Məhkəmə qərarları › İş №3(019)-15/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-15/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-15/2025 09.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mustafayeva Kərimə Şamil qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi anası Qanuni nümayəndə, müdafiəçi Balakən rayonu Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Balakəndə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən rayonu Qazma kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən 08 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Qazma kəndində küçədə Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı, zərərçəkmişin, zərərçəkmişin qanuni nümayəndəsinin, şahidin ifadələri və digər sübutlarla tam sübuta yetirilmişdir. Protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 ifadəsində göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Qazma kəndində küçədə Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. 08 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun 09 yanvar 2024-cü il tarixdə məhkəməyə göndərilməsi Şəxs barəsində tutma tətbiq edilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində əvvəlcə özünü təqsirli bilməmiş, avtobusda və ictimai yerdə Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Çıxışında isə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Balakən rayonu Qazma kəndi 2 nömrəli tam orta məktəbinin 11-ci sinfində təhsil alır. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində məktəbdən çıxmış və evlərinə getmək üçün sərnişin avtobusuna minmişdir. Bu zaman İdris də avtobusa minmiş və əlindən məktəbli çantasını çəkərək ondan yerə düşməsini istəmişdir. Bunu görən avtobusdakı sərnişinlər İdrisdən ondan əl çəkməsini tələb etdikdə ona qarşı küçə söyüşü işlədərək avtobusdan düşmüşdür. Anası olanları eşitdiyi üçün bu barədə rayon Polis Şöbəsinə müraciət etmişlər. Şəxs bağışlamadığını, barəsində həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Bir neçə aydır ki, İdris məktəbdən çıxanda qızının arxasınca gəlir. Aysun ona bu barədə məlumat verdikdən sonra rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər və burada müvafiq araşdırma aparılaraq İdrisə etdiyi davranışa son qoyması ilə bağlı xəbərdarlıq edilmişdir. Ancaq bundan sonra da o, əməllərinə son qoymamışdır. Belə ki, təxminən 7-8 gün əvvəl o, sərxoş halda evlərinə gələrək həyat yoldaşı Natiq İbrahimovu söhbət etmək üçün küçəyə çağırmış, bundan sonra aralarında sözlü mübahisə yaranmışdır. Eyni zamanda həmin gün onun da ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2025-ci il tarixdə xəbər almışdır ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində Aysun təhsil aldığı Qazma kənd 2 nömrəli tam orta məktəbindən çıxmış və evlərinə gəlmək üçün sərnişin avtobusuna minmişdir. Bu zaman İdris də avtobusa minmiş və Aysunun əlindən məktəbli çantasını çəkərək ondan yerə düşməsini istəmişdir. Aysun onun bu istəyinə etiraz etdikdə İdris onun qolundan tutaraq dartmışdır. Bunu görən avtobusdakı sərnişinlər İdrisdən qızından əl çəkməsini tələb etdikdən sonra o, Aysuna qarşı küçə söyüşlərindən istifadə etmişdir. Şəxs barəsində həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, sərnişin avtobusunun sürücüsüdür. İdrislə tanışlığı yoxdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində Qazma kəndində Aysun və İdris onun avtobusuna minmişlər. İdris Aysunun əlindən məktəbli çantasını çəkərək ondan yerə düşməsini istəmişdir. Bu zaman o, İdrisə qızdan əl çəkməsini demiş, İdris ona qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məsiyev X10 Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli MN1669387 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. MN ******* nömrəli inzibati xəta haqqında protokol 08 yanvar 2025-ci il tarixdə tərtib olunsa da, baxılması üçün dərhal yox, 09 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs izahat verərkən əvvəlcə özünü təqsirli bilməməsini özünümüdafiə xarakteri daşıyan və məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi, 33.1.4-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən eyni xətanı bir il ərzində təkrar törətməsini və hazırki inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili X8, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. X7 Maisovna tərəfindən göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun («KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************) hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar