Məhkəmə qərarları › İş №3(019)-154/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-154/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-154/2024 29.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC(VÖEN-**********) xx.xx.2023-cü il tarixdə **********9390 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 106000 ABŞ dolları olan 20000 kq dəyərində meşə fındığı yükünü Balakən Gömrü İdarəsində rəsmiləşdirərək Rusiya Respublikasının Belqorod vilayəti Starooskoy şəhərində qeydiyyatda olan “SLAVYANKA-SNAB” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 104669,7 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 1330,30 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN-**********) həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqında icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında göstərdi ki,hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) xx.xx.2023-cü il tarixdə **********9390 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 106000 ABŞ dolları olan 20000 kq dəyərində meşə fındığı yükünü Balakən Gömrük İdarəsinin X2 rəsmiləşdirərək Rusiya Respublikasının Belqorod vilayəti Starooskoy şəhərində qeydiyyatda olan “SLAVYANKA- SNAB” şirkəti ünvanına konsiqnasiya yolu ilə ixrac etmiş, ixrac olunan malların müqabilində 104669,7 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 1330,30 ABŞ dolları məbləğində valyutanın qanunla müəyyən edilmiş 180 gün müddətində geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN-**********) icraçı direktoru Nümayəndə1 izahatında göstərdi ki, o, xx.xx.1953-cü il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş və hazırda həmin kənd sakinidir. 2013-cü ildən Şəxs MMC-də icraçı direktor vəzifəsində çalışır. Müəssisənin əsas fəaliyyəti Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. 20 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Belqorod vilayəti, Starooskoy şəhərində qeydiyyatda olan “SLAVYANKA-SNAB” şirkəti ilə Şəxs MMC arasında AZS/LA-2022/1054-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən dəyəri 106000 ABŞ dolları olan 20000 kiloqram 11-13 mm diametr ölçülü fındıq ləpəsi yükü 19 avqust 2023-ci il tarixində **********9390 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və 99DR838/99ZA601 qeydiyyat nişanlı yük maşını ilə təyinat ölkəsinə yola salınmışdır. Göndərilən malın dəyərinin 104669,7 ABŞ dolları şirkətin "xxxx" ASC-nin Zaqatala filialındakı hesabına köçürülmüş, lakin qalan 1330,30 ABŞ dolları isə ödənilməmişdir. 1330,30 ABŞ dolları vəsaitin ödənilməməsinin səbəbi məhsulun quruması nəticəsində 142 kq əskikliyin gəlməsi olmuşdur. Bu barədə “SLAVYANKA- SNAB” şirkəti Ticarət-sənaye palatasının rəyini də göndərmiş,o da Gömrük idarəsinə təqdim etmişdir. Lakin onun təqdim etdiyi sənədlər nəzərə alınmamışdır. 1330,30 ABŞ dollarının ödənməməsi onun təqsirindən baş verməmişdir. Ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN- **********) 106000 ABŞ dolları olan 20000 kq fındlıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində 20 avqust 2023-cü il tarixdə **********9390 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 104669,7 ABŞ dolları məbləğində xarici valyutanı -1330,30 ABŞ dollarını geri qaytarmamışdır. İşdə olan 22 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, həmin tarixdə Balakən Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsi ilə bağlı xəbərdar edilmiş, vəsaitlərin bankda olan hesaba köçürülməsi üçün 30 gün qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021 -ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur Sözügedən Qərarının 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Buna müvafiq olaraq “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi səkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qovulmur. Qanunun “Əsas anlayışlar” hissəsində cari valyuta əməliyyatlarına malların, islərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləsdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər basa düşülür. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitlərinin malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur İşin hallarını, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində 1330.30 ABŞ dolları məbləğində valyuta vəsaitin şirkətin müvəkkil bankı olan "xxxx" ASCnin müvafiq hesabına köçürülməsinin təmin edilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki,hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 təqdim etdiyi Starooskoy ticarət -sənaye palatasının ********** nömrəli 25 avqust 2023-cü il tarixli ekspertiza aktı ilə bağlı qeyd edilməlidir ki, Gömrük İdarəsinə həmin sənədin kserosurəti təqdim edilmişdir, halbuki sənədin özündə qeyd edilmişdir ki, akt möhürün əsli olmadan (bez podlinnoy peçati) etibarlı deyildir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin-1330,30 ABŞ dollarının 30 faizi məbləğində-399,09 ABŞ dolları (678,45 manat) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar