Məhkəmə qərarları › İş №3(019)-177/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-177/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-177/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Nümayəndə1, zərərçəkmiş şəxs X7 nümayəndəsi Nümayəndə2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili- Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə1 tərəfindən Şəxs barəsində Şəxs 29.01.2021-ci il tarixdə, saat 10.30 radələrində Balakən rayon DYMH-nin inzibati binasında Vüqar Şirinovun və digər əməkdaşların ünvanlarına nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozması əsası ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında 23 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, oğlu Elmir Rəsulov 2017-ci il tarixdən Fövqəladə Hallar Nazirliyi DYMX-nin Balakən rayon DYMH-də yanğın söndürən vəzifəsində işləyir. Oğlunun neçə il həmin idarədə yanğın söndürən vəzifəsində işlədiyinə görə onun vəzifəsini baş yanğın söndürən vəzifəsinə keçirtmək istəmişdir. Bu məqsədlə də 2021-ci ilin fevral ayının əvvəllərində oğlunun işlədiyi Balakən rayon DYMH-nə getmişdir. Orada qapıda duran mühafizəçiyə rəislə görüşmək istədiyini bildirmişdir. Mühafizəçi də telefon vasitəsi ilə rəsilə danışmış və rəis onu qəbul etmişdir. Bundan sonra o, Vüqar Şirinovun xidməti otağına getmiş və otağında görüşmüşdür. Həmin vaxtı o, X8 baş yanğın söndürən vəzifəsinə keçirməsini, həm də ki, dərəcə verməsini xahiş etmişdir. Bu zaman Vüqar Şirinov ona yüksək səslə "mən baş yanğın söndürən keçirənəmmi, dərəcə verənəmmi?" deyərək, onunla kobud danışmağa başlamışdır. Həmçinin yüksək səslə ona kabinetindən çıxmağını bildirmişdir. O da həmin vaxtı Vüqar Şirinova "bura dövlətin idarəsidir, kimsən ki məni qovmağa" deyərək, kabinetdən çıxmışdır. Daha sonra isə oradan çıxıb getmişdir. Vüqar Şirinovun onun barəsində dedikləri yalandır, həmçinin ona hədə-qorxu gəlməmiş və təhqir etməmişdir. O, İİ qrup əlildir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 nümayəndəsi Nümayəndə2 göstərdi ki, 29.01.2021-ci il tarixdə X14 xidmətdə olduğu zaman saat 10:30 radələrində hissənin buraxılış məntəqəsindən məruzə olunaraq 57 nömrəli yanğından mühafizə bölməsinin əməkdaşı Rəsulov Elmirin atası Şəxs gəldiyi və onunla görüşmək istədiyi bildirilmişdir. X14 da Qüdrəti qəbul etmişdir. Bundan sonra Şəxs onun otağına gəlmiş və onun üstünə hücum çəkərək "sən mənim telefonuma niyə cavab vermirsən, nə istəyirsən mənim oğlumdan, niyə oğluma böyük yanğın söndürən vəzifəsi vermirsən" deyə səs-küy salmış, hissənin iş ahəngini pozmuşdur. Həmçinin ona hədə-qorxu gələrək, başına oyun açacağını, məhv edəcəyini deyərək, ölümlə hədələmişdir. Həmin vaxt X2 Nazirliyin və X11 xidmətinin müvafiq əmr və göstərişlərini izah etmək istədikdə, yenidən həm ona həm də hissənin əməkdaşlarına söyüş söyməklə təhqir etmiş, həmçinin də şantaj xarakterli ifadələr işlətmişdir. Həmçinin bildirmişdir ki, Şəxs oğlu X16 rayon X11 Hissəsinin 57 nömrəli Yanğından Mühafizə bölməsində yanğınsöndürən vəzifəsində 2017-ci ildən işləyir. İşlədiyi müddətdə dəfələrlə xidmətin əmr ilə göstərişlərini pozmuş və qeyri-etik davranışlar etmişdir. Buna görə onun tərəfindən pozuntulara görə tədbir görmək istədikdə, dəfələrlə atası Şəxs xahiş etmişdir ki, tədbir görülməsin, bir də belə hal baş verməyəcəkdir. Lakin tərəflərindən Rəsulov Elmirlə söhbətlər aparılmasına baxmayaraq, heç bir müsbət irəliləyiş olmamışdır. Hal-hazırda da X4 xidmətdəki qanun pozuntuları ilə bağlı X11 Xidmətində araşdırma aparılır. Rəsulov X5 Vüqar Fazil oğluna xəsarət yetirməmiş və hər hansısa əmlaka zərər vurmamışdır. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X10 izahatlarında Şəxs 29.01.2021-ci il tarixdə, saat 10.30 radələrində Balakən rayon DYMH-nin inzibati binasında X7 və digər əməkdaşların ünvanlarına nalayiq ifadələr işlədərək, idarənin iş ahəngini və ictimai qaydanı pozduğunu bildirmişlər. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 aprel 2021-ci il tarixli qərarından görünür ki, FHN DYMX-nin Balakən rayon DYMH-nin rəisi X19 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-yə və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır.. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş 145049 nömrəli vəsiqədən görünür ki, Şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X3 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İşdəki sübutlardan görünür ki, Rəsulov X6 rayon DYMH-nin inzibati binasında Vüqar Şirinovun və digər əməkdaşların ünvanlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bu hərəkəti xırda xuliqanlıq niyyəti ilə qəsdən törətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İİ qrup əlil olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, İİ qrup əlil olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar