Məhkəmə qərarları › İş №3(019)-147/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-147/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-147/2024 16.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, xx.xx.1962-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Balakən rayonu Qazma kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Həmid xx.xx.2024cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs onu əl və taxta parçası ilə vurduğu üçün özünü müdafiə etdiyini və Sabiti vurduğunu, itələdiyini, onun heç bir təqsirinin olmadığını bildirmişdir. Balakən RPŞ-nin TB-də aparılan təhqiqat zamanı Şəxs izahatında göstərmişdir ki, Balakən rayonu Qazma kəndində anası X5 ilə birlikdə yaşayırlar. 2015-ci ildən rayonun Qazma kəndində yerləşən ata məhəlləsindəki evdə yaşayır. Həmin ev qardaşı Sabitlə aralarında mübahisəli mülkdür, hazırda məhkəmədə fındıq bağının, torpaq sahəsinin bölünməsi ilə əlaqədar araşdırma aparılır. Sabit Qazma kəndində bacısı Şərqiyyəyə məxsus evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Ata məhəlləsində onun yaşadığı evdən əlavə atasının vaxtı ilə tikdiyi başqa bir ev yerləşir, həmin evdə hazırda heç kim yaşamır. Sabit bacısı Şərqiyyənin evində yaşasa da, hərdən onun yaşadığı evə anası ilə görüşməyə gəlir, buna heç vaxt etiraz etməmişdir. xx.xx.2024-cü ildə saat 19 radələrində bağdan evə gələn zaman qardaşı Sabitin evdə anası ilə söhbət etdiyini, bacısı Şərqiyyənin oğlu Nailin isə mətbəxində oturduğunu görmüşdür. Sabit onu görəndə onun, anası Fatmanın ünvanına nalayiq söyüşlər söymüşdür. Sabitin danışığından, hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Sabiti sakitləşdirmək istəmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sabit əlləri ilə onun sifət, kürək nahiyyələrindən vuraraq döymüşdür. O da əli ilə Sabitin bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə vuraraq onu döymüş, qarşılıqlı olaraq dalaşmışlar. Nail onları ayırmış, Sabiti evdən həyətə çıxartmışdır. Sabit öz ailə üzvüləri ilə birlikdə Nailgildə yaşadığı üçün Naildən onu evə aparmağı xahiş etmiş, Nail Sabiti evə apara bilməmişdir. Naili öz evlərinə göndərmiş və anası Şərqiyyəyə xəbər etməsini, gəlib Sabiti aparmasını demişdir. Sabit həyətdə, o, anası ilə birlikdə evdə qalmışdır. Hadisəni anası Fatma, bacısı oğlu Nail görmüşlər, onlardan başqa hadisəni kənar şəxslərdən heç kim görməmişdir. Həmin vaxt səs- küy yaransa da, yaşadığı evə, evin həyətinə qonşulardan, kənar şəxslərdən heç kim gəlməmiş, hadisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı Sabit əlləri ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq onu döysə də, bədən xəsarəti almamışdır. Sonra Sabit həyətdən onun ünvanına nalayiq söyüşlər söymüş, nə iləsə vurub evin pəncərəsinin bir ədəd şüşəsini sındırmışdır. Evdən həyətə çıxmış, Sabitə demişdir ki, sərxoşsan get sabah ayılanda gələrsən söhbət edərik. Sabit həyətdə olan lingi əlinə götürmüş üzərinə gəlmiş, lingi onun əlindən alıb kənara atmış, Sabit həyətdə qalmış, o isə bağa getmişdir. Təxminən bir saatdan sonra bağdan evə qayıdan zaman kənardan Sabitlə anasını həyətdə görmüş, Sabit həyətdən yola çıxmış, yolda nalayiq söyüşlər söydüyü üçün həmkəndlisi Yaşar ona öz iradını bildirmiş, Sabit onunla söz mübahisəsi etmiş, həyətdən onların səsini eşitmişdir. Sonra saat 20 radələrində Sabit yenidən həyətə qayıtmış, həyətdə təxminən ondan 20 metr kənarda saxladığı “Mercedes Benz-300D” markalı avtomobilini əlində olan görə bilmədiyi əşya ilə vurmağa başlamış, onu çağıraraq qarşısına çıxmağı tələb etmiş, qaranlıq olduğuna görə Sabitin ona məxsus avtomobilin harasına nə ilə vurduğunu görməmiş, kənardan tappıltı səslərini eşitmişdir. Həmin vaxt yanlarında heç kim olmadığına görə Sabitin hərəkətini heç kim görməmişdir. Sonra Sabit həyətdən çıxıb harasa getmişdir. Bacısı Şərqiyyənin mobil telefonuna zəng etmiş, Sabitin geri qayıtmağına imkan verməməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra, saat 21 radələrində Sabit əlinda balta bacısı Şərqiyyə ilə birlikdə onun yaşadığı evə gəlmiş, həmin vaxt mətbəxdə olmuşdur. Sabit əlindəki balta ilə evin 2 ədəd pəncərəsinin şüşələrini, evin taxta materialdan olan giriş qapısını vurub sındırmışdır. İstifadəsində olan mobil telefon vasitəsi ilə “102” xidmətinə zəng edib, Sabitin hərəkətləri barədə məlumat vermişdir. X11 sakitləşdirməyə çalışsa da, Sabit onu eşitməmişdir. Sabit mətbəxə onun yanına gəlmiş, ondan evi tərk etməyi tələb etmiş, balta ilə onu vurmaq istəmiş, kənara çəkilərək baltanı Sabitin əlindən almış, onu yerə yıxmış, bacısı Şərqiyyə ona Sabiti vurmağa imkan verməmiş, baltanı bacısı Şərqiyyəyə vermişdir. Həmin vaxt Balakən şəhərində yaşayan digər bacısı Cəmilə də ora gəlmişdir. Sabit sındırdığı qapının taxta parçasını (reykanı) yerdən əlinə götürmüş, onun sağ sifət, gözaltı, boyun və bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarətlər yetirmişdir. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmiş, onu və X14 dəvət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında qardaşı Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində onu döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ona qəsdən fiziki ağrı yetirdiyini təsdiq etmişdir. Balakən RPŞ-nin TB-də aparılan təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, müvəqqəti olaraq Balakən rayonu Hənifə kəndində baçısı Şərqiyyəyə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı Şəxsla aralarında ata mülkünə görə 7 ildir mübahisələri, narazılıqları vardır. Həmin səbəbdən dəfələrlə bir-birlərindən qarşılıqlı olaraq şikayətlər etmiş, Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılmışdır. Aralarında olan mülkü mübahisənin bir hissəsi, fındıq bağının, torpaq sahəsinin bölünməsi ilə əlaqədar hazırda məhkəmə araşdırması davam edir. Ata məhəlləsində Mehmanın anası ilə birlikdə yaşadığı, aralarında mübahisəli olan evdən əlavə atasının vaxtı ilə tikdiyi başqa bir ev yerləşir, həmin evdə hazırda heç kim yaşamır, yaşayış üçün yararsız vəziyyətdədir. Bacısı Şərqiyyənin evində yaşasa da, hərdən anası ilə görüşmək üçün onun Mehmanla yaşadığı evə gedir. xx.xx.2024-cü ildə Qabaqçöl qəsəbəsində tanışları ilə çörək yeyən zaman spirtli içki, araq içmiş, sərxoş vəziyyətdə Qabaqçöl qəsəbəsindən tanımadığı taksi ilə Qazma kəndinə saat 19 radələrində anası ilə görüşmək üçün onun Mehmanla yaşadığı evə gəlmişdir. Anası, bacısı Şərqiyyənin oğlu Nail evdə olmuşlar. Anası ilə söhbət edən zaman Mehman evə gəlmişdir. Mehman nə üçün gəlmisən, bura mənim evimdir və s. demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qarşılıqlı olaraq Mehmanla bir-birlərini əlləri ilə vuraraq dalaşmış, yumruqla Mehmanın sağ sifət, gözaltı nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Mehman da əlləri ilə onu vurmuş, yerə yıxmışdır. Nail onları ayırmış, onu evdən həyətə çıxarmışdır. Nail onu yaşadığı evə aparmaq istəsə də, sərxoş olduğuna görə onu eşitməmiş, evə getməmişdir. Hadisə evdə olduğu üçün onların dava edib bir-birlərini vurmağını anası Fatma və bacısı oğlu Nail görmüşlər, onlardan başqa hadisəni kənar şəxslərdən heç kim görməmişdir. Həmin vaxt səs-küy yaransa da, evə, evin həyətinə qonşulardan, kənar şəxslərdən heç kim gəlməmişdir, hadisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Nail Mehmanla harasa getmiş, o isə həyətdə qalmışdır. Sonra Mehmanı axtarmış, tapa bilməmiş, oradan yaşadığı evə, yəni bacısı Şərqiyyənin evinə getmiş, həyətdən balta götürmüş, saat 21 radələrində yenidən Mehmanın yaşadığı evə qayıtmışdır. Mehman həyət darvazasını, dəmir materialdan olan əl qapısını bağlamışdır. Ona görə əlindəki baltanın küpü ilə əl qapısını bir neçə dəfə vurmuş, sonra həmin əl qapısının yuxarı hissəsinə baltanın küpü ilə vurub dəmir listi qırmış, qapının cəftəsini əli ilə açmış həyətə girmiş, evə tərəf gedərək Mehmanı çağırmış, Mehman ona səs verməmiş, qarşısına çıxmamışdır. Həmin vaxt bacısı Şərqiyyə gəlmişdir, Mehmana əsəbləşdiyi üçün əlindəki baltanın küpü ilə evin taxta materialdan olan giriş qapısını, evin iki ədəd pəncərəsinin şüşələrini vurub qırmışdır. Bacısı Şərqiyyə onu sakitləşdirməyə çalışsa da, onu eşitməmiş, evə daxil olmuşdur. Mehman mətbəxdə olmuş, qapını bağladığı üçün baltanın küpü ilə mətbəxin qapısını vurub zədələmiş, Mehman qapını açmış, baltanı onun əlindən almış, onu yerə yıxmış, bacısı Şərqiyyə Mehmana onu vurmağa imkan verməmişdir. Həmin vaxt Balakən şəhərində yaşayan digər bacısı Cəmilə gəlmiş, Mehman Cəmilə ilə söz mübahisəsi etmişdir. O, sındırdığı qapının taxta parçasını (reykanı) yerdən əlinə götürmüş Mehmanın baş, boyun nahiyyəsindən vurmuşdur. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlmiş, onu və X12 dəvət etmişlər. Hadisə nəticəsində Mehman əlləri ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq onu döymüş, yerə yıxmış, bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Mehmana məxsus avtomobili heç nə ilə vurmamış, zədələməmiş, Mehmana məxsus avtomobilin ön şüşəsi əvvəldən çatlamışdır, avtomobili köhnədir, onun avtomobilinə zərər vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında Balakən ryonu Qazma kəndində oğlu Mehman ilə birlikdə yaşadığını, xx.xx.2024-cü ildə saat 19 radələrində oğlu Sabitin onun görmək üçün onların yaşadığı evə gəldiyini, Sabitlə evdə söhbət etdikləri vaxt Mehmanın bağdan evə gəldiyini, Mehmanla Sabit arasında mübahisə yarandığını, Sabitin danışığından, hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu hiss etdiyini, Mehmanın Sabiti ele-belə vurduğunu, Mehmana Sabit işkili olduğundan ona vurmamasını bildirdiyini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ona qəsdən fiziki ağrı yetirməsi məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 izahatları ilə də təsdiq olunmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 74 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər- alnında ortada 01 ədəd qansızma,sifətinin sağ yuxarı hissəsində 01 ədəd sıyrıq, üst və alt dodaqlarında iç səthdə 02 ədəd qansızmalar, sağ əlin üstündə 02 ədədə, sol əlinin ovuc hissəsində 01 ədəd, sol baldırın orta 1/3-də 01 ədəd sıyrıqlar-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə (əl ilə vurulmaqla) əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157- ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə inzibati icraatın açılması və qərardad barədə Zərərçəkmiş şəxs məlumat verilməsi qərara alınmışdır. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunaraq həmin maddə əsasında məhkəmə məsuliyyətinə verilməsi üçün toplanmış materialın sadələşdirilmiş icraat formasında Balakən rayon prokuroru vasitəsilə Balakən rayon Məhkəməsinə göndərilməsi barədə yekun protokolun tərtib edilməsi, toplanmış materialda Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1 -ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət təqibinin başlanmasının rədd edilməsi, toplanmış materialda Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CMnin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə əsasında cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surətinin Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi, qərarın surətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs və Zərərçəkmiş şəxs göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar