Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-151/2021 01.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1954-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, evli,təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən RPŞ-nin sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs 05.06.2020-ci il tarixdə, saat 14.00 radələrində Balakən rayonu Qazma kəndində yerləşən fındıq bağında aralarında yaranmış mübahisə zamanı X4 döyərək, ona sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 31.05.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 1990-cı ildə oğlu Elnur Xəlilovu atası Ziyavəddin övladlığa götürmüş, 2017-ci ildə atası vəfat etmişdir. X15 Federasiyasında olduğundan, onun verdiyi etibarnamə əsasında Elnurun miras torpağını götürmək üçün Balakən Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin olunmuşdur. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, 05.06.2020-ci il tarixdə Balakən Rayon Məhkəməsindən ona zəng edilərək, ölçmə işlərinin aparılması uçün günorta saatlarında mütəxəssislərin gələcəyi barədə məlumat verilmişdir. Qeyd edilən vaxtda torpaq sahəsinə getmiş, orada qardaşı Abdulla və onun həyat yoldaşı Elnarə, uşaqları, Balakən Rayon Məhkəməsinin Bəhruz adlı işçisi, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin mühəndisi, sürücüsü, bacısı İradə, onun oğlu Royal və qardaşı qızı Rəvanə iştirak etmişlər. Elnarə ona, oğlu Cavidə və onun digər ailə üzvlərinə ünvanlanan nalayiq ifadələr işlətmiş, ölçmə işlərinin aparılmasına imkan verməmişdir. Elnarə və Abdulla onlara ünvanlanan nalayiq ifadələr işlətməklə onların özlərinə xəsarət yetirməyə təhrik etmiş, bu yolla üstünlük qazanmağa çalışmışlar. Belə ki, məhkəmə qərarları onların əleyhinə olmuşdur. Qeyd edilən mübahisə təxminən 20 dəqiqə ərzində davam etmiş, Elnarə və Abdulla mütəxəssisin fəaliyyətinə imkan verməmiş, onlar tərəfindən bu barədə akt da tərtib olunmuşdur. Abdulla və həyat yoldaşı Elnarənin o və oğlu Cavid tərəfindən döyülməsi barədə qeyd edilənlər tamamilə yalan və böhtandır. Hadisə zamanı qardaşı qızı Rəvanə tərəfindən telefonun videokamerası vasitəsilə qeydə alınan görüntülərən ibarət disk də izahatına əlavə edilmişdir. Həmçinin qardaşı Abdulanın qızı Əsiyyət tərəfindən də hadisənin videosu çəkilmişdir. Elnarənin döyülməsi barədə qeyd etdikləri yalan və böhtandır. Elnarə yıxılıb xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında göstərdi ki, qaynatası Ziyavəddin qaynı Şəxs oğlu Elnur Xəlilovu vaxtilə övladlığa götürmüş, qaynatası vəfat etdikdən sonra Rusiya Federasiyasında yaşayan Elnur Xəlilov verdiyi etbarnamə əsasında Şəxs qaynatasından miras qalmış mülkdən pay tələb etmiş, bununla bağlı məhkəmədə iddia qaldırmış, Elnur Xəlilovun torpaq payı ona verilmişdir. Həmin torpaq sahəsinə gediş-gəliş üçün yol açılması barədə iddia qaldırılmış, Balakən Rayon Məhkəməsinin qərardadına əsasən yol verilməsinin mümkünlüyünün araşdırılması üçün məhkəmə-tikinti və toprpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 05.06.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi əməkdaşları əraziyə baxış keçirmək uçun gəlmişlər. Saat təxminən 14:30 radələri olmuş, həmin vaxt Kamal və Cavid onları həmin torpaq sahəsindən çıxaracaqlarını bildirib hədə-qorxu gəlmiş, onu əxlaqsızlıqda ittiham edərək böhtan xarakterli ifadələr işlətmişlər. Onlardan böhtan xarakterli ifadələrində qeyd etdiklərini sübut etməyi tələb etmiş, əks halda ölçü işlərinin aparılmasına imkan verməyəcəyini bildirmişdir. Kamal onun qarnına təpik, oğlu Cavid isə onun sağ ayağına və hər iki qoluna yumruq-təpiklə vurmuş, nəticədə hər iki qolunda, sağ ayağında, qarın nahiyəsində xəsarətlər yaranmışdır. İş üzrə qanuni qərarın verilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı İsa Yolçuyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.06.2020-ci il tarixli qərarından görünür ki, X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış HK-1-335 nömrəli materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən RPŞ-nin İTB-yə, X5 göndərilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, hazırki iş üzrə X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış NK-1-335 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 15 iyun 2020-ci il tarixdə qəbul edilmişdir. Qanun normasının (İXM-nin 38.3-cü maddəsi) tələbinə əsasən Şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 15 iyun 2020-ci il tarixdən ən geci 3 ay müddətində (15 sentyabr 2020-ci il tarixinədək) inzibati məsuliyyətə cəlb edilə və onun barəsində inzibati tənbeh tətbiq edilə bilərdi. Lakin iş materialları ilə müəyyən olunur ki, birinci dəfə 15 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 5 ay 22 gün sonra Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 07.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Balakən Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli, 3 (019)-385/2020 nömrəli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə tərtib olunmuş 07.12.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin sahə rəisi X6 geri qaytarılmış, 15 iyun 2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın qəbul edildiyi gündən 11 ay 15 gün sonra yenidən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qanunsuz və əsassız olaraq onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Halbuki qanuna görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. O da qeyd edilməlidir ki, qanun (İXM-nin 38.5-ci maddəsi) bir halda inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilmə müddətinin axımının dayanmasını təsbit edir. Bu da inzibati xəta törətmiş şəxsin qaçıb gizləndiyi təqdirdə, müddətin axımının dayanması halıdır. Lakin iş materiallarından görünür ki, hazırki işdə həmin hal, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qaçıb gizlənməsi və bununla da müddətin axımının dayanması halı mövcud olmamışdır. Ona görə hazırki işə İXM-nin 38.5-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Həm də qanunda göstərilməyən hər hansı hala görə iş üzrə icraatın dayandırılması hazırki işdə inzibati məsuliyyətə cəlb edilmə müddətinin axımının dayanması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 hazırki inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə 23.12.2020-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz hesab olunur və hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının dayandırılması üçün əsas kimi qəbul olunmur. İnzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X11 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X14 oğluna ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 38, 53, 105.1, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-151/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-151/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver