracağa gətirməmişdir. Buna görə də radioötürücü vasitəsi ilə köməyə PPXB-nin əməkdaşlarını çağırmışlar. Həmin müddət ərzində Şəxs onlarla küçədə uca səslə mübahisə etmişdir. Onlar sürücünü intizama dəvət etsələr də sürücü onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də həmin şəxsi özləri ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər və tədbir görülməsinə göstəriş verməsi üçün Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16.04. 2022-ci il tarixdə saat 13:00da inzibati qaydada tutulmuş, 18.04.2022-ci il tarixdə saat 13:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 aprel 2022-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş və 18 aprel 2022-ci il tarixə saat 13:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı iki gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 16 aprel 2022-ci il tarixdə saat 13:00-dan 18 aprel 2022-ci il tarixə saat 13:00-a kimi tutulub saxlandığı 2(iki) gün müddət həmin müddətdən çıxılsın və üzərində 06 (altı) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən saat 14:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-145/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-145/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver