Məhkəmə qərarları › İş №3(019)-15/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-15/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-15/2022 17.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Balakən rayonu Tülü kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 04.01.2022-ci il tarixdə saat 00.30 radələrində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan BUM markalı, 16 çaplı, Ş560 nömrəli, qoşalüləli ov tüfəngini və 9 ədəd 16 çaplı atəş üçün yararlı patronu üzərində qanunsuz olaraq saxlamışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 yanvar 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. Bir neçə gün əvvəl qonşuları Emil Sarayev və Ələddin Dabaxovla birlikdə ova getmək qərarına gəlmişlər. Onlar qərarlaşdırmışlar ki, onları ov yerinə qonşuları Ramiz Akqubayev aparsın. Onlar bu barədə Ramiz Akqubayevə dedikdə o, onlarla razılaşmış və aparacağını demişdir. 03.01.2022-ci il tarixdə saat 00 radələrində o, babasından yadigar qalmış, sənədləri olmayan, BUM markalı, 16 çaplı, Ş560 nömrəli, qoşalüləli ov tüfəngini və 9 ədəd 16 çaplı atəş üçün yararlı patronu götürmüş və eyni zamanda Ələddin və Emil də özlərinə məxsus olan sənədsiz ov tüfənglərini götürərək, Ramiz dayının idarə etdiyi VAZ 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Qazma kəndi ərazisinə ov etmək üçün getmişlər. Onlar çöllük sahəyə təzəcə çatmışlar ki, polis əməkdaşları onlara yaxınlaşmış və əllərində olan ov silahlarını görmüşlər. Həmin silahların sənədləri olmadığı məlum olduqda onları rayon Polis Şöbəsinə dəvət etmişlər. Heç vaxt o, qanunsuz ovçuluq ilə məşğul olmamışdır və olmur. İnzibati xətanı törətməsindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ-nin PPXB-taqım komandiri, polis leytenantı Orxan Əliyev tərəfindən Balakən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Çingiz Aslanova ünvanlanmış raportda göstərilir ki, 04.01.2022-ci il tarixdə saat 00.30 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Rəşad Şeşdərovla birlikdə Balakən rayonu Qazma kəndi ərazisində xidmətdə olarkən “Xurma Bağı” adlanan ərazidə, yolun qaranlıq hissəsində VAZ 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını görüb həmin avtomaşına yaxınlaşmışlar. Bu zaman avtomaşında sürücüdən başqa 3 nəfər sərnişinin də olduğunu və onların əllərində hansısa əşyanı gizlətməyə çalışdıqlarını görmüşlər. Diqqətlə baxdıqda məlum oldu ki, həmin şəxslərin gizlətməyə çalışdıqları 3 ədəd ov silahıdır. Sonra qeyd olunanlarla bağlı müvafiq araşdırma aparılması üçün şəxsləri rayon Polis Şöbəsinə dəvət etmişlər. RPŞ-də aparılan yoxlama zamanı qeyd olunan avtomaşının sürücüsünün 1952-ci il təvəllüdlü, Balakən rayonu Tülü kənd sakini X1, sərnişinlərin isə Tülü kənd sakinləri 1963-cü il təvəllüdlü X2, 1988-ci il təvəllüdlü Şəxs və 1995-ci il təvəllüdlü X4 olması məlum olmuşdur. Eyni zamanda burada Şəxs müvafiq sənədləri olmayan BUM markalı, 16 çaplı, Ş560 nömrəli, qoşalüləli ov tüfəngi və 9 ədəd 16 çaplı atəş üçün yararlı patron, Ələddin Dabaxovdan müvafiq sənədləri olmayan BUM markalı, 16 çaplı, 107211-62 nömrəli, qoşalüləli, Emil Sarayevdən isə müvafiq sənədləri olmayan İJ markalı, 16 çaplı, P18910 nömrəli, təklüləli ov silahları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşmaçılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmaçılığı kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd BUM markalı, 16 çaplı, Ş560 nömrəli, qoşalüləli ov tüfəngi və 9 ədəd 16 çaplı atəş üçün yararlı patron dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş, Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd BUM markalı, 16 çaplı, Ş560 nömrəli, qoşalüləli ov tüfəngi və 9 ədəd 16 çaplı atəş üçün yararlı patron dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar