Məhkəmə qərarları › İş №3(019)-153/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-153/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-153/2023 10.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X3 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi X5, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Balakən şəhərində doğulmuş, orta təhsilli, subay, inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il günorta saatlarında çəkisi 3,65 qram olan narkotik vasitəqurudulmuş marixuananı şəxsi istehlak miqdarında üzərində saxlamışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli MN1665324 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2003-cü il tarixdə günorta saatlarında yaşadığı küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş, bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi-X17 təyin olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və həmin axtarış videokamera vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə çəkildikdə çəkisinin sellofan torba ilə birlikdə 3,82 qram olduğu müəyyən edilmiş, sonra isə həmin narkotik vasitə-qurudulmuş marixuana sellofan torba ilə birlikdə qablaşdırılaraq madi sübut kimi götürülmüşdür. O, üstündə aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini X1 10 manata almışdır. Ekspertiza rəyindən sonra onda aşkar olunmuş narkotik vaistə-qurudulmuş marixuananın təmiz çəkisinin 3,65 qram olması müəyyən edilmişdir. Həmçinin bildirir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18.40-da şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2023-cü il tarixdə saat 17.00-da azad edilmişdir. İnzibati xəta törətməsini etiraf edib bundan səmimi peşmançlıq hissi keçirir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X25 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şəxs üzərindən aşkar edilmiş kütlə…» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində «X4 üzərində aşkar edilmiş kütlə…» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 01 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Marixuananın çəkisi-3,65 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3,60 qram; b) Marixuananın tmiz çəkisi 7,64 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 7,59 qram. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqi X2 13 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan bu barədə cinayət işindən material ayrılaraq müvafiq tədbir görülməsi üçün Balakən RPŞ-nin İTB-yə göndərilmiş, Şəxs üzərindən aşkar edilmiş 3,65 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,60 qram maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 fevral 2023-cü il tarixdə saat 18.40-da şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2023-cü il tarixdə saat 17-də azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs 02 fevral 2023-cü il tarixdə günorta saatlarında 3,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında üstündə saxladığını səmimi olaraq etiraf etmiş və bu hal işdəki digər sübutlarla-sübutların qiymətləndirilməsi haqqında 13 mart 2023-cü il tarixli qərarla, 02 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolla, maddi sübutla, məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/139 nömrəi rəyi ilə və sair sübutlarla da təsdiqini tapmışdır. Ona görə də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan 400 manat məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyinəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri və qanunun analogiyası üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq ediliməklə Şəxs 02 fevral 2023-cü il tarixdə saat 18.40-da şübhəli şəxs qismində tutularaq 02 fevral 2023-cü il tarixdə saat 17-dək 2 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin olunmuş cərimə tənbehi yüngülləşdirilməlidir. Belə ki, hüquq münasibətlər və onlardan irəli gələn mübahisələrin həlli hüquq normaları ilə tənzimlənir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsində qeyd olunur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Yenə də həmin Qanunun 13.4-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi, qanun norması o cümlədən cinayət və inzibati xətalara dair qanunvericilikdə şəxsin məsuliyyətə cəlb olunması, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi halları istisna olunmaqla hüququn və qanunun analogiyasından istifadə olunmasına məhdudiyyət qoymur. Azərbaycan Respublikası İXMdə şəxsin həbsdə qalmasının ona təyin olununan cərimə tənbehini yüngülləşdirməsi və ya ondan azad olunması halı nəzərdə tutulmasa da, həbsdə qalma müddətinin inzibati cərimə cəzasını yüngülləşdirməsi və ya ondan azad etməsi məsələsi şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarını müəyyən etmədiyindən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5ci maddəsinə əsasən, hazırki işdə həmin məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi qanunun analogiyası üzrə tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadlan azad edir. Qanunun bu analogiyasının tətbiqi həmçinin beynəlxalq qanunvericiliyə əsasən inzibati xətaların, o cümlədən İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın bir sıra parametrlərinə görə cinayət ittihamı sayılmasından da irəli gəlir. Belə ki, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və 7-ci maddələrinə və bu maddələrin tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən bir çox hallarda inzibati xətalar da cinayət ittihamını özündə ehtva edir. Avropa Məhkəməsinin presedent praktikasında inzibati xətanın Avropa Konvensiyasının 6-cü və 7-ci maddələrində nəzərdə tutulmuş cinayət ittihamı anlayışını ehtiva edib-etməməsi üçün meyarlar göstərilmişdir. Belə ki, bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan 3 (üç) meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X6rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X20rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd). Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X14rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X6rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Avropa Məhkəməsi X9rşı və Meneşeva Rusiyaya qarşı işlərdə göstərmişdir ki, Rusiya və oxşar qanunvericilik sistemlərində inzibati sahəyə aid edilmiş hüquq pozuntuları əslində öz mənasına görə cinayət əməlləridir, lakin onlara cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi üçün az əhəmiyyətlidirlər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə qeyd edir ki, əslində Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Rusiya qanunvericilik sistemi bu sahədə oxşar xüsusiyyətlərə malikdir. Belə ki, Rusiya Federasiyasında olduğu kimi, Azərbaycan Respublikasınının qanunvericiliyində də inzibati xətalar və onlara görə inzibati tənbehin verilməsi ayrıca hüquq sahəsinə aid edilmişdir. Qanunvericilikdə inzibati xəta adlanan hüquq pozuntuları cinayət əməllərinə aid edilməmiş və onlara görə avtonom tənbeh növləri nəzərdə tutulmuşdur. Baxmayaraq ki, bir sıra inzibati xətaların sanksiyalarında yüksək məbləğdə cərimələr və həbslər nəzərdə tutulmuşdur ki, həmin cəzalar cinayət əməllərinə görə də nəzərdə tutulmuşdur və mahiyyətinə görə əslində cinayət cəzalarıdır. Azərbaycan Respublikasıının daxili qanunvericiliyində inzibati xətalar və cinayət əməlləri ayrıca hüquq sahələri kimi təsnifləşdirildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, 1-ci Engel meyarı hazırki işdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə ikinci və üçüncü Engel meyarlarını tətbiq etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, ikinci Engel meyarı, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktını və ona görə də onun ağırlıq dərəcəsinin yüksək olmasını göstərir. Üçüncü Engel meyarı isə hüquq pozuntusunun xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin oluna bilən və ya təyin olunmuş sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza olmasıdır. Bu meyarları hazırki işə tətbiq edən məhkəmə nəzərə çatdırır ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi haqqında inzibati xətanın Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində əks olunması narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədini dayışır. Bu məqsəd və maraq əslində cinayət hüququnun müdafiəsi sferasına aiddir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş hüquq norması xüsusi statusa malik olan şəxslərə deyil, bütün vətəndaşlara şamil olunur. Yəni bu qanunvericilik norması konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlmişdir. O cümlədən şəxsi istehlak istehlak miqdarında narkotiik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin İXM-də inzibati xəta kimi göstərilməsi heç də Avropa Konvensiyası nöqteyi-nəzərindən onun müstəqil olaraq «cinayət» əməli kimi hüquqi tövsif olunmasını aradan qaldırmır. Belə ki, «Ezex və X6rşı işdə deyildiyi kimi, X7 meyarlarına görə hüquq pozuntusunun xarakterinin cinayət ittihamı kimi müəyyən olunması üçün müəyyən ağırlıq dərəcəsinin mövcudluğunun mütləqliyi barədə heç nə deyilmir. Bundan başqa, o da qeyd edilməlidir ki, Zolotuxin Rusiyaya qarşı işdə olduğu kimi, hazrki işdə göstərilən inzibati xətanın məqsədi cəza və profilaktika olmuşdur ki, onlar da cinayət sanksiyasının tipik əlamətləridir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta 2-ci Engel meyarına görə, yəni qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı və onun ağırlıq dərəcəsinə görə cinayət ittihamı sayılmalıdır. İşdəki faktiki hallara hüquqi qiymət verən məhkəmə X9rşı, Engel və başqaları Niderlanda qarşı və Ezex və X6rşı məhkəmə presedentlərinə istinad edərək, həmçinin hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edildiyi inzibati xəta 3-cü Engel meyarına, yəni təyin oluna bilən sanksiyanın xarakterinə və ağırlığına görə «cinayət-hüquqi» cəza xarakteri daşıyır və bu əsasdan cinayət ittihamıdır. Bu zaman cəzanın ağırlığı İXM-nin həmin maddəsində nəzərdə tutulmuş maksimal potensial sanksiya ilə müəyyənləşdirilməlidir. Bu iş üzrə real cəzanın təyin edilə biləcəyii heç də həmin faktorun vacibliyini heçə endirməmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində maksimal sanksiya kimi 2 ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Bunlar Şəxs İXM-nin 206-cı maddəsilə məsuliyyətə cəlb edildiyi inzibati xətanın cinayət ittihamına bərabər sayılması üçün yetərli əsaslardır. Avropa Məhkəməsinin yuxarıda göstərilən presedentlərində qeyd edildiyi kimi, hüququn aliliyi prinsipinə sədaqətli olan cəmiyyətlərdə azadlıqdan məhrum etməni nəzərdə tutan sanksiya və azadlıqdan məhrum etmənin şəxsə qarşı real tətbiq olunduğu sanksiya mövcud prezumpsiyaya görə şəxsə verilən ittiham, bu inzibati xəta olsa belə cinayət ittihamı sayılır. Bu prezumpsiya yalnız o hallarda rədd edilə bilər ki, ittihamın xarakteri, davamlılığı və bu cəzanın icrası üsullarına görə bu azadlıqdan məhrum etmə şəxs üçün hiss olunacaq dərəcədə əzabverici olmasın. Ancaq işin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə bu istisna halları mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda sadalanan 2-ci və 3-cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq oluna bilən cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 6 və 7-ci maddələri, həmçinin həmin Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsi baxımından Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi cinayət xarakterlidir və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Ona görə də Şəxs barəsində Avropa Konvensiyasının 6 və 7-ci maddələri, həmçinin Enqel və başqaları Niderlanda qarşı iş qərarda və yuxarıda sadalanan sair işlər üzrə qərarlarda müəyyən olunmuş meyarlar və İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbləri əsasında onun 02 fevral 2023-cü il tarixdə saat 18.40-dan 04 fevral 2023-cü il tarixə saat 17-dək 2 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin olunan inzibati qaydada cərimə yüngülləşdirilməlidir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə əsasən (İ və V hissələr) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir; Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiasının əsas mətninə zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən (İ hissə) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən (İİİ hissə) Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanuna görə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikasının qanunları Konstitusiyaya, o cümlədən onun ayrılmaz hissəsi olan Konstitusiya qanunlarına zidd olduqda Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən Konstitusiya qanunlarının müddəaları tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarınada saxlanılan 3,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,60 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməli və bu inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X18 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X11 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat məbləğində inzibati qaydada cərimə edilsin; barəsində Avropa Konvensiyasının 6 və 7-ci maddələri və «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən analogiya üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə onun 02 fevral 2023-cü il tarixdə saat 18.40-dan 04 fevral 2023cü il tarixə saat 17-dək 2 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş inzibati cərimə yüngülləşdirilsin və onun üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarınada saxlanılan 3,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,60 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X11 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar