Məhkəmə qərarları › İş №3(019)-167/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-167/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-167/2022 10.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qantayeva Rahilə Tamrazovnanın katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 aprel 2022-ci il tarixdə saat 09 radələrində Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində Maqamedova Cəmilət Ramazan qızına 1 dəfə sillə vurmuş, onu yerə yıxıb sürüyərək ona fiziki ağrı yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi,zərər çəkmiş və şahidin ifadəsi, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TBnin baş təhqiqatçısı, polis baş leytenantı Vasif Əliyevin raportu əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Meşəşambul kəndində yaşayan xx.xx.1979-cu il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 5 ildir ki, Balakən rayon Şərif kənd sakini X4 ilə qeyri-rəsmi evlənib birlikdə yaşayırlar.Təxminən 2-3 gün əvvəl Cəmilət ona deyərək Balakən rayonu Şərif kəndində yaşayan anasının evinə qonaq getmişdir. Cəmilə anası evində iki gün qaldıqdan sonra oradan çıxaraq Balakən rayonu Tülü kəndində yaşayan bacısı X2 yaşadığı evinə getmişdir.O, Cəmilətin bacısı evinə getdiyini eşitdiyində Cəmiləti geri evlərinə gətirmək üçün 25.04.2022-ci il tarixdə səhər saatlarında Tülü kəndinə Möminətin yaşadığı evə getmişdir.O, Tülü kəndində Möminətin yaşadığı evə çatanda Möminətin əri Elbrus və arvadı Cəmilətin orada olduğunu, lakin Möminətin özünün evdə olmadığını görmüşdür. Özü oraya çatanda Cəmilətə “burada nə işin var, bizim öz evimiz var, gəl evimizə gedək” demişdir.Həmin vaxt Cəmilət ona etiraz edərək onunla gəlmək istəmədiyini və onunla yaşamaq istəmədiyini bildirmişdir. Bu zaman o Cəmilətin qolundan tutaraq onu yol tərəfə gətirmək istədiyində Cəmilət onunla bir qədər irəli gəlmiş və sonra özünü yerə buraxmışdır. Daha sonra o hər iki əlini Cəmilətin çiyinlərinə qoyaraq ona “sən mənsiz burada xoşbəxtsənsə elə burada da qal” demiş, daha sonra Cəmilətin yenə də onunla gəlmək istəmədiyi görüb oradan çıxıb getmişdir.O,Cəmiləti evə aparmaq istəyəndə Elbrus həmin zaman onların yanlarında dayanmış və Elbrus həmin zaman heç nə etməmişdir. O, Cəmilətə vurmamışdır.Onun ürəyi xəstədir, daim müalicə olunmalıdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında göstərdi ki, təxminən 5 ilə yaxındır ki, Balakən rayon Meşəşambul kənd sakini Şəxs ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. O, bu ilin, yəni 2022-cı ilin aprel ayının 19-da Ramazanın yanından çıxaraq Balakən rayonu Şərif kəndində yaşayan anasının evinə gəlmişdir. O, həmin gündən anası ilə birlikdə yaşayır. Onun anasının evinə gəlməsinin səbəbi Ramazan ilə yola getməməsi, Ramazanın hər zaman onunla mübahisə etməsi, bəzən də onu döyməsi olmuşdur. O, 23.04.2022-ci il tarixdə Balakən rayon Tülü kəndində yaşayan bacısı X2 yaşadığı evinə qonaq getmişdir. O, bacısı Möminətin evində iki gün qalmış, 25.04.2022-cı il tarixdə səhər saatlarında bacısı evində olduğu zaman qeyri-rəsmi yaşadığı əri Ramazan oraya gəlmişdir. Ramazan bacısının yaşadığı evə gəldiyində evdə o və bacısı Möminətin əri Elbrus olmuşdur. Ramazan ora gəldikdə ona “səni aparmağa gəlmişəm,gəl gedək” demiş, o da Ramazana onunla getmək istəmədiyini və ümumiyyətcə onunla yaşamaq istəmədiyini bildirmişdir. Ramazan sonra onun üstünə qışqıraraq yenə “sənə gəl deyirəm" dediyində, o, Ramazana bır daha onunla getmək istəmədiyini demişdir. Ramazan bu zaman onun qolundan tutaraq və qolundan dartaraq yola tərəf aparmağa çalışmışdır.O,Ramazana etiraz edərək qışqırdığında Ramazan onun sifətindən bir dəfə şillə ilə vurdu və onu yerə yıxaraq yerdə sürümüşdür. Sonra onların yanında olan bacısının əri Elbrus Ramazan onu şillə ilə vurduğu üçün Ramazanı yola çıxarmışdır. Ramazan yola çıxdıqdan sonra oradan çıxıb getmişdir. Daha sonra o, bacısı Möminətə zəng vurmuş və o evə gəlmişdir. Möminət evə gəldikdə o, olanları ona danışmış və Möminət də 102 xidmətinə zəng vuraraq Ramazanın onu döyməsi barədə məlumat vermişdir.O,Şəxs şikayətçidir. Şəxs xəstə olsa da onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, Balakən rayon Tülü kəndində əri X7 və üç az yaşlı övladları ilə birlikdə yaşayır. X4 bacısıdır. Bacısı Cəmilət 5 ilə yaxındır ki, Balakən rayon Meşəşambul kənd sakini Ramazan adlı şəxs ilə qeyri rəsmi yaşayır. Cəmilətin qeyri rəsmi yaşadığı Ramazan hər zaman Cəmilət ilə sözsöhbət yaradaraq onu döymüşdür.Bu səbəbdən Cəmilət bir-neçə gün əvvəl ər evindən çıxaraq Balakən rayon Şərif kəndində yaşayan anası evinə getmiş və orada yaşamağa başlamışdır. Cəmilət 23.04.2022-ci il tarixdə onun yaşadığı evə qonaq gəlmiş və hadisə Cəmilət onun evində olarkən baş vermişdir. O, 25.04.2022-ci il tarixdə həmin yaşlı qadına baxmaq üçün getdiyində səhər saatlarında bacısı ona zəng vuraraq qeyri rəsmi yaşadığı Ramazanın onlara gələrək onu evə aparmaq istədiyini, özü getmədiyinə görə şillə ilə onu vurduğunu ona bildirmişdir.Bu zaman o, dərhal evə qayıtmış və evə qayıdanda əri Elbrus və bacısı Cəmilət olanları ona danışdıqdan sonra o, 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. İşdə olan və məhkəmə iclasında təqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X11 Hüquqi Şəxs tərəfindən verilmiş 27.04.2022-ci il tarixli 90 nömrəli rəyində göstərilmişdir ki, Maqamedovada müəyyən edilmiş xəsarətlər-sağ dizin ön səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 25.04.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla toplanılmış materialda cinayət hadisəsi olmadığından HK-1-256 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələləsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini,xəstə olmasını,törədilmiş xətanın xarakterini,məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar