Məhkəmə qərarları › İş №3(019)-157/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-157/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-157/2021 04.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonunun Kebeloba kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 01 iyun 2021-ci il tarixdə saat 23:45 radələrində Balakən rayonu Yeni Şərif kəndi ərazisində digər iki nəfərlə birlikdə ucadan nalayiq sözlər işlətməklə ictimai qaydanı pozmuş və həmin vaxt onu intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahid ifadələri və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Zaqatala rayonunun Kebeloba kəndində yaşayır. 01 iyun 2021-ci il tarixdə tanışları Qədirzadə Elgün və Ramiz Əhmədov ona zəng edərək ondan harada olduğunu soruşmuşlar. Kənddə olduğunu bildirmişdir. Bir müddət sonra onlar gəlib onu götürmüşlər və birlikdə Balakən rayonu Yeni Şərif kəndinə gəlmişlər. Ramiz həmin kənddəki tanışları ilə görüşmək istəmişdir. Ramiz gedib tanışları ilə görüşüb gəldikdən sonra birlikdə söhbət etmişlər. Həmin vaxt ucadan danışıb aradabir nalayiq sözlər işlətmişlər. B zaman onlara iki polis əməkdaşı yaxınlaşaraq nə etdiklərini soruşmuşlar. Onlar qonaq gəldiklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları onlardan səs salmamağı tələb etmişlər. Onlar isə yenə də ucadan danışmışlar, hətta polis əməkdaşları ilə də mübahisə etmişlər. Bundan sonra polis əməkdaşları onları Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-də sahə polis nəfəri vəzifəsində xidmət edir. 01 iyun 2021-ci il tarixdə saat 23:45 radələrində Balakən rayonu yeni Şərif kəndində xidmətdə olarkən kəndin ərazisində KİA markalı, **-HY-*** markalı minik avtomaşının dayandığını, maşının yanında üç nəfərin ucadan nalayiq ifadələr işlədib səs-küy saldıqlarını görmüşlər. Həmin şəxslərə yanaşıb özlərini təqdim edib səs-küy salmamalarını tələb etmişlər. Ancaq həmin şəxslər onların qanuni tələblərinə tabe olmayıb öz hərəkətlərini davam etdirmişlər, hətta onlarla da mübahisə etmişlər. Buna görə də həmin şəxsləri Balakən rayon polis Şöbəsinə gətirmişlər və tədbir görülməsinə göstəriş verməsi üçün Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2021-ci il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş, 03 iyun 2021-ci il tarixdə saat 22:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 iyun 2021-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuş və 03 iyun 2021-ci il tarixə saat 22:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı bir gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun 02 iyun 2021-ci il tarixdə saat 01:00-dan 03 iyun 2021-ci il tarixə saat 22:00-a kimi tutulub saxlandığı 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar