Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-171/2025 05.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6, müdafiəçisi Balakən Rayon Vəkil Bürosunun vəkili X7 və qərarından şikayət verilən vəzifəli şəxs Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X2 iştirakları ilə, X6 barəsində Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X12 şikayətlə məhkəməyə müraciət edərək Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X12 şikayəti onunla əsaslandırmışdır ki, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri xx.xx.2025-ci il tarixdə rəhbəri olduğu Balakən rayon Gərəkli kənd tam orta məktəbinə gələrək yoxlama aparmış və akt tərtib etmişlər. Aktda məktəbin görünən yerdə tütün çəkmək qadağandır lövhəsinin asılması və digər nöqsanlar aradan qaldırılması üçün vaxt verilmişdir. Buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmişdir, onun xəbəri olmadan. 14 aprel 2025-ci il tarixdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsini icra edən X4 400 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 14 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X14 tərəfində Balakən Rayon Məhkəməsinə ünvanlanmış vəsatətdən görünür ki, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Elnarə Mustafayeva tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" qərarın ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Elnarə Mustafayevanın Azərbaycan Respublikası İXM-in 596.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X12 şikayətdə göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, protokol aprelin 7-si yox, 8-i tərtib edilmişdir, 8-i məktəbdə görünən yerdə tütün çəkmək qadağandır lövhəsi asılmışdır. Protokol yazılarkən və qərar qəbul edilərkən iştirak etməmişdir, ona məlumat verilməmişdir. Ondan protokol tərtib edilməsi üçün şəxsiyyət vəsiqəsini tələb etməmişlər. Protokolla razı olmadığı üçün mərkəzə getməmişdir. Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X2 belə qərar qəbul etmək səlahiyyəti yoxdur. Şikayətin təmin olunması və inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən vəzifəli şəxs Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 izahatında bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, aprelin 7-si məktəbdə müayinə aparılmış, bir neçə nöqsan aşkar edilmiş, onlardan biri də məktəbin görünən yerində tütün çəkmək qadağandır lövhəsinin asılmaması olmuşdur. Akt tərtib edildikdən sonra protokol tərtib edilməsi üçün ondan şəxsiyyət vəsiqəsi tələb olunmuşdur, lakin Şamil Behalov şəxsiyyətini təsdiq edən sənədi verməkdən imtina etmişdir. Həmin gün şəxsiyyət vəsiqəsi təqdim olunmadığından polis idarəsinə, nümayəndəliyə şəxsiyyət vəsiqəsi məlumatlarının əldə edilməsi üçün müraciət etmişdir. Direktor sonradan vəsiqəsini itirdiyini demişdir. Nəhayət təhsil şöbəsindən məlumatları əldə etmişdir. Buna görə protokol bir gün sonra aprelin 8-də mərkəzdə tərtib edilmişdir və protokolun surəti məktəbin direktor müavini Şahid2 direktor X8 təqdim olunması üçün verilmişdir. İşə baxılmasının vaxtı barədə bildiriş də mərkəzin işçiləri tərəfindən məktəbə göndərilmiş, lakin direktor bildiriş üzrə müəssisəyə dəvət edilməsinə baxmayaraq gəlməmişdir. Buna görə də qərar iştirakı olmadan qəbul edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdir ki, o, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzində köməkçi vəzifəsini icra edir. O və Elnarə Mustafayeva 7 apreldə məktəbə daxil olarkən nə giriş qapısında, nə də ki hər hansı divarda tütün çəkmək qadağandır işarəsi olan lövhə asılmamışdır. Bu barədə direktora bildirdikdə isə o, əksinə laqeyd münasibət göstərək telefonla tanıdığı birinə zəng edib “sanapet gəlib, sizin üstünüzə göndərimmi?” kimi ifadələr işlətmişdir. Ondan protokol tərtib olunması üçün şəxsiyyət vəsiqəsi tələb olunduqda isə üstündə olmadığını bildirmişdir. Protokol və bildiriş direktora çatdırılması üçün müavinə təqdim edilmişdir. Məhkəmə iclasında Şahid2 izahat verərək bildirmişdir ki, o, məktəbdə direktor müavini vəzifəsini icra edir, Elnarə Mustafayeva və köməkçisi məktəbə gələrkən divarda tütün çəkmək qadağdır işarəsi olan lövhənin asılmamışdır, seçkilər zamanı həmin lövhələr çıxarılmış, daha sonra geri asılmalı olmasını unutmuşlar. Lakin Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri gələn zaman buna irad bildirdiklərində dərhal həmin lövhələr geri asılmışdır. Yoxlama aparılan zaman direktoru sakitləşdirməyə çalışmışdır. Elnarə xanımın protokol tərtib edilməsi üçün direktordan şəxsiyyət vəsiqəsini istəyib-istəməməsini dəqiq xatırlamır. Protokol və bildirişi direktora təqdim etmək üçün mərkəzin işçilərindən qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 direktoru olduğu Balakən rayonu Gərəkli kənd tam orta məktəbində görünən yerdə və digər yerlərdə tütün çəkmək qadağandır yazısı və ya işarəsinin olmaması müəyyən edilmişdir. Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, X12 Azərbaycan Respublikası İXM-in 212.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş sanitar müayinə aktından görünür ki, Gərəkli kənd tam orta məktəbinin görünən yerində tütün çəkmək qadağandır lövhəsinin asılmaması aşkar edilmişdir və göstərilən nöqsanların aradan qaldırılması üçün vaxt verilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 və Balakən rayon GEM-də köməkçi Şahid1 M.Müşfiq adına Gərəkli tam orta məktəbində sanitar müayinə, epidemioloji araşdırma apararkən, onlarla bərabər iştirak edən M.Müşfiq adına Gərəkli tam orta məktəbinin direktoru X13, M.Müşfiq adına Gərəkli tam orta məktəbinin təlim-tərbiyəsi işləri üzrə müavini X10 ilə yoxlama işi aparmışlar. Akt tərtib olunmuş, lakin protokola imza edilməkdən imtina olunmuşdur. Akt Gərəkli tam orta məktəbinin direktoru X13 tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli 265 nömrəli Meşəşambul kənd İƏD üzrə nümayəndəsinə ünvanlanmış məktubdan görünür ki, Qazbölük kənd sakini X6 şəxsiyyət vəsiqəsi məlumatlarını Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi xahiş olunmuşdur. İnzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2025-ci il tarixində saat 14:00-da ünvan 3 ünvanına Gigiyena və Epidemiologiya Mərkəzinə dəvət olunmuşdur. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatını, şikayəti, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır: 10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində; 10.2-ci maddəsinə əsasən mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 1. hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlara malikdir: 1) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin yerinə yetirilməsini, sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görülməsini, qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsini yoxlamaq məqsədilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq qida zənciri obyektləri istisna olmaqla müəssisələrə, təşkilatlara və idarələrə maneəsiz gedib (müəyyən edilmiş nümunəli xidməti vəsiqəsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən həmçinin yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) yoxlama aparmaq, vətəndaşların yaşayış şəraitini, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin iş şəraitini yoxlamaq və sanitariya normaları və qaydaları, gigiyena normativləri pozuntularını aradan qaldırmağı onlardan tələb etmək; “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.7-ci bəndinə əsasan həmin Məcəllənin 212.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır; “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanının 5-ci bəndinə əsasan bu Fərmanla təsdiq edilən Siyahının 1ci hissəsində nəzərdə tutulmuş mərkəzi və yerli icra hakimiyyəti orqanları həmin hissədə göstərilən vəzifələrə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarını iki ay müddətində təsdiq edib öz internet səhifələrində yerləşdirmələri qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 31 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahısı”nın 2-ci bəndinə əsasən Məcəllənin 211, 212.2 (inzibati icraata Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən başlandığı halda), 216, 217, 218, 219, 220 və 265-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə: - Azərbaycan Respublikasının səhiyyə naziri; - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavinləri; - Aparatın rəhbəri, onun müavini; - Sanitariya-epdidemioloji nəzarəti sektorunun müdiri; - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, onun müavinləri, yerli bölmələrin direktoru və müavinləri tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, direktor X1 tam orta məktəbində görünən yerlərdə “tütün çəkmək qadağandır” işarəsinin asılmasını təmin etməmişdir. Məhkəmə hesab edir ki, X6 inzibati tənbeh vermə haqqında qərarın ləğvi əsası kimi irəli sürdüyü – protokolun bir gün sonra yazılması, şəxsiyyət vəsiqəsinin ondan tələb olunmaması və protokolu yazmağa hüququ olmayan şəxs tərəfindən yazılması kimi dəlilləri əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi 07 aprel 2025-ci tarixdə inzibati xəta aşkar olunaraq akt tərtib olunmuşdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən protokol 08 aprel tarixində tərtib olunmuşdur. Onun 07 aprel tarixində protokol tərtib olunması üçün şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etməsi Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X2, Şahid1 izahatı ilə öz təsdiqini tapmış, digər şahid məktəbin direktor müavini Şahid2 isə bu faktı təkzib etməmiş, xatırlamadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və X13 tərəfindən imzalanmış aktdan da göründüyü kimi protokola imza etməkdən imtina etmişdir. Həmçinin Şahid2 inzibati xəta haqqında protokol və bildirişi direktora təqdim etmək üçün mərkəzin işçilərindən qəbul etdiyini bildirmişdir. Göründüyü kimi X6 protokoldan və qərardan məlumatının olmaması həqiqəti əks etdirmir. Buna görə məhkəmə onun izahatını özünümüdafiə xarakteri daşıyan və inzibati məsuliyyətdən azad olunmaq üçün irəli sürülmüş izahat kimi qiymətləndirir. Həmçinin yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X2 İXM-in 212.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti vardır. Odur ki, X6 Elnarə Mustafayevanın Azərbaycan Respublikası İXM-in 596.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə vəsatəti əsassızdır. Beləliklə, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X6 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X6 şikayəti təmin edilməsin. Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-171/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-171/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver