Məhkəmə qərarları › İş №3(019)-150/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-150/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-150/2021 01.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, zərərçəkmiş şəxslər X4 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, 05.09.1970-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, evli,işləməyən,əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən RPŞ-nin sahə rəisi, polis mayoru X17 tərəfindən Şəxs 26.08.2020-ci il tarixdə, saat 12.00 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fındıq bağında aralarında yaranmış mübahisə zamanı X13 və X5 döyərək onlara dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətləri yetirməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 31.05.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən rayonu Qazma kəndində həyat yoldaşı Elnarə Xəlilova, uşaqları Elcan, Əsiyyət, anası X19 ilə birlikdə yaşayır. X7 5-6 il əvvəl digər bacısı İradəyə məxsus torpaq sahəsini İradənin oğlu Royaldan almışdır. 2016-cı ildə isə Ceyhun öz sahəsinin hər tərəfinə tikanlı məftil çəkmişdir. İldə bir dəfə fındıq yığılan vaxt onlar gəlirlər. 2016-cı ildə Ceyhun sahənin kənarına sərhəd çəkdikləri zaman sərhəd orada olan kanaldan olsa da, Ceyhun onun sahəsinə tərəf 10 metr keçmiş, tikanlı məftil çəkmişdir. Həmin 10 metr yer 0.15 hektardır. Həmin sahəyə qardaşı Kamaldin də iddia edir. Vərəsəlik açdırmışdır. Bununla bağlı Balakən Rayon Məhkəməsində proses davam edir, ekspertiza təyin edilmişdir. Kamaldinin oğlu Elnuru atası vaxtilə övladlığa götürmüşdür. Elnur Rusiya Federasiyasında yaşayır. Həmin vaxt tikanlı məftildən hasar çəkilən zaman atası Ziyavəddinlə Ceyhun arasında narazılıq baş vermişdir. Həmin vaxtdan sonra isə onlar həmin sahədən istifadə edirlər. Lakin həmin sahə ona aiddir. 30.08.2020-ci il tarixdə, saat 12 radələrində Ceyhun bağa işçilər gətirib fındıq yığdıran zaman Bəsti də onlara kömək etmişdir. O, hasardan o tərəfə keçib Bəstiyə demişdir ki, kanaldan bu tərəfə keçməsinlər, həmin sahənin fındığını yığmasınlar. Lakin həmin vaxt Bəsti onunla mübahisə etməyə, qarğış etməyə başlamışdır. Digər fındıq yığan şəxslər sahədən çıxmış, onlar mübahisə edəndə uşaqları və həyat yoldaşı Elnarə də gəlmişdir. Həmin vaxt Ceyhun, daha sonra baçısı Gültaman və qardaşı qızı Rəvanə ilə birlikdə gəlmişlər. Onlar onun və həyat yoldaşı Elnarənin üzərinə hücum etmiş, Rəvanə və Bəsti Elnarənin bədəninin müxtəlif verlərinə vurmuşlar. Həmçinin qardaşının həyat yoldaşı Gültaman və bacısı Gültaman, bacısı oğİu Ceyhun onu döymüşlər. Onları ayırmağa çalışmış, Rəvanə onun paltarını cırmış, gəlini Gültamanı o, Elnarədən çətinliklə ayırmışdır. Gültaman yalandan yerə yıxılmış, Rəvanə polisə zəng etmiş, polis əməkdaşları, daha sonra təcili yardım maşını gəlmişdir. O və Elnarə kimsəni döyməmişdir. Qızı Əsiyyəti onlar, əsasən də Rəvanə döymək istədikdə, Elnarə Əsiyyəti onların əlindən almaq üçün onların yanına getmişdir. Rəvanə Əsiyyətin saçını yolmuşdur. Hadisəni Bağdagül, Fatma, Ədalət , Əntiqə adlı fındıq yığmaq üçün gələn şəxslər də görmüşdür. Barəsində olan hazırki işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 izahatında göstərdi ki, 26.08.2020-ci il tarixdə bibisi Gültaman Xəlilova ilə birlikdə bibisi oğlu Ceyhuna məxsus fındıq bağına fındıq yığmağa getdikdə görmüşdür ki, əmisi Abdullanın arvadı Elnarə digər bibisi Bəstini yerə yıxıb döyür. Bibisi oğlu Ceyhun onları ayırmaq üçün onlara tərəf qaçdıqda, Abdulla və Elnarə Ceyhunun üzərinə hücum etmiş, Elnarə Ceyhunun boynunu və sinəsini cırmaqlamışdır. O bibisi Gültamanla birlikdə onları Ceyhundan ayırmaq istədikdə, əmisi Abdulla onun boynundan tutub yerə yıxmış, sol dizinə təpik vurmuş, Elnarə isə yıxıldığı zaman onun üzərinə çıxaraq, onu döymüşdür. X3 və qızı Əsiyyət də onun üzərinə hücum etmişlər. Həmin vaxt anası X11 gələrək, onları ayırmağa çalışdıqda, Abdulla anasının qarnına təpik, başına yumruq zərbəsi vurmuş, anası huşunu itirib yerə yıxılmışdır. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 izahatında göstərdi ki, 26.08.2020-ci il tarixdə səs-kuy eşidib, fındıq bağı sahəsinə getdiyi zaman qızı Rəvanə Xəlilovanın qaynı Abdulla və onun arvadı Elnarə tərəfindən döyüldüyünü görərək, onları ayırmaq istədiyi zaman qaynı Abdulla onun qarnına təpik, başına yumruq vurmuş, həmin vaxt huşunu itirmiş, Balakən RMX-da ayılmışdır. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı İsa Yolçuyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X12, X6, X1, X13, X11, Şəxs və X8 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən RPŞ-nin İTB-yə və şikayətçilərə göndərilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, hazırki iş üzrə X12, X6, X1, X13, X11, Şəxs və X8 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 11 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Qanun normasının (İXM-nin 38.3-cü maddəsi) tələbinə əsasən Şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 11 sentyabr 2020-ci il tarixdən ən geci 3 ay müddətində (11 dekabr 2020-ci il tarixinədək) inzibati məsuliyyətə cəlb edilə və onun barəsində inzibati tənbeh tətbiq edilə bilərdi. Lakin iş materialları ilə müəyyən olunur ki, 11 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın qəbul edildiyi gündən 3 ay keçdikdən sonra-8 ay 17 gün sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qanunsuz və əsassız olaraq onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki qanuna görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. O da qeyd edilməlidir ki, qanun (İXM-nin 38.5-ci maddəsi) bir halda inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilmə müddətinin axımının dayanmasını təsbit edir. Bu da inzibati xəta törətmiş şəxsin qaçıb gizləndiyi təqdirdə, müddətin axımının dayanması halıdır. Lakin iş materiallarından görünür ki, hazırki işdə həmin hal, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qaçıb gizlənməsi və bununla da müddətin axımının dayanması halı mövcud olmamışdır. Ona görə hazırki işə İXM-nin 38.5-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Həm də qanunda göstərilməyən hər hansı hala görə iş üzrə icraatın dayandırılması hazırki işdə inzibati məsuliyyətə cəlb edilmə müddətinin axımının dayanması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9 hazırki inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə 23.12.2020-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz hesab olunur və hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının dayandırılması üçün əsas kimi qəbul olunmur. İnzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X22 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 38, 53, 105.1, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar