Məhkəmə qərarları › İş №3(019)-162/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-162/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-162/2021 16.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1970-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510cu və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 11 iyun 2021-ci il tarixdə saat 18-00 radələrində Balakən rayonu Mahamalar kəndində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, Balakən rayon Polis şöbəsinə gətirildikdən sonra da ucadan nalayiq sözlər işlətməkdə davam etmiş, eyni zamanda həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, Balakən rayonunun Mahamalar kəndində yaşayır. 11 iyun 2021-ci il tarixdə yaşadığı evdə 4 litrə qədər spirtli içki qəbul etmişdir. Sonra o, yaşadığı evdən küçəyə çıxmışdır. O, küçədə olarkən mağazada Ruqiyyət adlı qadını görmüşür. O, içkili olduğu üçün orada nə baş verdiyini bilməmiş və heç bir şey yadında qalmamışdır. O, sevgilisi olan, Göyçay rayonunda yaşayan İlhamə adlı qadın haqqında nalayiq sözlər işlətmişdir, lakin keçmiş baldızı Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 söyməmiş, həmin gün onları görməmişdir. İçkili olduğundan polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. İçkili olduğundan Balakən rayon Polis Şöbəsində polis əməkdaşları ilə də mübahisə etmişdir, lakin nə etdiklərini dəqiq xatırlamır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon PŞnin İTB-nin sahə rəisi Nümayəndə göstərdi ki, Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs2 şikayəti əsasında Şəxs 11.06.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs rayon Polis Şöbəsinə gətirilərkən sərxoş vəziyyətdə olmuşdur. Şəxs polis şöbəsində ucadan nalayiq sözlər işlətməkdə davam etmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır, Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibatiə xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində yaşayır. Şəxs Kamil oğlu onun xalasının keçmiş həyat yoldaşıdır. 11 iyun 2021-ci il tarixdə saat 18:30 radələrində anası Nailə ilə işlətdikləri Balakən rayonu Mahamalar kəndində yerləşən ərzaq mağazasına gedərkən Şəxs onların mağazalarının qarşısında sərxoş vəziyyətdə onun və anası Nailənin ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini, şəxsiyyətlərini alçaltdığını görmüşdür. Ətrafda çoxlu insanlar olmuş,o qorxusundan Mübarizə yaxılaşmamışdır, bu barədə Balakən rayon Polis Şöbəsinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Balakən rayon polis şöbəsinin əməkdaşları gəlmişdir. Şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı da hörmətsizlik etmişdir. Məhkəmə iclasında Xurtanova Nailə Şərabəddin qızı Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Balakən rayon Polis Şöbəsinin məsul növbətçisi X4 işdə olan izahatında göstərmişdir ki, 11 iyun 2021-ci il tarixdə Balakən Rayon PŞ-nin növbətçi hissəsində xidmətdə olan zaman polis əməkdaşları tərəfindən sərxoş halda bir nəfər şöbəyə gətirilmişdir. Həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən onun Mahamalar kənd sakini Şəxs olması müəyyən edilmişdir. Həmin şəxs Balakən rayon Polis Şöbəsinin inzibati binasına daxil olan andan etibarən uca səs ilə nalayiq söyüşlər söymüş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nalayiq söyüşləri söyməkdə davam etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kapitanı Samir Çeerçiyev tərəfindən tərtib olunmuş raportdan görünür ki, 11.06.2021-ci il tarixdə Balakən Rayon polis Şöbəsinin məsul növbətçisi olduğu müddətdə, saat 21:30 radələrində Balakən RPŞ-nin 5-18-65 xidməti telefona zəng edən Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs2 məlumat verərək bildirmişdir ki, xalasının yoldaşı Şəxs adlı şəxs onların işlətdiyi mağazaya gələrək ucadan nəlayiq söyüşlərlə onu və ailə üzvlərini təhqir etmişdir. Həmin məlumat əsasında İƏQ-nin üzvləri qeyd olunan ünvana getmiş, vətəndaş Şəxs Kamil oğlu RPŞ-nə dəvət olunaraq növbətçi hissəyə təhvil verilmişdir. Şəxs RPŞ-nə, o cümələdən növbətçi hissəyə daxil olan andan təxminən 1 saat ərzində ucadan nəlayiq söyüşlərə söyməyə başlamış, onu nizam intizama dəvət etsələrdə o, onların qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolda göstərilmişdir ki, Şəxs Kamil oğlu 11 iyun 2021-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, 12 iyun 2021-ci il tarixdə saat 12:00da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Kamil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs Kamil oğluna həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil oğlu 11 iyun 2021-ci il tarixdə saat 23 radələrində polis əməkdaşları tərəfindən tutularaq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və 12 iyun 2021-ci il tarixə saat 12:00-yə kimi tutulub saxlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı bir gün ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Onun tutulub saxlandığı 1(bir) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 16 iyun 2021-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar