Məhkəmə qərarları › İş №3(019)-145/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-145/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-145/2025 17.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 və qərarından şikayət verilən vəzifəli şəxs Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 iştirakı ilə, X3 barəsində Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Balakən Rayon Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, Balakən Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilən ******* nömrəli protokol qanunsuz və əsassız olmaqla inzibati xətanın törədilməsinə dair heç bir sübut müəyyən edilməmiş və protokolda qeyd olunmamışdır. Belə ki, iş saatı zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Balakən şəhəri, Z.Əliyeva küçəsində yerləşən avtomobil yuma məntəqəsinə gəlmiş polis sahə inspektoru nəqliyyat vasitələrinin yuyulması ilə məşğul olduğu zaman yaranan, sonradan urnaya atılmaq üçün müvəqqəti kənara qoyduğu tullantıların obyektin ərazisində olmasına irad bildirmiş, qanunsuz və əsassız olaraq xx.xx.2025-ci il tarixində protokol və qərar qəbul etmişdir. Həmin protokol və inzibati tənbeh vermə haqqında qərara polis sahə rəisinə verdiyi izahatı əlavə olunmamışdır. Beləliklə, polis sahə rəisi R.Orucov tərəfindən obyektin girişində, urnaya atılması üçün müvəqqəti kənara qoyduğu tullantıları görməsinə əsasən qanunsuz və əsassız protokol və qərar hazırlaması, protokol və qərara dair tələblərə əməl etməməsi, sübut kimi hansı faktın müəyyən edilməsini qeyd etməməsi və Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinin tələblərinə riayət edilməyərək verdiyi izahatın əlavə olunmaması nəticəsində qanuni sahibkarlıq fəaliyyətinin qarşısı alınmış, qanuni maraq və mənafeləri kobud şəkildə pozulmuşdur. Sonradan urnaya atılması niyyəti ilə müvəqqəti olaraq obyektin ərazisinə yerləşdirilməsi faktı, maddədə nəzərdə tutulan “atılması”na uyğun gəlmir. İnzibati xətanın müəyyən edilməsində şəxsin niyyətinin aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb etməklə tullantının obyektin ərazisində xaotik vəziyyətdə deyil, səliqəli şəkildə toplanması da urnaya atılmaq üçün nəzərdə tutulduğunu müəyyən edən faktdır. Lakin qeyd olunan hallar polis sahə rəisi tərəfindən nəzərə alınmamış, qanunsuz və əsassız protokol və qərar qəbul olunmuşdur. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Balakən Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qərara dair tələblərə riayət edilməmiş, “qərardan şikayət verilməsi müddəti və qaydası” müəyyən olunmamışdır. Qərardan şikayət verilməsi müddəti və qaydasının göstərilməməsi, həmin qərardan şikayət vermə hüququmun qarşısını almışdır. Bundan əlavə olaraq yuxarı səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2025-ci il tarixində şikayət verilməsinə baxmayaraq, həmin şikayətə aidiyyatı üzrə baxılmamış, qanuni maraq və mənafelərinin pozulmasının qarşısı alınmamışdır. xx.xx.2025-ci il tarixində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, sahibkarlıq fəaliyyətini əsassız məhdudlaşdırmaqla, onun normal və maneəsiz həyata keçirilməsinə kobud şəkildə müdaxilə etmişdir. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunması və inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin sahə rəisi X4 izahatında bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, Balakən şəhəri, Z.Əliyeva küçəsində yerləşən avtomobil yuma məntəqəsinin yanında zibil atılması aşkar edilmişdir. Həmin əraziyə getmiş və bu barədə araşdırma apararaq X6 tərəfindən tullantıların urnadan kənara atılması aşkar edilmişdir. Baxmayaraq ki, ərazinin yaxınlığında urna mövcuddur. Qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şikayəti, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Balakən şəhəri, Z.Əliyeva küçəsində yerləşən avtomobilyuma məntəqəsinin qarşısında məişət tullantıları tutumlardan (urnalardan) kənara atılmış və ərazinin yaxınlığında urna mövcuddur. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən avtomobilyuma məntəqəsinin qarşısına məişət tullantılarını tutumlardan kənara atması iş materialları əsasında öz təsdiqini tapmış, şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tullantıların onun tərəfindən atılmasını bildirmişdir. Məhkəmə hesab edir ki, X3 inzibati tənbeh vermə haqqında qərarın ləğvi əsası kimi irəli sürdüyü – tullantıların sonradan urnaya atılması niyyəti ilə müvəqqəti olaraq obyektin ərazisinə yerləşdirməsi dəlili əsassızdır, iş materiallarından göründüyü kimi tullantılar avtomobilyuma məntəqəsindən kənarda yerə atılmışdır. Buna görə məhkəmə onun bu izahatını özünümüdafiə xarakteri daşıyan və inzibati məsuliyyətdən azad olunmaq üçün irəli sürülmüş izahat kimi qiymətləndirir. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X3 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar