Məhkəmə qərarları › İş №3(019)-15/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-15/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-15/2021 19.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə X1 Balakən Rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X3 məhkəməyə şikayət ərizəsi verərək, Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsini dəqiqləşdirib, barəsində xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Balakən RPŞ-nin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə iki nəfər dostuyla birlikdə Balakən rayonunun Mahamalar (Salban) kəndində yerləşən yeməkxanada açıq havada oturub çörək yeyen zaman oraya rayon polis şöbəsinin əməkdaşı Şamil Ramazanlı gəlmişdir. Şamil Ramazanlı orada olanlara nəzər yetirmiş və onlara yaxınlaşmış və barələrində protokol tərtib ediləcəyini bildirmişdir. Onlar nə üçün barələrində protokol tərtib ediləcəyini soruşduqda, Şamil Ramazanlı onlara qoruyucu vasitədən, yəni maskadan istifadə etmədiklərini bildirmişdir. Həmin vaxt karantin rejimi olmadığını, açıq havada oturdluqlarını və karantin qaydalarının pozmadıqlarini Şamil Ramazanlıya bildirmişlər.Bundan sonra Şamil Ramazanlı oradan çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixli Balakən Rayon Polis Şöbəsindən onun ünvanına 109-26300- 1220 nömrəli bildiriş məktubu gəlmiş və həmin məktubda xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokiun surətinin ona göndərildiyi və inzibati protokolun ödənişini tez bir zamanda «KapitalBank» və ya «AZƏR POÇT» vasitəsi ilə həyata keçirməsi və qəbzi rayon polis şöbəsinə təqdim etməsi, inzibati cəriməni ödəmədiyi halda barəsində ciddi tədbir görüləcəyi bildirilmişdir. O, Balakən Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN- ******* nömrəli inzibati protokolundan və qərardan narazıdır. Belə ki, birincisi, Azərbaycan Respublikası İXM-nin 221.2-ci maddəsində də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulması nəzərdə tutulmuşdur. Barəsində tərtib olunmuş protokodlan onun heç bir xəbəri olmamışdır. Həmin inzibati protokolun surəti ona göndərilməmiş və o, neçə manat cərimə olunmasını bilməmişdir. Ona yalnız polis şöbəsindən cəriməni ödəməsi barədə bildiriş gələn zaman onun bu barədə məlumatı olmuşdur. Eyni zamanda bildirir ki, həmin vaxt sərt karantin rejimi olmamış və onlar açıq havada üç nəfər bir yerdə oturmuş və karanti qaydalarını pozmamışdır. Barəsində tərtib edilmiş protokoldan heç bir xəbəri yoxdur, bu barədə hər hansı bir sənədə imza etməmiş və bu barədə xəbərdar belə edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də barəsində xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Balakən RPŞ-nin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə cərimə edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli, MN ******* saylı protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı X7 şəhəri R.Səmədov küçəsi ev 34 də yaşayan X2 ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli inzibati protokolun surəti ona göndərilir.lnzibati protokolun ödənişini tez bir zamanda “Kapital Bank” və ya "AZƏR POÇT" vasitəsi ilə həyata keçirib qəbzi Balakən RPŞ-yə təqdim etməsi xahiş edilmiş, inzibati cəriməni ödəmədiyi halda barəsində ciddi tədbir görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı X7 şəhəri R.Səmədov küçəsi ev 34 də yaşayan X2 ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli inzibati protokolun ödənişini artıq 5 aydır gecikdirir. Bu barədə onun ünvanına rəsmi məktub göndərilmişdir.İnzibati protokolun ödənişini tez bir zamanda “Kapital Bank” və ya “AZƏR POÇT" vasitəsi ilə həyata keçirib qəbzi Balakən RPŞ-yə təqdim etməsi ondan xahiş edilir, inzibati cəriməni ödəmədiyi halda barəsində ciddi tədbir görüləcəyi barədə xəbərdar olunur. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı X7 şəhəri R.Səmədov küçəsi ev 34 də yaşayan X2 ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, onun xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin “102” zəng xidmətinə və eyni zamanda Balakən Rayon Polis Şöbəsinə etdiyi müraciət Balakən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində araşdırılmış, müraciətində qeyd etdiyi xüsusatların araşdırılması məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İş materiallarından görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, o cümlədən Balakən RPŞ-nin İTB-nin S/R tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının İXM və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx.xx.2020-ci il tarixli, 189 nömrəli qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx.xx.2020-ci il tarixli, 189 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarında qapalı ictimai iaşə obyektlərində fərdi qoruyucu vasitələrdən istifadə edilməsi imperativ tələb kimi vurğulanmış, açıq ictimai iaşə obyektlərində yemək yeyilən zaman mütləq qaydada fərdi qoruyucu vasitələrdən istifadə edilməsi nəzərdə tutulmamışdır. Lakin inzibati xəta hadisənin törədilməsi ehtimal edilən xx.xx.2020-ci il tarixdə X4 rayonu Mahamalar (Salban) kəndində yerləşən yeməkxanada açıq havada oturub yemək yeyərkən belə vəziyyətdə açıq havada olan ictimai iaşə obyektlərində fərdi qoruyucu vasitələrdən istifadə barədə qanunda mütləq tələb nəzərdə tutulmadığı halda onun barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdəki sübutlardan görünür ki, həmin vaxt masada oturan zaman sosial məsafə gözlənilmişdir. İşdəki sübutlarla X1 xx.xx.2020-ci il tarixdə Balakən rayonu Mahamalar (Salban) kəndində açıq havada yerləşən yeməkxanada yemək yeyərkən mütləq qaydada fərdi qoruyucu vasitələrdən istifadə etməli olması və bunu etməməsi, bununla İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunmur və Tural Tanrıverdiyev tərəfindən İXM-nin 211.2-ci maddəsi ilə qadağan edilən həmin inzibati xətanın törədilməsi halının mövcudluğu məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə də hər hansı mötəbər sübutla aradan qaldırılmayan həmin əsaslı şübhələri X1 xeyrinə həll edərək, X1 xx.xx.2020-ci il tarixdə ictimai yerdə fərdi qoruyucu vasitələrdən istifadə etməməsi nəticəsini əsassız hesab edir və belə qənaətə gəlir ki, X1 əməlində İXMnin 211.2-ci maddəsinin tərkibi mövcud deyildir və onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri yoxdur. Bu xüsusda o da qeyd edilməlidir ki, iş materiallarına əsasən X2 istinad edilən inzibati xətaya münasibətdə izahat verilməsi hüququ təmin edilməməklə, protokol tərtib edilərkən ona İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməməklə və bu barədə protokola müvafiq qeyd aparılmamaqla, ona inzibati xəta haqqında protokolun surəti verilməməklə və protokol onun tərəfindən imzalanmağa təqdim edilməməklə, həmçinin onun barəsində inzibati xəta haqqında işə baxılarkən və inzibati tənbeh verilərkən iştirakı təmin edilməməklə, ona münasibətdə İXM-nin 100.1.7, 100.2,100.3,100.4 və 114-cü maddəsinin tələbləri pozulmuş, X1 iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin yardımından istifadə etmək, qərardan şikayət vermək və İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları pozulmuş, həmçinin inzibati tənbeh vermə haqqında qərar ona verilməməklə və nəticədə onun həmin qərardan vaxtında şikayət verilməsinə maneçilik törədilməklə onun həmin qərardan vaxtında şikayət etmək hüququnu, qaydasını və müddətini nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 128- 130-cu maddələri pozulmuşdur. Ona görə də Balakən RPŞ-nin vəzifəli şəxsi tərəfindən X1 İXM-nin 211.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edlilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsini təsdiq edən sübut növüdür. Polis şöbəsinin sahə rəisinin Tural Tanrıverdiyevə maska taxmadığına görə cərimə olunduğunu bildirməsi polis əməkdaşının vətəndaşa hüquq və vəzifələrini izah etmədiyini, onun müdafiəçinin yardımın istifadə edib-etməməsinin aydınlaşdırmadığını göstərir və inzibati xəta törədən şəxsdə artıq onun barəsində tərtib edilən protokolla onun təqsirinin sübuta yetirildiyi təəsüratı yaradır ki, nəticədə Tural Tanrıverdiyevin inzibati məsuliyyətə cəlb olunduğu qənaətinə gəlmiş, bununla da vətəndaşın hüquq və vəzifələrinin izah olunmaması onun konstitusion hüquqlarının,yəni protokola baxılmasında onun iştirak etmək hüququnun, onun barəsində tərtib edilmiş protokola münasibəti, şikayət etmək və s. hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Qeyd edilən qərar olmadıqda şəxs təqsirsiz sayılır. İXM-nin 8.3-ci maddəsində də göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlar o qənaətə gəlməyə əsas verir ki, Tural Tanrıverdiyevin əməlində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi əlamətlərinin olubolmaması istiqamətində heç bir araşdırma aparılmamışdır. X1 əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən heç bir mötəbər sübut olmadan onun müraciət etmək hüququ məhdudlaşdırılmaqla, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs əsassız İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X1 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X1 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) X8 Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşdəki sübutlardan görünür ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Balakən RPŞ-nin xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, cərimə edilmişdir. Ona görə də məhkəmə iclasında iş üzrə müəyyən edilmiş bütün hüquqi və faktoloji hallar həmin qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibinin olmamasına görə X3 barəsində İXM-nin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün tam əsas verir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alıb, yekun olaraq bu nəticəyə gəlirəm ki, X1 şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: X1 şikayəti təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar