Məhkəmə qərarları › İş №3(019)-154/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-154/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-154/2021 02.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, tərcüməçi X1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Türkiyə Respublikasında anadan olmuş, orta təhsilli, evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Türkiyə Respublikası, Mersin şəhəri, Ağdeniz ilçesi, Sefket Sumer Mahallesi, küçə 5908, bina 038, dairə 01 ünvanında qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 25.05.2020-ci il tarixdə, saat 14.10 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda idarə etdiyi “Mersedes Benz” markalı, 33ADZ319/33AEM181 nömrə nişanlı yük nəqliyyat vasitəsinin sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 9 blok (90 qutu) “Marlboro edge” markalı tütün məmulatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Türkiyə Respublikası, Mersin şəhəri, Ağdeniz ilçesi, Sefket Sumer Mahallesi, küçə 5908, bina 038, dairə 01 ünvanında ailəsi ilə birlikdə yaşayır. On üç ildir ki, sürücü kimi çalışır və Türkiyə Respublikasından Gürcüstan və Azərbaycan Respublikasına müxtəlif yüklər daşıyır. Hazırda “Bayrı” nəqliyyat şirkətində sürücü işləyir, şirkətə məxsus “Mercedes-Benz” markalı, 33ADZ319/33AEM181 qeydiyyat nişanlı yük avtomobilini idarə edir. İdarə etdiyi avtomobilin 33AEM181 qeydiyyat nişanlı yüklə dolu qoşqusu gəmi ilə İtaliyadan Mersin səhərindəki limana gəlmiş və 22 may 2021-ci il tarixində qoşqunu qəmidən təhvil almışdır. Həmin gündə Azərbaycana gəlmək üçün yola çıxmışdır. Ölkədən çıxarkən Türkiyənin “Sarp” gömrük postundakı rüsumsuz ticarət dükanından doqquz bağlama “Marlboro edge” markalı siqaret almış və Gürcüstanın Azərbaycanla sərhəddinə 4-5 km qalmış siqaretləri sərnişin oturacağının altında gizləmişdir. 25 may 2021-ci il tarixində, saat 14:10 radələrində “Mazımçay" gömrük postuna çatmış, əvvəlcə sərhədçilər tərəfindən pasport qeydiyyatı aparılmış, daha sonra isə avtomobilin və malın qeydiyyatının aparılması üçün sənədləri gömrük əməkdaşına təqdim etmişdir. Gömrük əməkdaşı üzərində və maşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olubolmadığını soruşmuş, o isə qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra it vasitəsi ilə maşına baxış keçirilmiş və oturacağın altında gizlədilən 90 qutu “Marlboro edge” markalı siqaret aşkar olunmuşdur. Birinci dəfədir ki, gizlədərək gömrükdən mal keçirmək istəmişdir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. İnzibati materialda olan Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat İdarəsinin rəisi X5 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə yazdığı 25.05.2021-ci il tarixli raportdan görünür ki, 25.05.2021-ci il tarixdə Gürcüstan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün yük gətirən Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 33ADZ319/33AEM181 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Mazımcay” gömrük postunun idxal nəzarət xəttinə daxil olub, maşını talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmişdir. Sonra “Lyama” ləqəbli kinoloji xidmətin itini tətbiq etməklə Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 33ADZ319/33AEM181 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilməyə başlanıİmşdır. Baxış zamanı kinoloji xidmətin iti sərnişin oturacağına reaksiya vermişdir. Daha sonra sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilmiş 9 blok (90 qutu) “Marlboro edge” markalı tütün məmulatı aşkar olunmuşdur. 25.05.2021-ci il tarixdə “Mazımçay” gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes Benz” markalı, 33ADZ319/33AEM181 nömrə nişanlı yük nəqliyyat vasitəsinə Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay Gömrük Postunda baxış zamanı yük nəqliyyat vasitəsinin sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 9 blok (90 qutu) “Marlboro edge” markalı tütün məmulatının aşkar olunması 25.05.2021-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolda və 31.05.2021-ci il tarixli, 11000- 0718/21 №-li inzibati xəta haqqında protokolda və digər iş materiallarında öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən 27 may 2021-ci il tarixdə verilmiş 11000-0718/21 saylı iş üzrə 04-Ş nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş“Marlboro edge” markalı tütün məmulatının bir qutusunun orta bazar qiyməti təxminən 5,60 manat, 90 qutusunun qiyməti isə 504,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 27 may 2021-ci il tarixli,04-Ş nömrəli məktubundan görünür ki, iş üzrə ekspertiza dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1, 55.1.1 və 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X3, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük postunda saxlanılan 504 manat dəyərində 9 blok (90 qutu) “Marlboro edge” markalı siqaretlər müsadirə edilsin; iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar